Yenidən yağan qar Gədəbəy, Qazax, Ağstafa, Şəki yollarını iflic edib
18 Dekabr 2012 16:53 ProblemArtıq 3 gündür qərb bölgəsinə qar yağır. Milli.Az Türkel TV-yə istinadən bildirir ki, ötən gün yağıntıda fasilə yaransa da, bu gecədən etibarən yenidən başlayıb. Hava şaxtalı olduğundan qarın yağması yollarda bir sıra çətinliklər yaradıb. Belə ki, Ağstafa və Qazax rayonlarında kənd yolları buzlu olduğundan avtomobillərin hərəkətində müəyyən məhdudiyyətlər olub. Gədəbəy rayon FHK-nin sədri Qüdrət Paşayevin TTV-yə verdiyi məlumata görə, rayon ərazisində qarın qalınlığı 10-15 sm-ə çatıb. Yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Komissiya sədri hələlik elektrik enerjisinin, mavi yanacağın verilməsində problem olmadığını da bildirdi. Onu da qeyd edək ki, bir neçə gündür Şəmkir rayonu ərazisindən Gədəbəyə aparan Yasamal aşırımında nəqliyyatın hərəkəti olduqca çətinləşib. Hazırda Gədəbəydə qarın yağması dayansa da, Ağstafa, Qazax və Tovuz rayonlarında qar yağmaqda davam edir.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəkidə havanın şaxtalı olması avtomobil yollarında bir sıra problemlər yaradır. Bu da, öz növbəsində, qəzaları qaçılmaz edir. Buna görə də Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyi artıq dünəndən başlayaraq şəhərin küçələrinə kəpək, duz və qum səpməyə başlayıb. Bu tədbirlər bu gün də davam edib. Belə ki, idarənin əməkdaşları səhər saatlarından yenə iş başında olublar.
Birliyin direktor müavini onu da bildirdi ki, əhalinin küçələrdə daha rahat gəzməsi və avtomobillərin sürüşmədən hərəkət etməsi üçün onlar gücləndirilmiş iş rejiminə keçiblər. Yarana biləcək hər hansı problemin qarşısını almaq üçün onların lazımı qədər duz-qum ehtiyatı və texnikası var.