Qarabağ döyüşçüsü hərbi rütbəsindən qanunsuz məhrum edilib - PROBLEM
Etibar Həsənov müharibə veteranı adını da ala bilmir
24 Dekabr 2012 14:35 ProblemDağlıq Qarabağ uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən müharibə veteranı qanunsuz olaraq hərbi rütbəsindən məhrum edilib. Müharibə iştirakçısı hazırda bu səbəbsiz qərara görə veteran vəsiqəsini də ala bilmir. Bu barədə redaksiyamıza müharibə veteranı Etibar Həsənov müraciət edib. Şikayətçi bildirir ki, 1992-ci il aprelin 6-da keçmiş SSRİ-də hərbi xidmətini başa vurub Azərbaycana qayıdıb. 1993-cü il aprelin 8-də ehtiyatdan hərbi xidmətə çağırılıb və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri ilə ona kiçik gizir hərbi rütbəsi verilib və "N" saylı hərbi hissədə xidmətə başlayıb. Xidmətə başladığı gündən Etibar Həsənov hərbi hissənin motoatıcı bölüyünün baş texniki vəzifəsinə təyin edilib. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib və ermənilərin bir neçə canlı qüvvəsini, zirehli texnikasını məhv edib. 1994-cü ilin noyabr ayında prezidentin sərəncamına uyğun olaraq ordu sıralarından tərxis olunub. Etibar Həsənovun ordudan tərxis olunmasına səbəb Etibarın qardaşı ilə birlikdə cəbhə xəttində xidmət etməsi olub. Prezidentin qərarına görə, bir ailədən iki nəfər cəbhə bölgəsində xidmət etdiyi halda onlardan biri ordudan tərxis olunmalı imiş. Elə həmin qərar əsasında da Etibar Həsənov ordudan kiçik gizir hərbi rütbəsilə hərbi xidmətini başa vurub.
Qanunsuz əmrin səbəbləri gizlədilir
Etibar Həsənov deyir ki, bir müddətdən sonra məlum olub ki, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun əmri ilə Etibar Həsənov kiçik gizir hərbi rütbəsindən məhrum edilib. Amma onun hansı əsasla hərbi rütbədən məhrum edilməsinin səbəbləri açıqlanmayıb. Məsələ ilə bağlı məlumat alan Etibar Həsənov bu barədə Müdafiə Nazirliyinə müraciət edib və rütbəsinin alınmasının səbəblərini öyrənmək istəyib. Amma nazirlikdən bu barədə ona heç bir açıqlama verilməyib. Bildirilib ki, Nəcməddin Sadıqovun qərarının hansı əsasla verilməsi barədə açıqlama verilmir.
Çarəsiz qalan müharbə iştirakçısı məsələ ilə bağlı məhkəməyə müraciət edib pozulmuş hüquqlarının müdafiəsini və rütbədən məhrum olmasının səbəblərinin araşdırılmasını istəyib. Amma, məhkəmə də döyüşçünün hüquqlarını bərpa edə bilməyib.
Etibar Həsənov deyir ki, o bununla bağlı Səbail rayon məhkəməsinə müraciət etsə də, məhkəmə onun iddiasını rədd edib. Məhkəmə işi araşdırsa da, Müdafiə Nazirliyindən həmin qərarın səbəbi barədə açıqlama ala bilməyib. Müdafiə Nazirliyi yalnız Etibar Həsənovun hərbi rütbədən məhrum edilməsi barədə qərarı məhkəməyə göndərməklə kifayətlənib. Qərarda döyüşçünün hansı səbəbə rütbədən məhrum edilməsi isə göstərilməyib. İddiaçı məhkəmədən qərarın səbəbini tələb etsə də, səbəb nə məhkəməyə, nə də döyüşçüyə deyilməyib.
Məhkəmə Müdafiə Nazirliyinə bata bilmir
Məhkəmədə Etibar Həsənovun prezidentin sərəncamına uyğun olaraq ailə vəziyyətinə görə ehtiyata tərxis olunması təsdiqlənsə də, Müdafiə Nazirliyi həmin sərəncamı da məhkəməyə təqdim etməyib. Etibar Həsənov tərxis olunması barədə Müdafiə Nazirliyinin arxivindən aldığı 17. 05. 1994-cü il tarixli 3\4-2312 saylı sərəncamdan çıxarışı məhkəməyə təqdim edib. Sərəncamda göstərilib ki, Etibar Həsənov həqiqətən də ailə vəziyyəti ilə əlaqədar ordudan tərxius olunub. Amma məhkəmə həmin sənədin əslini Müdafiə Nazirliyindən ala bilmədiyi üçün sərəncamdan çıxarışı sübut kimi qəbul etməyib. Müdafiə Nazirliyi isə bu sənədin əslini məhkəməyə təqdim etməyib və Müdafiə Nazirliyinin arxivində belə bir sənədin olmadığını iddia edib. Məlum olub ki, Etibar Həsənovun hərbi rütbəsi qanunsuz olaraq alınıb. Müdafiə Nazirliyi məhkəməyə yalnız Etibar Həsənova kiçik gizir hərbi rütbəsinin verilməsi və onun bu rütbədən məhrum edilməsi barədə əmrdən çıxarışları təqdim etməklə kifayətlənib. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun əmrlərində göstərilib ki, Etibar Həsənova 08 aprel 1993-cü ildə kiçik gizir hərbi rütbəsi verilib və 22 mart 1995-ci il tarixli əmrlə bu rütbədən məhrum edilib. Amma Nəcməddin Sadıqov döyüşçünü hansı səbəblə rütbədən azad edib, o səbəb göstərilməyib.
Etibar Həsənov bildirir ki, o xidmət etdiyi müddətdə göstərdiyi igidliyə görə müxtəlif mükafatlar alıb. Ən əsası isə o, ümummilli lider, sabiq prezident Heydər Əliyevin göstərişi ilə mənzil də alıb. Ümummilli liderin mənzil verdiyi döyüşçü Nəcməddin Sadıqov tərəfindən hərbi rütbəsindən azad edilib. Döyüşçü məsələ ilə bağlı bütün aidiyyətri qurumlara müraciət edərək pozulmuş hüquqlarının bərpasını istəsə də, nə Müdafiə Nazirliyi, nə də digər aidiyyəti qurumlar onun şikayətlərini rədd edir. Nəticədə Qarabağ döyüşçüsü nəinki hərbi rütbəsini bərpa edə bili, hətta qanunsuz əmr onun müharibə veteranı olmasının da təsdiqlənməsinə mane olur. Hazırda Etibar Həsənov Qarabağ veteranı vəsiqəsini də ala bilmir. Əlacsız qalan müharibə veteranı məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
Samir Əli