Milli Qəhrəman anaları problemlər içində boğulur - TƏDBİR

Qalibə Budaqova: “Oğlunu itirən ana pis vəziyyətdə yaşayır, məcburi köçkünlər isə status alır”

Dekabrın 13-də "Azərbaycan Milli Qəhrəman ailələrinin Sosial Müdafiəsi" ictimai birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Milli Qəhrəmanlar və qəhrəmanlıq salnaməsi: tarixi irs və müasirlik"adlı layihə çərçivəsində növbəti dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Qalibə Budaqova bildirdi ki, bu gün şəhid ailələri və Milli Qəhrəman ailələrinin həddindən artıq problemləri var. Canını vətəni, torpağı yolunda qurban verən igid oğulların ailələri isə məmurlar tərəfindən süründürülür, problemlər işərisində boğulur: "Milli Qəhrəmanların problemləri çoxdur. Əvvəlcə istəyirik Milli qəhrəmanlara status verilsin. Məcburi köçkünlərə status verildiyi halda, Milli Qəhrəmanlara, şəhidlərə status verilmir. Bundan başqa, oğlunu itirən ana pis vəziyyətdə yaşayır, şəhid anası, Milli Qəhrəman anaları baxımsız qalır. Hətta məmurlar yerlərdə onları təhqir edir. Analara deyirlər ki, oğlunu xidmətə göndərməyəydin, ölməyəydi. Artıq iki ildir ki, bu problemlərlə məşğuluq. Problemlərlə bağlı prezident İlham Əliyevə müraciət etmişik". Qalibə Budaqova bildirib ki, bu gün Milli Qəhrəmanların analarına müavinət verilmir. 600 manat müavinət yalnız ailəyə verilir. Əgər Milli Qəhrəmanın həyat yoldaşı anadan ayrı yaşayırsa, Milli Qəhrəman anası yaddan çıxır, diqqət göstərilmir.

Birlik rəhbəri deyib ki,  Milli Qəhrəman anasının, ailəsinin tibbi müayinə və müalicəsi də təşkil olunmur: "Milli Qəhrəman anasının, ailəsinin müalicəsinə, müayinəsinə görə rüşvət tələb edirlər. Pulsuz tibbi xidmət olduğu halda onlardan pul tələb edirlər. Milli Qəhrəman analarına, şəhid analarına, şəhid ailələrinin müalicəsi üçün ayrıca poliklinika ayırsınlar ki, pulsuz müayinə olunsun. Məcburi köçkün yardaım da alır, Communal xərclərdən azad olunub, amma, bu şəhid ailələrinə, Milli Qəhrəman ailələrinə heç bir güzəşt yoxdur".

Ehtiyatda olan zabit Daşdəmir Əliyev isə dedi ki, şəhidlərimiz bizim üçün ən yüksək zirvədə olsa da, bəzi məmurlar bunu anlamır: "Bu gün 4000 rəsmi qeydiyyata düşən itkinimiz var. 4 min itkin ailəsi şəhid ailəsidir. Amma, bunların heç birinə status verilməyib. Məhkəmələr də onların hüquqlarını bərpa etmək istəmirlər. Milli qəhrəmanların statusunun verilməməsi Milli Qəhrəmanları utandırır. Sağ Milli Qəhrəmanlar var ki, bu gün Milli Qəhrəman ulduzunu göstərməyə utanır. Çünki, ictimaiyyət bu ulduzun nəyə görə verildiyini bilmir, adi orden kimi baxırlar. Bu Milli Qəhrəmanlar üçün təhqirdir. Onlar utanırlar ki, həmin Milli Qəhrəman ulduzunu ictimaiyyətə təqdim etsinlər". 

Ehtiyatda olan zabit, Əfqanıstan və Qarabağ Müharibəsi veteranı Fəxrəddin Məmmədov isə müharibə veteranlarına qarşı biganəlikdən gileyləndi. Bildirdi ki, bu gün şəhid ailələri, müharibə veteranları və əlillərinin müalicəsi üçün bir çox qapıları döyməli olurlar. Həmin şəxslər müalicə üçün aylarla süründürülürlər: "Heç bir şəhid ailəsi əziyyət çəkməli deyil. Başqa ölkələrdə şəhid ailələri, Milli Qəhrəman anaları istirahətə, müalicəyə göndərilmək üçün qapılar döymür, hökumət özü bunu vaxtında edir. Amma, Azərbaycanda belə deyil. Bu gün döyüş görən oğlanlarımız, əlillərimiz, dövlətin qızıl fondudur. Sabah müharibə olsa, yenə həmin oğullara ehtiyac olacaq. Bu şəxsləri dövlət qorumalıdır. Bu insanları itirmək bizim üçün müharibə şəraitində çox ağır olacaq. Heç bir əlil kimlərinsə qapısını döyüb ondan müalicə pulu, müalicə yeri istəməməlidir".

Samir
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31