“Binə” Ticarət Mərkəzində kütləvi etiraz aksiyaları başladı - ETİRAZ

Sahibkarlar Kəbirə Məmmədovanın özbaşınalıqlarına dözə bilmir

"Binə"Ticarət Mərkəzində sahibkarlar yenidən bazar rəhbərliyinə qarşı etiraza başlayıblar. Bu barədə redaksiyamıza ticarət mərkəzindəki sahibkarlar müraciət edib. Sahibkarlar deyirlər ki, ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova sahibkarlardan yenidən külli miqdarda pul tələb edib və nəticədə sahibkarla ticarət mərkəzinin qoçuları arasında qarşıdurma yaranıb. Səbəb isə "Binə" Ticarət Mərkəzinə sayğacların quraşdırılmamasıdır. Satıcılar deyir ki, bu il sentyabrın 17-də "Binə"də baş verən kütləvi zəhərlənmə də bu məsələ ilə bağlı olub. Amma, buna baxmayaraq Kəbirə Məmmədova yenə də mağazalara sayğacların quraşdırılmasına imkan vermir: "Çünki, mağazalara sayğaclar quraşdırılsa , Kəbirə Məmmədova bizdən artıq pul ala bilməcək. Ona görə də, buna imkan vermir. Bizdən yığdığı pulun heç üçdə birini elektrik enerjisinə ödəmir.Öz gəliri üçün bizdən pul yığır, sayğacların quraşdırılmasına isə imkan vermir.

Kəbirə Məmmədova hər mağazadan 500 manat işıqpulu alır

Külli miqdarda pul verən sahibkarlar məcburiyyət qarşısında qalıb yenidən etiraz aksiyasına başlayıb. Mağaza sahibləri deyirlər ki, "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova artıq sahibkarları boğaza yığıb. Bazar müdiri istədiyi sahibkardan istədiyi məbləği yığır, istənilən adama şərait yaradır, istəmədiyi sahibkarı isə bazardan qovur: "Hər ay bizdən 300-500 manat alırlar. Pul verməyənlərə isə təzyiqlər edirlər.  Kim pulu vaxtında vermirsə, bazarın mühafizə xidməti adı ilə saxlanılan idmançı görkəmli şəxslər sahibkara hücum edir, onu döyür, şərləyir və bazara buraxmır. Adını da qoyurlar ki, guya işıqpuludur. Əslində bizim işıqpulu 50 manatdan artıq etmir. Amma, Kəbirə Məmmədovanın adamları bu pulu bizdən 10 qat artıq alırlar. Kim narazılıq edirsə, ona qarşı kampaniya başlanır. Bir kondisionerə görə bizdən ayda 70-100 manat alırlar. Kondisioner isə bütün sutkanı işlədiyi halda ayda 35 manat yazır. Amma, Kəbirə Məmmədovanın adamları bizdən 35 manat əvəzinə 100 manat alır. Bundan başqa isə mağazadan yanan hər lampaya ayda 20-30 manat tələb edirlər. Biz də ona görə tələb edirik ki, mağazalara sayğaclar quraşdırılsın. Nə qədər işıqpulu yazacaq, o qədər də ödəyəcəyik. Bunlar isə ona razı olmurlar. Bizdən aldıqları pullar azlıq edir, hələ əlavə də yığırlar".

Ticarətçilər biznesini "Sədərəy"ə köçürür

Sahibkarlar iddia edirlər ki, "Binə" bazarı ilə qonşu olan "Sədərək" Ticarət Mərkəzinin rəhbərliyi dükanlara ayrıca sayğaclar quraşdırıb və buna görə də orada sahibkarlar heç bir narazılıq etmədən alverini edir: "Orada sayğac quraşdırılıb və obyekt işlədənlər sayğacın yazdığı pulu ödəyirlər. Ona görə də orada heç kim generator işlətmir. Işıq sönəndə də bir saatlıq olur. O bazarda işləyənlərin verdikləri işıq pulu ayda 15 manatı keçmir. Ən böyük mağaza sahibi orada ayda cəmi 30-35 manat işıqpulu ödəyir. O da ki ərazisi və istifadə etdiyi enerji çox olduğu üçün. Amma bizdə belə deyil. Bizim dərimizi soyurlar. Kəbirə Məmmədova ilə Dilşad Əmirova sahibkarlardan qisas alır. Artıq buradakı sahibkarların əksəriyyəti "Sədərək" Ticarət Mərkəzinə üz tutur. 100-ə yaxın sahibkar biznesinin əsas hissəsini o bazara köçürüb. Orada həm şərait yaxşıdı, həm də alver burdan güclüdür. Gün ərzində bir-iki mal satırıq ki, o da elə Kəbirə Məmmədovanın pulunu düzəltməyə çatmır". 

Kəbirə Məmmədova ilə görüşmək mümkün deyil

Sahibkarlar deyirlər ki, dəfələrlə bu barədə Kəbirə Məmmədova ilə görüşmək istəyiblər. Amma, bazaar rəhbəri  onları qəbul etməyib. Sahibkarların dediyinə görə, Kəbirə Məmmədova ümumiyyətlə sahibkarları qəbul etmir. Bu işləri yalnız onun köməkçisi Dilşad Əmirova icra edir. O isə istədiyi adamı qəbul edir, istəmədiyi şəxsləri isə otağından qovur. Sahibkarları kobudluqla və küçə  söyüşlərilə təhqir edən Dilşad Əmirova narazılıq edən sahibkarları bazarın mühafizəçiləri ilə hədələyir: "Dilşadın qəbuluna düşürük, elə ki şikayət etdik və ya nədənsə narazılığımızı bildirdik, o dəqiqə zəng vurub qoçularını çağırıb sahibkarı otaqdan çıxarır, özü də zorla. Hansısa hərəkətlərə etiraz edənlər isə bazardan qovulur. Dilşad Əmirovaını tapşırığı ilə həmin sahibkar həftələrlə bazara buraxılmır. Ya bu cür təzyiq edirlər, ya da ki, hansı sahibkar etiraz edirsə, səhəri gün həmin sahibkarın mağazasının qarşısı qazılır. Adını da qoyurlar ki, guya hansısa kommunikasiya xəttində problem var, ona görə ərazi qazılmalıdır. Nəticədə həmin mağaza minimum 10 gün bazarda alver edə bilmir. Mağazanın qarşısı qazıldığından heç bir müştəri içəri keçmir, yolunu dəyişin başqa sıralara gedir. Bu da sahibkara ciddi zərbə vurur. Bu biabırçılığa son qoyulmur. Bazar özəl müəssisə olduğuna görə, heç bir dövlət qurumu da buna reaksiya vermir".

Bazarda baş verən kütləvi zəhərlənmə faktı niyə ört-basdır edildi?

Sahibkarlar deyirlər ki, bu il sentyabrın 17-də bazarda baş verən kütləvi zəhərlənmə də Kəbirə Məmmədova və onun əlaltılarının özbaşınalığından baş vermişdi. Belə ki, hadisədən iki gün əvvəl mağaza sahiblərindən külli miqdarda işıqpulu yığılmışdı. Sahibkarlar da buna etiraz etmişdilər. Etiraz edənlər əsasən bazarın 4, 5 və 6-cı sıralarındakı sahibkarlar  idi. Ona görə də bazar günü, alverin ən gur vaxtı səhər saatlarında "Binə" nin işıqları qəfil söndürülüb. Sahibkarlar etiraz edəndə isə Dilşad Əmirova bildirib ki, guya ticarət mərkəzinə elektrik enerjisi verən transformator sıradan çıxıb. Amma, əslində isə işıqlar bilərəkdən söndürülmüşdü. Həmin vaxt bütün bazarda generatorlar quraşdırılsa da, zəhərlənmə hadisəsi yalnız bu 3 sırada baş vermişdi. Burda nə isə başqa bir iş var idi deyə, hüquq mühafizə orqanları da sonadək araşdırma apara bilmədilər. Kəbirə Məmmədova müəyyən yollarla araşdırmaları dayandırdı. Çünki, araşdırmalar aparılsaydı, çox faktlar ortaya çıxacaqdı".

Mafiya başçısı Dilşad Əmirovanın təzyiq vasitəsi

Sahibkarlar deyirlər ki, Kəbirə Məmmədovanın bir nömrəli adamı olan Dilşad Əmirovanı bazarda həm də "mafiya" başçısı kimi tanıyırlar. Bu qadın bazarda sahibkarlara qarşı bir mafiya yığılıb. Həmin mafiya üçün Dilşad Əmirova xüsusi yerlər də ayırıb: "Çin və Pakistan vətəndaşları olan miqrantlardan ibarət bu dəstə üzvləri heç bir yerdə qeydiyyatda deyillər. Onlar üçün ayrılan əraziyə isə heç kim buraxılmır. Həmin dəstə üzvləri Dilşad Əmirovanın göstərişi ilə sahibkarlara zərbə vurmağa çalışırlar. Məsələn, hansısa sahibkar bazarda rəhbərliyə qarşı etiraz edirsə, həmin şəxsin mağazası və özü "mafiya" üzvlərinə işarə verilir. Ya həmin sahibkar bu şəxslər tərəfindən şərlənir, ya da onun mağazası qarət edilir. Şikayət edəndə isə deyirlər ki, sahibkar bazaar rəhbərinə şər atır. Dəstə üzvləri hər mağazadan 1000-2000 manatlıq mal oğurlayır. Sonda isə həmin mallar ticarət mərkəzinin girişində ucuz qiymətə satılır".
Artıq özbaşınalıqlara dözməyən sahibkarlar məsələ ilə bağlı kütləvi etiraz aksiyaları barədə qərar veriblər. Sahibkarlar deyirlər ki, onlar hər həftə bu cür aksiyalar keçirməklə Kəbirə Məmmədovanın özbaşınalıqları barədə ictimaiyyətə geniş məlumatlar vermək istəyirlər.

Samir

 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31