Kəskin soyuqlar zəlzələdən zərər çəkənləri çətin vəziyyətə saldı VIDEO

Qaxın Güllük kəndinin sakinləri üçün quraşdırılan çadırlar yığışdırılıb

Havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar zəlzələ vaxtı evlərini itirən Qaxın Güllük kəndinin sakinləri üçün quraşdırılan çadırlar yığışdırılıb. Onlar üçün inşa olunan evlər isə hələ hazır olmadığından ANS-in bölgə müxbiri bu soyuq günlərdə Güllük kəndinin sakinlərinin vəziyyəti ilə maraqlanıb.

Tikintini həyata keçirən şirkət nümayəndələrindən birinin verdiyi məlumata görə, havanın əlverişsiz keçməsi tikililərin vaxtında təhvil verilməməsinə səbəb ola bilər. Qeyd edək ki, zəlzələnin episentrinə yaxın olan Qax rayonunun Güllük kəndində yeraltı təkanlar zamanı 202 ev qəzalı vəziyyətə düşüb. Əksər evlər tikilərək təhvil verilsə də, 103 ailə hələ də müvəqqəti sığınacaqlarda məskunlaşıb. Havanın soyuması və yağmurlu keçməsi isə sakinlər üçün çətinliklər yaradıb.

Güllük kənd bələdiyyəsinin sədri İlqar Məmmədov da qış aylarında sakinlərin çadrlarda yaşamasının mümkün olmadığını bildirdi. Məhz bu səbəbdən də evlərinin inşası davam edən sakinlər sığınacaq xarakterli müvəqqəti tikililərə yerləşdirilib. "Hal-hazırda kənddə 207 ev tikilir. Evlərin hamısının dam örtüyü vurulmuşdur. Həmin evlərdən 164-ü tam hazır vəziyyətdədir və ailələr mənzillərinə köçürülüb. 40-a yaxın evdə son tamamlana işləri aparılır. Bu evlərin ilin axırına kimi təhvil veriləcəyi nəzərdə tutulub".

Qax rayon Fövqəladə Hallar Komissiyasının sədri Tahir İsmayılovdan aldığımız məlumata görə, may ayında baş verən zəlzələ zamanı rayonda 3094 evə müxtəlif dərəcəli ziyan dəyib. Komissiyanın rəyindən sonra isə bu evlərdən 323-nün sökülərək yenidən tikilməsinə qərar verilib. Bu günə qədər 220 evin inşa edilərək sakinlərə təhvil verildiyini deyən komissiya sədri hava şəraitinin tikintini davam etdirməyə imkan vermədiyini də bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31