Uşaqlar üzərində seksual zorakılıq - AKTUAL

Sevinc Fətəliyeva: “Buna nə qədər çox göz yumsaq, vəziyyət bir o dərəcədə ağırlaşır”

Son zamanlar ölkədə ailədaxili münaqişələrin sayının artması müşahidə olunur. Artıq vəziyyət o həddə çatıb ki, ailə üzvləri heç bir ciddi səbəb olmadan bir-birlərini qətlə yetirməkdən belə çəkinmirlər. Özü də belə qətllər xüsusi amansızlığı ilə fərqlənir. Ailədaxili münaqişələr sırasında ceksual zorakılıq elementlərinin artması cəmiyyətdə ciddi narahatçılığın yaranmasına səbəb olub. Daha dəhşətli məqam ondan ibarətdir ki, ailədə seksual zorakılığın uşaqlara qarşı yönəlməsi sezilməkdədir. Təəssüf ki, həyata keçirilən inzibatı və maarifləndirmə tədbirləri də belə halların qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilməyib. "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun isə işlək mexanizmi olmadığından iflic vəziyyətə düşüb. Millət vəkili Sevinc Fətəliyevanın sözlərinə görə, ailədə seksual zorakılıq məsələsindən qeyri-insani və çirkin əməl yoxdur. Çünki ailədə, xüsusilə də uşaqlara qarşı münasibət də müqəddəs, təmiz  heç nə təsəvvür etmək mümkün deyil: "Uşaqlar üzərində kənar şəxslər tərəfindən seksual zorakılığın törədilməsi barədə məsələni müzakirə etdikdə biz ən azı hər hansı birmənalı mənfi izahat tapa bilərik.  Lakin zorakılıq ailənin hər hansı bir üzvü tərəfindən törədildikdə, bu artıq heç cür izah edilmir. Bunlara baxmayaraq, bu cür problemlər mövcuddur və biz buna nə qədər  çox göz yumsaq da, bir o dərəcədə də  vəziyyət ağırlaşır". Millət vəkilinin fikrincə, bu problemin nəticəsi bəlli deyil. Problemin KİV-də tez-tez işıqlandırılması bir tərəfdən cəmiyyətin bu məsələni müzakirə etməyə, digər tərəfdən buna qarşı addım atmağa hazır olduqlarının müsbət işarəsidir. Lakin bütün hallarda uşaqlar üzərində seksual zorakılıq hallarının tez-tez və miqyaslı şəkildə işıqlandırılması kütlənin bu cür məlumatlara  tədricən öyrəşməsinə gətirib çıxarar və bu, həyat üçün adi hal ola bilər".
Onun bildirdiyinə görə,  məsələnin həll edilməsi olduqca mürəkkəbdir, seksual zorakılığın qurbanı olmuş uşağa təhlükəsizlik, müdafiə və ixtisaslaşdırılmış psixoloji yardım lazımdır: "Yəni, burada  bir sıra problemlər yaranır.  Faktın aşkara çıxarılması, uşağın vəziyyətini başa düşmək və digərlərinə çatdırmaq bacarığı, valideynlərin reaksiyası və davranışı, digər yaxın qohumların  reaksiyası, münasibəti və davranışı, sosial xidmətlər və işçilərin işinin  səmərəliyi, hüquq mühafizə orqanlarının işinin səmərəliyi və həssaslığı, uşağın gələcək taleyi və psixoloji reabilitasiyası. Həmçinin belə sual meydana gəlir ki, nə edək? İlk növbədə ağlımıza maarifləndirici işlər gəlir. Ancaq gəlin açıq danışaq- ölkənin bütün əhalisini əhatə etmək mümkün deyil. Hansı resurslara malik olmağımızdan asılı olmayaraq, biz, hər yerdə elan vura və ya bütün ailələri, uşaqlara seksual obyekt kimi baxmağın yolverilməz olduğunu izah edərək ziyarət edə bilmərik.  Müxtəlif təşkilatların fəaliyyəti arasında dövlət səviyyəsinə müvafiq (hökumət, parlament, Sosial müdafiə, Təhsil Nazirliyi, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-hökumət təşkilatları, həmçinin vətəndaş cəmiyyəti) aydın koordinasiyanın işlənib hazırlanması zəruridir. Həmçinin, vahid mübarizə sisteminin yaradılmasına ehtiyac var". Millət vəkili qeyd edib ki, bura uşaq psixoloqlarının ixtisasının artırılması, reabilitasiya mərkəzlərinin yaradılması, sosial işçilərin işinin keyfiyyətinin yaxşılaşdırılması və qanunvericiliyin sərtləşdirilməsi daxildir: "Hər bir ölkənin mentalitetinin fərqli olması olduqca önəmli məsələdir.  Sözsüz ki, nə qədər insan varsa,  bir o qədər fikir, nə qədər ölkə varsa, bir o qədər  də problemin həlli üsulları mövcuddur. Buna görə də, hesab edirəm ki, hər bir ölkə özü üçün vəziyyətdən daha uyğun çıxış yolu işləyib hazırlamalıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31