Müdafiə Nazirliyi sistemində daha bir biabırçılıq
Astarada 10 il əvvəl yararsız olan 3 xəstə qardaş ağır vəziyyətdə xidmətə göndərilib
17 May 2012 17:36 ProblemBu gün Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov Astara rayon sakini Tofiq Şəfəqqətovun 3 xəstə oğlunun qanunsuz olaraq hərbi xidmətə çağırılması ilə bağlı mətbuat konfransı keçirdi. Ələkbər Məmmədov bildirdi ki, Tofiq Şəfəqqətov 2-ci qrup əlildir və 5 oğlunun 4-ü ağır xəstədir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən oğlanları hərbi xidmətə yararsız hesab edilsələr də, 2012-ci ilin yanvar ayında 3 oğlu qanunsuz olaraq hərbi xidmətə aparılıb. Hazırda oğlanları hərbi xidmətdə ağır vəziyyətdədir. Dəfələrlə Müdafiə Nazirliyinə bu barədə məlumat verilməsinə baxmayaraq həmin şəxslər ordudan tərxis olunmur.
Tədbirdə çıxış edən Tofiq Şəfəqqətov isə bildirdi ki, oğlanları qonşuları ilə mübahisənin qurbanı olub. Belə ki, onun ailəsi qonşuları ilə mübahisə edib və qonşu Tofiqin oğlanlarının hərbi xidmətdən yayınması barədə Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğuna şikayət edib. Şikayətdən sonra 3 oğlu-1983-cü il təvəllüdlü İlham Şəfəqqətov, 1988-ci il təvəllüdlü Faiq Şəfəqqətov, 1990-cı il təvəllüdlü Nizami Şəfəqqətov və1992-ci il təvəllüdlü Elnur Şəfəqqətov hərbi xidmətə çağırılıb. 4 qardaş Bakıda Hərbi Həkim Komissiyasına çağırılsa da, onlar ciddi müayinə edilmədən 3 qardaş hərbi yararlı hesab edilərək xidmətə göndərilib: "Böyük oğlum İlham 2001-ci ildə hərbi xidmətə çağırıldı. Astara rayon Hərbi Komissarlığı onu hərbi xidmətə yararsız hesab edib Biləcəri Çağırış Məntəqəsindəki həkim komissiyasına göndərdi. O vaxt orada da müayinə edildi və İlhamın onurğa sütununda əyrilik, mədəsi və 12 barmaq bağırsağında xoralı yara aşkarlandı. Komissiya rəy verdi ki, onun həmçinin burnunda da çəpər əyriliyi var və çağırışçı hərbi xidmətə yararsızdır. Ondan sonra İlham kənddə ingilis dili müəllimi işləyirdi. Oğıanlarımdan Elnurun müayinəsi zamanı kəskin ürək qüsuru, Faiqdə isə ocaqlı vərəm aşkarlandı. Digər oğlum Nizamiyə isə çağırış zamanı hərbi həkim komissiyasında "hepatit A" virusu tapıldı və onlar da hərbi xidmətə yararsız kimi geri qaytarıldı".
Tofiq Şəfəqqətov bildirdi ki, ötən ilə qədər onun uşaqlarından heç biri hərbi xidmətə çağırılmayıb. Həmin vaxt qonşuları ilə aralarında baş verən mübahisədən sonra qonşusu onun oğlanlarının guya fərari olması barədə şikayət edib: "Şikayətdən sonra rayon hərbi komissarlığı 4 qardaşı birdən Bakıya hərbi həkim komissiyasına göndərdi. Orada Respublika Hərbi Prokurorluğunun müstəntiqi Fəxrəddin Qəhrəmanov uşaqlarımın düzgün müayinəsinə imkan vermədi. Həkimə tapşırdı ki, bu uşaqların hamısını yararlı yaz. Müayinədən sonra Nizami Şəfəqqətovun qanında "hepatit A" virusu aşkarlandığından onu hərbi xidmətə göndərə bilmədilər. Qalan 3 oğlum isə yararlı adı ilə bu il yanvarın 30-da hərbi xidmətə göndərildi. Oğlanlarımın 2-si Tərtərdəki "N" saylı hərbi hissəyə, böyük oğlum İlham isə Zığdakı hərbi hissəyə göndərildi".
Tofiq Şəfəqqətov deyir ki, oğlu İlham hərbi xidmətə göndəriləndən bu vaxta qədər səhhətilə bağlı 3 dəfə hərbi hospitalda yatıb: "4 aydır ki oğlanlarım xidmət edir, İlham həmin müddətin 3 ayını hospitalda yatıb. Hazırda da oğlum Gəncədəki hospitaldadır. O biri oğlum Faiq Şəfəqqətov ağır vərəm xəstəsidir və hazırda da Lənkəran Vərəm Dispanserində qeydiyyatdadır. Amma Faiq hazırda Tərtərdəki hərbi hissədə aşbaz işləyir. O, bütün şəxsi heyətin yeməyini hazırlayır. O biri oğlum Elnur da urək qüsurundan əziyyət çəkməsinə baxmayaraq o da Tərtərdə xidmət edir. Maraqlıdır, əgər mənim oğlanlarım rüşvətlə yararsız olubsa, niyə həmin həkimlər araşdırılmır?".
Tofiq Şəfəqqətov məsələ ilə bağlı prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya müraciət edərək xəstə uşaqlarının hüquqlarının bərpasında onlardan yardım istəyir. O həmçinin yenidən müdafiə naziri Səfər Əbiyev və respublika hərbi prokuroru Xanlar Vəliyevə müraciət ünvanlayıb.
Samir