Orduda intiharlar niyə artır? - AKTUAL

Ələkbər Məmmədov: “Fərariliyi doğuran səbəblər araşdırılmadığından intiharlar ortaya çıxdı”

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib! Hadisə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Ordumuzun əsgəri Zeynalov Zeynal Qalib oğlu tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgərin ölüm faktını təsdiqləyib. O, qeyd edib ki, fakt üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, ölümün səbəbləri araşdırılır. Ümumilikdə bu il orduda intihar hallarının sayı 19 nəfər oldu. Artıq ay ərzində ən azı iki hərbçi intihar edir. Bəs orduda intiharların sayının artması nədir? Bu faciəli problemin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Əsgər ölümləri ictimaiyyətdən  niyə gizlədilir?

Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri, ehtiyatda olan zabit Ələkbər Məmmədov da bu problemin məsuliyyətsizlikdən baş verdiyini deyir. Hərbi ekspert deyir ki, Silahlı Qüvvələrdə baş verən itkilər artmaqda davam edir: "Hələ 2012-ci il başa çatmayıb, Silahlı Qüvvələrdəkı itkilərin sayı 100-ə yaxındır. Əslində bu hələ bizə məlum olan rəqəmdir. Qeyri-rəsmi isə bu itkilərin sayı daha çoxdur. Biz mətbuata məlum olan itkilərin sayını bilirik. Amma mətbuata məlum olmayan itkilər də var ki, bu say ictimaiyyətdən gizlədilir. Məndə olan məlumata görə, yerlərdə bəzi şəxslər həlak olan əsgər və digər hərbi qulluqçuların ailələrini ələ alır, onlara müxtəlif üsullarla təzyiqlər edirlər ki, bu məlumatlar maksimum dərəcədə ictimaiyyətə, mətbuata sıxmasın". Ələkbər Məmmədov deyir ki, aidiyyəti şəxslər problemin həllinə çalışmaqdansa, ölüm hallarını ictimaiyyətdən gizlətməyə cəhd edirlər. Nəticədə də ölüm hallarının qarşısı alınmaq əvəzinə artır: "Bir vaxtlar orduda fərarilik halları artmağa başlamışdı. Hətta hərbi qulluqçular düşmən tərəfə keçmək halları da baş verirdi. Bununla bağlı Respublika Hərbi Prokurorluğu və digər aidiyyəti hüquq mühafizə orqanlarının apardıqları tədbirlər nəticəsində bu problem aradan qaldırıldı. Hüquq mühafizə orqanları həmin fərarilik edənləri heç bir araşdırma aparmadan həbs etdi və bununla da fərariliyin qarşısı alındı. Amma bu fərariliyi doğuran səbəb araşdırılmadığından bunun nəticəsində həmin problemin digər fəsadları ortaya çıxdı. Səbəb odur ki, hərbi hissələrdə əsgər incidilir, təhqir edilir, hərbi qulluqçu ilə yuxarı komandirlər nizamnamədən kənar hərəkət edir, əsgərdən rüşvət tələb edir və sair. Bu alçalmaya dözməyən əsgər isə hansısa bir üsula əl atır . Azərbaycan əsgəri bütün əziyyətlərə dözən əsgərdir, amma təhqirdən başqa. Nəticədə də əsgər fərarilik edirdi. Fərariliyin qarşısı alınsa da, bunu törədən amillərə qarşı tədbir görülmədiyindən əsgər intihara əl atır. Nəticədə fərarilik halları olmasa da, intiharlar artır".
Ələkbər Məmmədov deyir ki, təhqir olunan əsgər həbsin qorxusundan fərarilik edə bilmir, şikayətlərin çatdırmağa adam tapmır və nəticədə məcbur olub intihara əl atır. Hərbçinin şikayətini araşdırmaq əvəzinə, şikayəti edən əsgərə təzyiqlər edib onu qorxudurlar, nəticədə də əsgər çıxış yolunu bunda görür: " Şikayət edən əsgəri elə təhqir edib "sındırır"lar ki, o da məcbiur olub bu təhqirlərə dözmür və intihar edir. Əlascsız qalan gücsüz əsgər intihardan başqa yol tapa bilmir".

İntihar edən əsgər özü günahkar çıxarılır

Ələkbər Məmmədov bildirir ki, hərbi rəhbərlik hadisə olandan sonra həmin intiharı müxtəlif bəhanələrlə əlaqələndirir ki, məsuliyyət komandirlərin üzərindən götürülsün: "Belə ad qoyurlar ki, guya əsgərin ailəsində hansısa problem var, istədiyi qız ərə gedib, nə bilim nə. Bu bəhanələrlə günahı atırlar ölən əsgərin üzərinə. Bu biabırçılıqdır. Vəziyyətdən çıxmaq üçün bu oyunu ortaya atan həmin şəxslər fikirləşmirlər ki, bu məsələnin həlli demək deyil. Əksinə, elə bəhanələr gəldikcə, orduda bu cür hallar daha da artır".
Ələkbər Məmmədov deyir ki, Azərbaycan ordusunda son vaxtlar müsbət dəyişikliklər aparılıb. Amma, bu dəyişikliklər kosmetik dəyişikliklərdir: "Məsələn, kazarmaların təmiri, geyim, yemək məsələləri və sair işlərdə inkişaf var. Düzdü, kəmiyyətcə bəzi işlər görülüb, amma, keyfiyyət yoxdur. Azərbaycan Ordusunda bu problemlər qalmaqdadır".

Ələkbər Məmmədov: "Hərbçi olmayan şəxslər süpürülmüş hərbi hissəyə aparılır ki, tərifləsinlər"

Problemin qarşısının alınmamasına gəlincə isə Ələkbər Məmmədov bildirdi ki, bunun üçün müəyyən tədbirlər keçirilməlidir. Bu tədbirlər isə hərbi rəhbərlərə sərf etmir: "Həmin tədbirlər bir neçə üsuldan ibarətdir. Birincisi,  orduda köklü islahatlar aparılmalıdır. Bu islahatlar isə standartlara tam uyğun olmalıdır. Əgər biz Qərbə inteqrasiya yolunu götürmüşüksə, NATO ilə əməkdaşlığa üstünlük veririksə, birinci növbədə ordunu tənzimləyən hüquqi bazanı yaratmalıyıq. İkincisi, orduda böyük kadr islahatları aparılmalıdır. Hüquqi baza yaradılandan sonra həmin baza çərçivəsində bu dəyişiklik aparılmalıdır. Üçüncüsü və ən əsası isə orduya ictimai nəzarət gücləndirilməlidir. Bu hərbi rəhbərlərin özlərinin yaratdığı ictimai nəzarət kimi deyil, tam müstəqil bir ictimai nəzarət yaradılmalıdır. Hazırki ictimai nəzarət yuxarı rəhbərliyin sifarişi əsasında hərəkət edir, hansısa bir çatışmazlıq olanda isə, ictimai nəzarət adlandırılan biu qurumu öyrədib göndərirlər ki, onlar hər şeyin qaydasında olması barədə açıqlama versinlər. Hərbiyə aidiyyəti olmayan şəxsləri yığıb süpürülmüş, təmiz hərbi hissələrdən birinə aparıb ordakı vəziyyətlə tanışdırırlar.  Bununla ictimai nəzarət olmaz. İctimai nəzarət tam müstəqil olmalıdır. Bundan başqa, əsgər valideynlərinin  övladının qulluq etdiyi hərbi hissəyə daxil olmasına, məxfi olmayan məlumatlar toplamasına, oğlunun qulluq etdiyi şəraiti görməsinə imkan verilməlidir. Bu proseslər həyata keçirilsə, həmin problemin qarşısı alınar". 

"Hansı general əsgər ölümünə görə cəzalandırılıb?"

Ələkər Məmmədov həmçinin əsgər ölümündə yuxarı rütbəli hərbçilərin cəzasız qalmasından da narazıdır. Onun sözlərinə görə, hər bir əsgər ölümünə, əsgər itkisinə görə yuxarı komandirlər ciddi cəzalandırılmalıdır: "Amma Müdafiə Nazirliyində belə bir cəzalandırılma yoxdur. Yuxarı komandirlərdən heç kim məsuliyyətə cəlb edilmir, cəzalandırılmır. Nəticədə də əsgər ölümləri artmaqda davam edir. Yuxarı rəhbərliyə bu tədbirlərin həyata keçirilməsi sərf etmir, Əsgər ölümünə görə cavabdehlər məsuliyyətə cəlb edilmir. Mən Müdafiə Nazirliyinə sual vermək istəyirəm ki, hansı əsgər ölümünə görə, hansı generalın rütbəsi aşağı salınıb və ya vəzifəsindən azad edilib? Heç biri! Bax bunun nəticəsidir ki, bu cür faciələr davam edir, çoxalır və vəziyyət irəliləmək əvəzinə geriləyir".

Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31