11 aylıq körpənin boyunbağı ilə boğulmasının təfərrüatları VIDEO

Valideyn səhlənkarlığı daha bir körpənin ölümünə səbəb olub

Valideyn səhlənkarlığı daha bir körpənin ölümünə səbəb olub. Nəzarətsiz qalan 2 yaşlı qız 11 aylıq bacısını boğaraq öldürüb. Ailə faciəsi Lənkəran rayonunun Şıxəkəran kəndində Anar Məmmədovun ailəsində baş verib. Ananın bölgə müxbirimizə verdiyi məlumata görə o, hər 2 uşağını yatızdıraraq paltar yuyurmuş. Balaca uşağın boğazında muncuq boyunbağı olub. Onunla birlikdə yatan böyük övladı tez oyanaraq balaca bacısının boynundakı boyunbağını dartıb və uşaq boğularaq ölüb.

Lənkəran rayon Prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyidə baxış keçirilib. İlkin araşdırma zamanı, məlum olub ki, uşaqların anası Mahirə Sahil qızı Məmmədova 11 aylıq qızı Mirhədiyyəni 2 yaşlı bacısı Xədicə ilə nəzarətsiz olaraq bir otaqda qoyub. Xədicənin oyuncaq boyunbağını Mirhədiyyənin boğazına keçirib ehtiyatsız davranması körpənin boğulması ilə nəticələnib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda istintaq aparılır. Meyidin müayinəsi zamanı asepsiya əlamətləri müəyyən olunub. Zorakılıq əlamətləri aşkar olunmayıb. Nəticələr laborator müayinələrə göndərilib və nəticə 3 həftəyə bilinəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31