Bakının mərkəzində evlər niyə qızmır?

Day.Az saytının redaksiyasına Ayaz Abbasov tərəfindən məktub göndərilib. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, məktubda belə deyilir:
"Biz Bakının mərkəzində, Azərbaycan prospekti bina 23-də yaşayırıq. Soyuqlar başlayandan bəri bizim evimiz lazım olan səviyyədə qızmır. Ev o qədər soyuqdur ki, gödəkcədə və paltoda gəzirik. Bizim binada xalq artistləri, əməkdar incəsənət xadimləri və ziyalılar yaşayırlar. Xahiş edirik kömək edəsiniz".
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azəristiliktəchizat" ASC-nin 14 saylı Yasamal idarəsi ilə əlaqə saxlayıb. İdarənin əməkdaşı Rəhim Həsənli belə deyib:
"Azərbaycan prospektindəki 23 saylı bina lazımi səviyyədə qızır. Binaya gedən su 68-69 dərəcə qızdırılır. Əgər hansısa mənzillərdə temperatur lazımi səviyyədə deyilsə, bu, artıq bizim günahımız deyil. Binaların yoxlanması zamanı dəfələrlə belə faktlarla rastlaşmışıq ki, mənzildaxili sistem düzgün quraşdırılmayıb. Həmin oxucu (012) 495-25-18 nömrəsiə zəng vursun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31