Bakı yenə birinci qara təslim oldu - GÜNDƏM

Paxtaxt təbiətin ilk şıltaqlığından iflic oldu

Dekabrın 16-da nəhayət ki Bakı və Bakıətrafı ərazilərə qar yağdı. Əslində güclü qar bütün ölkə ərazisinə yağdı və qarın hündürlüyü dağlıq ərazilərdə 50-70 santimetrə çatdı.  Bir neçə rayonun ucqar kəndlərinin mərkəzlə əlaqəsi kəsildi, dağlıq kəndlərdə həyat demək olar ki, iflic oldu. İlk qarın ölkədə bu qədər çətinliklər törədəcəyini düzü heç kim düşünməsə də, təbiətin ilk şıltaqlığı özünü göstərdi. Amma buna baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün tədbirlərə başlandı. Rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları yolların təmizlənməsinə, kəndlərdə yolların və kommunikasiya xətlərinin bərpasına başladılar.

Şəhərin girişində biabırçı vəziyyət

Rayonlarda bu cür halların baş verməsi əslində gözləniləndir və buna görə aidiyyəti qurumları o qədər də qınamaq olmaz. Yəni, rayonlarda hələ də istənilən inkişaf olmadığından bu vəziyyətin yaranması təbiidir. Amma biabırçılıq odur ki, ilk qar Bakı və bakıətrafı əraziləri də iflic etdi. Paytaxt və bura yaxın ərazilərdə də həyat bir anlıq dondu. Təbiətin "tərs üzü" mərkəzdə də insanlar arasında çaşqınlıq yaratdı. Əslində bu çaşqınlığın yaranmasına səbəb isə yollardakı vəziyyət oldu. Şəhərin əksər ərazilərində qarın yağması yolları keçilməz etdi. Şəhərə giriş və çıxış bərbad hala qaldı. Paytaxtda onsuz da hər an baş verən tıxaclar qarın yağmasından sonra bir az da böyüdü. Qarın yağması ilə əlaqədar yaxşı ki, əksər insanlar şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadə edirdi. Yoxsa, Bakıda daha dəhştli mənzərə yaranardı. Təsəvvür edin ki, sürücülərin təxminən 40-50 faizi şəxsi avtomobillərdən deyil, ictimai nəqiliyyatdan istinfadə etdiyi halda Bakı küçələrində yenə də tıxacların ucu-bucağı görünmürdü. Xeyr, bu Nəqliyyat Nazirliyinin mənasız bəhanələrində deyilən kimi, avtomobillərin çoxluğundan deyil, sadəcə yolların qışa hazır olmamasından idi. Bu səbəbdən də yollar yenidən keçilməz olmuşdu. Paytaxtın girişi sayılan "Şamaxı yolu" adlanan ərazidən, "20 yanvar" küçəsindən başlanan tıxaclar saatlarla açılmadı. Maşınlar azaldıqca, yollar daha da keçilməz olurdu.

Bakının girişində qarın yaratdığı "komendant saatı"

"20 yanvar" küçəsində nəinki avtomobillər, heç piyadalar da hərəkət edə bilmədi. Səbəb isə yollarda qarla palçığın qarışmasından əmələ gələn sel sularının küçələrlə axması idi. Axşamdan başlanan qar səhərə qədər yağdığından, səhər saatlarında şəhərin girişində bəzi yerlər əməlli-başlı buz bağlamışdı. Nəticədə avtomobillər buz üstündə sürüşə-sürüşə hərəkət edir, bəzi sürücülər isə qorxusundan ümumiyyətlə avtomobili yolun kənarında saxlayıb vəziyyətin sonunu gözləyirdilər. Şəhərin girişində sanki 90-cı illərdəki "komendant saatı"nı xatırladırdı. Çünki o vaxt da oturub gözləyirdilər ki, komendant saatının vaxtı qurtarsın ki, onlar şəhərə daxil olsunlar. Bəli, dekabrın 17-dəki mənzərə həmin prosesləri xatırladırdı. Hərəkət edən maşınlar isə yavaş-yavaş yolda hərəkət edir, sürücülər avtomobillərin sürüşüb hansısa maşına və digər maneəyə dəyməsindən ehtiyatlanırdı. Bu münvalla, Sumqayıtdan Bakıya olan 12-15 dəqiqəlik məsafəni ən təcrübəli sürücü 1 saatdan çox vaxta qət edə bilirdi. O da həddindən artıq təcrübəli sürücülər. Təcrübəsiz və sürücülük vəsiqəsini kimin və kimlərinsə hesabına alan sürücülər isə qorxudan avtomobillərini yolun kənarına çəkib yoldakı vəziyyətin sonunu gözləməkdən başqa çarələri yox idi. Yol isə düzəlmək bilmirdi, avtomobillərin bəziləri sürüşüb bir-birinə dəyir, bəziləri isə ehtiyatla mənzil başına çatmaq üçün çapalayırdılar.

Yol polisi də hərəkəti tənzimləyə bilmir

Amma əvvəlki illərdən fərqli olaraq bu gün Dövlət Yol Polisi əməkdaşları həqiqətən də gücləndirilmiş iş rejiminə keçmişdilər. Başqa ərazilərdə olmadığım üçün həmin yerlərdə polis nəzarətindən danışa bilmirəm, amma mənim istifadə etdiyim yollarda elə bir işləyən vardısa, o da yol polisləri idi. Çünki adam Allahla danışar, bu gün polislər həqiqətən hərəkətin tənzimlənməsində qəhrəmanlıq göstərdilər. Çünki istər buz bağlamış Bakı-Sumqayıt-Quba yolunda, istərsə də  şəhərin girişində avtomobillərin hərəkətinin tənzimlənməsinə, yol qəzalarının qarşısının alınmasında əməlli-başlı işləyirdilər. Bu mənim son 10 ildə Bakı və bakıətrafı ərazilərdə yol polisinin canfəşanlıqla işləməsi ilə bağlı gördüyüm bəlkə də ilk fakt idi. Yol polisləri demək olar ki, hər 100 metrdən bir(bəlkə də az məsafədə-S.Ə)yolun kənarında iki-iki, üç-üç dayanıb magistrallara nəzarət edir, avtomobillərin hərəkətini tənzimləyir və tıxacları dağıtmağa çalışırdı. Amma təəssüf ki bacarmırdı. Artıq sürücülər də yollarda belə vəziyyətlərdə polissizliyə öyrəşmişdilər deyə, polisin tələblərinə tabe ola bilmirdilər. Sürücülər yol polislərinə deyil, yalnız maneələrdən qurtulmağa çalışırdılar.

Təzə asfalt, söyülən və söyən sakinlər

Şəhərin daxilindəki vəziyyət isə daha acınacaqlı idi. Paytaxtda demək olar ki, 80 faizdən artıq avtomobil yolu yeni asfaltlanmış ərazilərdir və bunu yəqin ki, hamı bilir. Yeni asfaltda isə hərəkət etmək həm sürücülər üçün, həm də piyadalar üçün asan olmalıdır. Təzə yol, yeni səkilər, düz ərazi. Amma, Bakı küçələrində belə deyil. Asfalt ərazidə hərəkət etməkdənsə, sürücü və piyadalar az qala məhəlləarası yollara üstünlük verirdilər. Çünki, yeni çəkilən yollar köhnə asfaltdan pis vəziyyətdədir. Bu yolla avtomobil idarə edən sürücülər ən yaxşı halda özlərini söydürürlər. Xeyr, bu heç də sürücü diqqətsizliyindən deyildi. Yeni yolda elə vəziyyət yaranıb ki, sürücü bu yolla hərəkət edərkən hər kilometrdə ən azı 10 çökək "ziyarət" etməlidir. Bu çökəklərə düşən hər sürücü yola cavabdeh olan məmurları, piyadalar isə həmin sürücüləri söyür. Ona görə ki, yol başdan-başa biabırçı vəziyyətdə çəkilib, yollarda, təzə asfaltlanmış yerlərdəki mənasız əyriliklər qar yağan kimi su və palçıqla dolub. Avtomobil hər bu çökəyə düşüb əziləndə sürücü yolu təmir edən şəxsi söyür, hər çökəkdən qalxan palçıqlı su üstünə tökülən piyada isə sürücünü. Nəticədə yola cavabdeh olan şəxs və ya şəxslərin məsuliyyətsizliyi, həm şəhəri bərbad vəziyyətə salır, həm də əhalini bir-biri ilə üz-üzə qoyur. Paytaxt sakinlərinin bu vəziyyəti isə işlərinin öhdəsindən gələ bilməyən məmurlara heç bir təsir etmir. Sadəcə söyüş yiyəsi olurlar vəssalam.

Boş vədlər nə vaxt reallaşacaq

Bəli, bu gün paytaxtda yaranan vəziyyət budur. İlk və gözlənilən qarın yağması, məmurların hələ qış girməmiş qış yuxusunda yatması Bakı və bakıətrafı əraziləri iflic etdi. Yollar keçilməz oldu, sakinlər üz-göz oldular, şəhərsə keçilməz. Artıq bu problemi ictimailəşdirməkdən ictimaiyyət də bezib. Amma nədənsə bəzi cavabdeh məmurlar hələ də öz əməllərindən, insanlara sitəm eləməkdən bezməyiblər. Hər dəfə eyni vəziyyət, biabırçı proses, yeni vədlər və boş gözləntilər. Bunun nə vaxta qədər davam edəcəyini isə bilmirik. Hər gün gözləyirik.

Samir Əli  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31