Gənclər aşağı faizlə ev ala biləcək VIDEO
Gənclər üçün yeni ipoteka şərtlərinin qəbul olunacağı gözlənilir
27 Noyabr 2012 07:14 ProblemGənclər üçün yeni ipoteka şərtləri qəbul olunacaq. Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə hazırlanan və artıq İpoteka Fonduna göndərilən təkliflərdə yeni ipoteka şərtlərinin əvvəlkindən fərqi 35 yox, 29 yaşa qədər olan gənclərə şamil olunmasıdır. Belə ki, bu təkliflərə görə yeni ipoteka şərtləri gənc ailələrə deyil, məhz gənclərə şamil olunacaq. Gənclər Təşkilatları Milli Şurasının sədri və millət vəkili Fuad Muradovun sözlərinə görə, təklif olunan qanunvericilikdə ipoteka şərtləri gənclərin mövcud imkanları nəzərə alınmaqla müəyyənləşib. Apardığımız sorğulardan isə aydın olur ki, gənclər ilk növbədə işsizlik problemi ilə üzləşir. Bunun ardınca digər problemlər sıralanır.
Gənc ailələr üçün nəzərdə tutulmuş qanunvericilikdən fərqli olaraq yeni ipoteka təklifində gənclərin fərdi şəkildə də ipoteka şərtlərindən faydalanmasına imkan yaradılacaq. Belə ki, yaşı 29-a qədər olan hər hansı gənc aşağı faizlə və güzəştli şərtlərlə ev ala biləcək. Bu kimi güzəştli şərtlər ilk növbədə beynəlxalq müsabiqələrdə yer tutanlara şamil olunacaq.
Təkliflər toplusu artıq Nazirlər Kabinetinə göndərilib və yaxın zamanda qanunun qəbul olunması gözlənilir. Tətbiqinə isə 2013-cü ildən başlanması nəzərdə tutulur.