“Sulutəpə də olan qanunsuz tikililər hasilata təsir edir”
Eldar Orucov: “Biz istəyirik ki, bu problemlər hüquqi müstəvidə həllini tapsın”
19 Aprel 2012 19:43 ProblemAprelin 19-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsi Sulutəpə söküntüləri ilə bağlı mətbuat konfransi keçirdi. Tədbirdə çıxış edən ARDNŞ Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirdi ki, 2006-ci ildən etibarən ARDNŞ sənaye təyinatlarında aparılan qanunsuz tikililərə qarşı mübarizəyə başlayıb. Onun sözlərinə görə, hazırda həmin torpaqlar üzərində tikilən qanunsuz tikililər kütləvi hal alıb. Bu da ARDNŞ-nin fəaliyyətinə mənfi təsir göstərir: "Qanunsuz tikililər həm mühafizə zolağında, həm də neft-qaz əməliyyatlarının aparıldığı ərazidə yerləşdiyi üçün bir sıra problemlər yaradır. Ən əsas problem kimi onu qeyd etmək olar ki, həmin ərazilərdə tikilən qanunsuz tikililər üzündən hasilat aşağı düşür, ARDNŞ-nin xarici şirkətlərlə imzaladığı müqavilələrə uyğun olaraq öhdəliyini yerinə yetirməkdə müəyyən çətinliklər yaradır. Bu kimi halların olması ümumi iqtisadiyatımız üçün təhlükə yaradır". E.Orucov onu da bildirdi ki, qanunsuz tikililərin müəyyən olunması üçün həmin ərazilərin xəritələri hazırlanıb. Bakı Şəhər İcra Hakimiyyyətinin təsdiqindən sonra sözügedən ərazilərdə qanunsuz tikililər müəyyən olunub. ARDNŞ nümayəndəsi onu da bildirdi ki, təmsil etdiyi şirkət bu kimi halların aradan qaldırılmasında hüquqi yolu daha üstün tutur: "Hazırda ARDNŞ ərazisində olan qanunsuz tikililərlə bağlı məhkəmə işləri aparılır. Ümumilikdə bu kimi işlərin sayı 15 mindən artıqdır. Biz istəyirik ki, bu problem hüquqi müstəvidə öz həllini tapsın". Məhkəmə qətnamələri barəsində danışan E.Orucov bildirdi ki, qanunsuz tikililərlə bağlı çıxarılan məhkəmə qərarları ARDNŞ-nin xeyrinədir. Onun sözlərinə görə, Sulutəpə ərazisində də bu tipli yaşayış evləri var. Aprel ayının 18-də baş verən hadisələrdən danışan E.Orucov onu bildirdi ki, həmin gün şirkətin nümayəndələri yeni tikilməkdə olan qanunsuz evlərin uçurulması üçün ərazidə olub. Sadəcə olaraq vətəndaşlar bu məsələyə etiraz edərkən müəyyən qarşıdurma yaranıb. Şirkət nümayəndəsi insident zamanı ərazidə olan jurnalistlərin də xəsarət alması faktını təsdiqlədi. Bildirdi ki, bununla bağlı ADRNŞ-nin daxili əmrinə uyğun olaraq komissiya yaradılıb. Komissiyaya ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılov başçılıq edir: "Sulutəpə ərazisində olan qanunsuz tikililərlə mübarizə Binəqədi OYL-in ARDNŞ-ə etdiyi müraciətlər əsasında başlayıb. Biz ərazidə araşdırma apararkən aydın olub ki, həqiqətən də Sulutəpə ərazisində inşa olunan bəzi tikililər neft-qaz əməliyyatlarının həyata keçirilməsini mümkünsüz edir. Biz bu kimi halların qarşısını almaq üçün yeni, tikilməkdə olan qanunsuz tikililərin sökülməsi üçün müəyyən addım atmaq istərkən vətəndaşlar ARDNŞ-nin nümayəndələrinə zor tətbiq edib. Vətəndaşlar evləri sökənlərə daş atıb, dəyənəklərlə onlara hücum edib. Hadisə zamanı jurnalist İdrak Abbasov xəsarət alıb. Ancaq biz ARDNŞ olaraq jurnalistin xəsarət almasını araşdırırıq. Şirkət olaraq jurnalistə qarşı baş verən hadisəni pisləyirik. Səbəbkarın cəzalandırılmasının tərəfdarıyıq. Onu da qeyd edim ki, hadisə zamanı şirkətin 7 nümayəndəsi xəsarət alıb". E.Orucov onu da bildirdi ki, ümumilkdə ARDNŞ-ə məxsus ərazilərdə olan tikililərdən 2000-i Bibiheybət ərazisində, Mühafizə zolağında yerləşən tikililərdən 179-u Nizami, 6321-i Sabunçu, 3 mini isə Binəqədi ərazisindədir. Onu da qeyd edək ki, ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyev mətbuat konfrasında iştirak üçün ərazidə olsa da jurnalistlərin qarşısına çıxmadı.
Ədil