Bakıda mənzillərin qızmamasının günahkarı kimdir?
28 Noyabr 2012 13:47 ProblemDay.Az saytının redaksiyasına Qalina Şipulina adlı oxucu tərəfindən məktub göndərilib. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, məktubda belə deyilir:
"Biz artıq birinci il deyil ki, soyuqdan donuruq. Söhbət Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsindəki 56 saylı binadan gedir. Heç bir müraciət, xahiş və şikayət vəziyyəti dəyişmir. Ötən il qonşular olmayan istilik pulunu verməkdən imtina ediblər. Bu il də vəziyyət təkrarlanır. Boru qızır, lakin radiatorlar qızmır və evi isidə bilmir".
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azəristiliktəchizat" ASC-nin 2 saylı Səbail rayonu istilik idarəsinin rəhbəri Azər Əsədovla əlaqə saxlayıb.
Onun sözlərinə görə, Q.Abbasov küçəsində yerləşən 56 saylı bina istilik sisteminə qoşulub. Bu binada 5-6 mənzil isinir, lakin digər mənzillər sakinlərin öz günahları ucbatından qızmır. Onlar mənzildaxili boruları bərpa etmirlər. 52 və 54 saylı binanın sakinləri mütəmadi olaraq istilik pulunu ödəyirlər, lakin 56 saylı binanın sakinləri bunu etmirlər. Onlar istəyirlər ki, mənzildaxili borular "Azəristiliktəchizat" ASC-nin hesabına bərpa olunsun. Hazırda həmin binanın istilik sisteminə qoşulmasında heç bir problem yoxdur", - o qeyd edib.