Fermerlərin Novruz Alkərəmov dərdi - PROBLEM

Müəssisə direktoru kəndlilərin hektarlarla taxıl sahəsini məhv edib

Yerli icra məmurları baxımından bəxti gətirməyən Beyləqan sakinləri indi də Novruz Alkərəmov kabusu ilə üz-üzə qalıblar.  Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsinə təyin olunan gündən fəaliyyətində ciddi nöqsanlar və  kobud qanun pozuntularına yol verən Novruz Alkərəmovun bu əməllərindən təngə gələn rayon sakinləri dəfələrlə müvafiq strukturlara müraciət etsələr də, hələlik Beyləqanda Novruz Alkərəmovla bacara bilən, onun qanunsuz əməllərinin qarşısını alan bir nəfər tapılmır. Rayon sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Novruz Alkərəmov bu vəzifəyə təyin edildiyi ilk gündən rayonun meşə ərazilərinə sözün əsl mənasında qənim kəsilib: Rayonun çoxillik meşə sahələrini məhv edən Novruz Alkərəmov həmin ərazilərin yaxın ətrafı tərəfindən əkin sahəsi və yə örüş məqsədilə istifadə edilməsinə şərait yaradır. Redaksiyaya daxil olan məlumata görə, Novruz Alkərəmov Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktou təyin olunandan indiyə qədər həmçinin hektarlarla meşə sahəsini qeyri-qanuni yollarla fermerlərə, ayrı-ayrı şəxslərə satıb və ya icarəyə verib. Rayon sakinlərinin iddiasına görə, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi direktorunun fermerlərə icarəyə verdiyi, eyni zamanda şəxsi mülkü kimi satdığı meşə zolağının sahəsi təxminən 1000 hektara yaxın ərazini əhatə edir. Məlumat üçün qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi tarifə əsasən Beyləqanda meşə zolaqlarının 20 sot sahəsinin bir illik icarə qiyməti 1000 manat məbləğində müəyyən olunub. Rayon ərazisində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə isə Beyləqanın qoruq zonasında nisbətən güzəştli əsaslarla və aşağı qiymətə otlaq sahələri icarəyə verilir. Lakin Beyləqanda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlər Novruz Alkərəmovun qeyri-normal idarəçilyi səbəbindən həmin torpaq sahələrindən istifadə edə bilmirlər. Bu arada bir mühüm məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycanda meşə əraziləri dövlət, ümumxalq mülkiyyəti hesab olunur. Bu baxımdan da meşə əraziləri və meşə massivinin özəlləşdirilməsi, eləcə də satılması mövcud qanunvericiliklə qeyri-mümkündür. Lakin Novruz Alkərəmov qanunlara məhəl qoymadığından Beyləqan meşələrinin kütləvi şəkildə qırılması prosesini həyata keçirir. İş o yerə çatıb ki, Novruz Alkərəmov daha çox qazanc əldə etmək üçün Beyləqan meşələrində yüzilliklər boyu yetişdirilib ərsəyə gətirilən nadir ağac növlərini kəsməkdən belə çəkinmir. Bildirilir ki, rayonun Tatalılar, Türklər, Əlinəzərli və Təzəkənd ərazisindəki meşə sahələrini öz prinsipləri əsasında idarə edən, meşə zolağını məhv edərək bu əraziləri müəyyən şəxslərə icarəyə verən Novruz Alkərəmova müəyyən dairələrin arxa durmasının nəticəsidir ki, adıçəkilən şəxs özünü Beyləqanda "Burda mənəm, Bağdadda kor xəlifə" kimi aparır. Xüsusilə, rayonun Əlinəzərli kəndində demək olar ki, meşə massivi qalmayıb. Kənddəki meşə sahəsinin böyük bir hissəsini Novruz Alkərəmov tamamilə məhv edərək burada özü üçün əkin sahəsi yaradıb. Şikayət müəllifləri deyirlər ki, xüsusilə qış mövsümündə Novruz Alkərəmovun bazarında canlanma baş verir. Belə ki, hələ də rayon ərazisinin əksəriyyət kəndlərinin mavi yanacaqla təmin edilməməsi qış mövsümündə kəndlilərin odundan  yanacaq kimi istifadə etməsini zəruri edir ki, bu da Novruz Alkərəmovun işinə yarayır. Məlumata görə, Beyləqan meşələrində "Yaşıl soyqırım" həyata keçirən Novruz Alkərəmov bir maşın odunu kənd sakinlərinə 300-400 manata satdırır.
Diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, Novruz Alkərəmov meşə zolağına aid olan ərazilərin satılması və ya icarəyə verilməsi zamanı qarşı tərəflə bununla bağlı heç bir sənədləşdirmə prosesi həyata keçirməyib ki, bu da müəssisə direktorunun növbəti özbaşınalıqları üçün fürsət yaratmış olub. Belə ki, son vaxtlar mətbuat səhifələrində Novruz Alkərəmovun Beyləqanın meşə zolağını məhv etməsi barədə dərc edilən silsilə məqalələdən narahatçılıq keçirən müəssisə direktoru özünə işgüzar görkəm alıb. Təəssüflər olsun ki, Norvuz Alkərəmovun bu "işgüzarlığı" da yerli sakinlər üçün baha başa gəlib. Kəndlilərə heç bir müqavilə bağlamadan icarəyə torpaq sahəsi verən Novruz Alkərəmov indi də həmin torpaq sahələrini "kəndlilər zəbt edib" iddası ilə  onların əlindən geri alır. Halbuki müəssisə direktoru bir vaxtlar özü həmin əraziləri kəndli və fermerlərə satıb və ya icarəyə verib. Ancaq Novruz Alkərəmovun onlarla hər hansı bir sənəd imzalamaması nəticə etibarilə ikincinin xeyrinə işləyir. Sözügedən ərazilərdə on hektarlarla taxıl əkən kəndli və fermerlər bildirirlər ki, Novruz Alkərəmov heç bir xəbərdarlıq etmədən taxıl sahələrini yarasız vəziyyətə salıb, ərazidə ağac əkilməsi prosesinə başlayıb. Fermer və kəndlilər dəfələrlə Novruz Alkərəmovdan taxıl biçininə qədər möhlət istəsələr də, lakin o, kəndlilərin xahişinə məhəl qoymayıb. Nəticə etibarilə 25-30 santimetrə yaxın qalxmış hektarlarla  taxıl sahəsi tamamilə məhv edilib. Kəndlilər Novruz Alkərəmova yol verdiyi qanunsuz əməllərindən müvafiq qurumlara, dövlət başçısına şikayət edəcəklərini bildirdikdə isə, müəssisə direktoru "kimə yazırsınız yazın. Hətta 50 məktub yazsanız da xeyri olmayacaq" cavabını verib. Şikayət müəllifləri onu da bildirirlər ki, Novruz Alkərəmovun yaşıllaşdırma işlərinə bu qədər canfəşanlıq göstərməsi isə onun qanunsuz əməllərinin mətbuat səhifələrində dərc edilməsidir. Ona görə də müəssisə direktoru gözdən pərdə asmaq üçün bir vaxtlar məhv etdiyi Beyləqan meşələrində indi yenidən ağacəkmə kampaniyasına start verib. Novruz Alkərəmovla bağlı redaksiyaya daxil olan ittihamlara qarşı tərəfin mövqeyini öyrənmək üçün müəssisə direktoru ilə dəfələrlə əlaqə saxlasaq da, cənab Alkərəmov telefon zənglərinə cavab vermədi.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31