Azərbaycan Ordusunda minaya düşmə halları nədən artır?
Üzeyir Cəfərov: “Nə qədər ki hərbi hissədə komandir məsuliyyətsizliyi var, bu cür bədbəxt hadisələr artacaq”
29 Noyabr 2012 14:37 ProblemTərlan Eyvazov: "Cəbhə bolğələrində həddindən artıq təhlükəsizlik tədbiri görülməlidir"
Son vaxtlar cəbhə bölgəsində, Müdafiə Nazirliyinin hərbi hissələrində hərbçilərin minaya düşməsi halları artmaqdadır. Bu ilin yay aylarında Müdafiə Nazirliyinin Naftalandakı "N" saylı hərbi hissəsinin mühəndis istehkam xidmətinin rəisi, kapitan Məmmədov və həmin hərbi hissənin mühəndis istehkam bölüyünün komandiri, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq əməkdaşı, mayor İlqar Verdiyev minaya düşdü. Hadisə nəticəsində kapitan Məmmədov bir ayağını itirdi, mayor İlqar Verdiyev iə həlak oldu. Bundan başqa, son bir neçə gün ərzində baş verən mina partlayışları nəticəsində 4 əsgərimiz ağır xəsarət alıb. Maraqlıdır, cəbhə bölgəsində niyə mina partlayışları halları baş verir? Bu hadisəyə səbəb nədir? Erməni kəşfiyyatının işi, yoxsa hərbi hissələrdə hərbçilərin minalanmış ərazilər barədə düzgün və dəqiq məlumatlandırılması?
Çağırışçılar orduya hazırlıqsız gəlir, hərbi hissələrdə lazımı hazırlıqlar keçirilmir
Ehtiyatda olan zabit, "Qorqud" Araşdırmalar Mərkəzinin rəhbəri Tərlan Eyvazov bunu əsasən ehtiyatsızlıqla əlaqələndirir. Hərbi ekspertin sözlərinə görə, bu hadisələr erməni kəşfiyyatı ilə az əlaqəlidir: " Minaya düşən əsgərlər adətən bizim tərəfdə olan, çoxdan basdırılmış minalara düşürlər. Bu əsasən döyüşlər gedən zamanlarda düşmən və bizimkilər tərəfindən basdırılan minalardır. Qarışıq vaxt olduğu üçün nəniki düşmənin, hətta bizim minaların dəqiq xəritəsi məlum deyil. Cəbhə bolğələrində həddindən artıq təhlükəsizlik tədbiri görülməlidir. Yalnız tapdanmış cığırlarla hərəkət olunmalıdır.Erməni təxribatı da mümkündür. Ancaq atəş bölgəsində indiki vaxtda düşmənin arxayın halda bu qədər mina basdırması inandırıcı deyil. Həm də orada daim atəş açıldığı üçün ANAMA-nın fəaliyyət göstərməsi də mümkün deyil. Gərək ön cəbhərə yollanan əsgərlərə xüsusi təlim keçirilsin". Tərlan Eyvazov iddia edir ki, bu cür halların baş verməsi çağırışçıların da orduya hazırlıqsız, anlayışsız gəlməsidir: "Bunun səbəbi çoxdur. Çağırışçıların orduya hazırlıqsız gəlməsi, lazımı hazırlıqların keçirilməməsi, komandirlərin səviyyəsi, təhlükəsiz tədbirlərinin lazimi səviyyədə olmaması və sair. Bu cür hallar sonda orduda açı fəsadlarla nəticələnir. Ona görə də, hərbi hissələrdə komandirlər bu məslələrə ciddi diqqət yetirməlidirlər".
Zabitlər də ehtiyatsızlıqdan minaya düşür
Bu ilin yay aylarında Naftalandakı "N" saylı hərbi hissənin zabitlərinin minaya düşməsi faktına gəlincə isə, Tərlan Eyvazov bunu da ehtiyatsızlıq adlandırdı. Onun sözlərinə görə, hərbi hissələrdə bu məsələlərə ciddi diqqət yetirilmir: "Yenə də ehtiyatsızlıq. Bizim çox yaxşı nümunə götürəsi BP kimi bir transmilli kompaniya və digər xarici şirkətlər var. Onlar əməyin təhlükəsizliyi məsələsinə milyonlar xərcləyirlər və bu da sonra özünü hər cəhətdən doğruldur. Təəssüf ki ordu və digər strukturlarda buna o qədər də önəm verilmir və pul xərclənmir.Çox hazırlıqlı olmaq lazımdır". Tərlan Eyvazov bildirir ki, bu prosesdə Azərbaycan Ordusu Əfqanıstan təcrübəsindən yararlanmalıdır: "Əfqanıstan ərazisi mina ilə doludur.Ən adi bir misal, onlar minalanmış ərazilərdə ulaqla hərəkət edir. Çünki ulaq minalı yerlərdən elə keçir ki, ona toxunmur. Bizlər həmin yerlərdə ancaq tapdanmış cığırlardan istifadə etməliyik. Axırıncı minaya düşən əsgərimiz cəmi bir ay xidmət edib. Sual olunur, gənc əsgərin mina olan yerdə nə işi ola bilər? Axı o minanın nə olduğunu belə bilmir".
Komandir səhlənkarlığı və cəzasızlıq
Ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Üzeyir Cəfərov isə bu hadisələrin baş verməsini komandirlərin tam məsuliyyətsizliyi ilə əlaqələndirir və cavabdeh şəxslərin günahsız qalmasından narahat olduğunu deyir: "Ümumiyyətlə, qeyri-döyüş itkiləri hər bir Azərbaycan vətəndaşı kimi məni də narahat edir. Son vaxtlar mina partlayışları isə tez-tez baş verir. Burda birinci komandirlərin məsuliyyətindən danışmaq lazımdır. Çünki, komandirlər müəyyən məsuliyyətsizliyə yol verirlər. Komandirlərin səhlənkarlığı sonda əsgərlərin minaya düşməsi ilə nəticələnir. Təkcə bu il Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda 90-a yaxın hərbi qulluqçu itirmişik. 11 ayın itkiləri hazırda 89 nəfərdir. Onlardan 15 nəfər erməni gülləsindən, 3 nəfəri isə minaya düşməsi nəticəsində həlak olub. Ən dəhşətlisi isə odur ki, minaya düşən təkcə əsgərlər deyil. Bu ilin yay aylarında iki zabitimiz, kapitan Məmmədov və mayor Verdiyev minaya düşdülər. Kapitan Məmmədovun sağ ayağı amputasiya olundu, İlqar Verdiyev isə dünyasını dəyişdi. Allah hər iki zabitimizə rəhmət eləsin və bu Azərbaycan Ordusu üçün böyük itki idi. Ümumilikdə götürəndə isə, belə qənaətə gəlmək olar ki, hərbi hissələrdəki komandirlər vəzifə borclarına son dərəcə məsuliyyətssiz yanaşırlar".
"Mehman Qədiməliyev bu hadisədən ciddi nəticə çıxarmalıdır"
Bir neçə gün öncə cəbhənin Ağdam ərazisində əsgərin minaya düşməsinə gəlincə isə, Üzeyir Cəfərov bildirib ki, bu da komandir məsuliyyətsizliyindən baş verib: "Nə qədər ki hərbi hissələrdə komandir məsuliyyətsizliyi olacaq, biz bir o qədər bu cür bədbəxt hadisələrlə rastlaşacağıq. Bunun üçün hərbi hissələrdə komandir məsuliyyətsizliyinə qarşı mübarizə aparılmalıdır. Bu cür məsuliyyətsizlik həm də Azərbaycan Ordusunu təhqir etməyə şans verir. Orduya bu qədər vəsait ayrılır, bu qədər imkanlarımız var, amma yenə də biz atəşkəs dövründə əsgərlərimizi itiririk. Mən belə düşünürəm ki, bu Müdafiə Nazirliyi bu məsələyə diqqəti artırmalıdırlar. Hansısa hərbi hissədəı araşdırma aparıb, hansısa işlər görməklə bunun qarşısı alına bilməz. Bunun üçün müəyyən maarifləndirmə işləri aparılmalıdır. Qeyri-döyüş itkilərinin sayı bu il də həddindən çox olub". Üzeyir Cəfərov deyir ki, hər bir hərbi hissənin mühəndis istehkam xidmətində minalanmış ərazilərin xəritəsi və əsgərlərin hərəkət xəttinin sxemi var. Amma bu prosesdə baş verən səhlənkarlıqlar sonda belə bədbəxt hadisələrə gətirib çıxarır və səbəblər tam araşdırılmır: "Hərbi hissənin iki zabitinin minaya düşməsinin səbəbləri ilə bağlı aparılan araşdırmalar ictimaiyyətə açıqlanmadı. Bu gün də biz kapitan Məmmədov və mayor Verdiyevin hansı şəraitdə minaya düşməsi barədə məlumatsızıq. Hər halda hər iki zabit hansısa tapşırığı yerinə yetirərkən minaya düşüb. Amma hələ bunun səbəbləri ictimaiyyətə açıqlanmayıb. Müdafiə Nazirliyinin Mühəndis İstehkam Xidmətinin rəisi Mehman Qədiməliyev bu hadisədən ciddi nəticə çıxarmalıdır ki, bu cür hadisələrin qarşısı alınsın. Bakıda oturmaqla iş bitmir".
Samir