İmişli polisi ev oğrularını müdafiə edir - PROBLEM
İki il əvvəl qarət olunan mənzilin sahibi təhdid edilir
7 Dekabr 2012 17:36 ProblemDekabrın 7-də hüquq müdafiəçisi Ələkbər Məmmədov İmişli şəhər sakini Şirvan Əliyevin mənzilinin qarət edilməsi ilə bağlı mətbuat konfransı keçirib. Ələkbər Məmmədov bildirib ki, oğurluq hadisəsi ilə bağlı hüquq mühafizə orqanları əməkdaşlarına müraciət olundsa da, onlar bu məsələnin üstünü açmaq istəmirlər. Mənzil sakini Şirvan Əliyev isə bildirdi ki, adı çəkilən oğurluq 2011-ci ilin yanvarında baş verib. Evdən dəyəri 8 min manat olan qızıl-zinət əşyaları aparılıb. Dərhal polisə xəbər olunsa da, polis fəaliyyətsizlik göstərib. Oğrunun əl-ayaq izlərini götürmək istəməyib. Oğrunu müəyyən etmək üçün Bakıdan ekspert gətirilməsi üçün şöbənin rəis müavini Aqil Tağıyev ailənin 2 min manat ödəməsini tələb edib. Belə çıxıb ki, rayon polis şöbəsinin kriminalisti yoxdur. Ş.Əliyev oğurluq cinayətində qonşusundan şübhələndiyini desə də, polis buna əhəmiyyət verməyib. Belə ki, adı çəkilən qonşu rəis müavini A.Tağıyevin qohumudur. Ş.Əliyev il ərzində İmişlidə 51 oğurluq faktı olsa da, bunların üstünün açılmadığını deyib. 31 oğurluq faktını Loğman Əhmədov adlı şəxsin öz üzərinə götürdüyünü deyib. Ailənin daxili işlər, milli təhlükəsizlik nazirliklərinə, ombudsmana, dövlət rəhbərinə olan çoxsaylı müraciətlərinə cavab verilməyib. Daxili İşlər Nazirliyi oğurluq maddəsilə cinayət işi başlandığı, amma cinayətkarların hələ tutulmadığı kimi şablon cavab verib.
Baş vermiş cinayətlə bağlı polisi tənqid etdiyinə görə rayon polisi Ş.Əliyevi İrana, müxalifətə işləməkdə iitham edərək, "ilişdirəcəyi" xəbərdarlığı edib. Bundan sonra Əliyevlər ailəsi təhlükəsizliklərinin təmin olunması üçün ölkənin hüquq-mühafizə orqanlarına müraciət ediblər. Ş.Əliyev hesab edir ki, bu oğurluqda polisin öz əli var və ona görə də cinayətin üstünün açılmasında maraqlı deyillər. Ş.Əliyev bildirib ki, evdən oğurlanan qızıl-zinətin dəyərinin 8 min manat olduğunu bildirdikləri halda, oğrunu tutmayan, itən əşyaları tapmayan hüquq-mühafizə orqanları bu dəyərin 5 min manat olduğunu açıqlamaqdan çəkinmirlər.
Ş.Əliyev rayon polisinin oğurluq faktı ilə bağlı bu gün şəhər polisi bir şəxsi həbs etməsi haqda da məlumat verib: "Mən bilmirəm bu adam kimdır, Oğrudur, ya deyil, onu da bilmirəm. Sadəcə polis bilirdi ki, bu gün Bakıda oğurluq fakrtı ilə bağlı mətbuat konfransı keçirib məsələni ictiamiləşdərəcək".
Samir