Soyuqlar düşdü, dəm qazı kabusu geri döndü
23 Noyabr 2012 20:25 ProblemMilli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Azərbaycanda dəm qazından baş verən ölüm hadisələrinin təhlili deməyə əsas verir ki, belə bədbəxt hadisələr məhz satışa çıxarılan istilik sobalarının keyfiyyətsiz və standartlara cavab verməməsi, habelə insanların məsuliyyətsizliyidir.
Qeyd edək ki, ötən il dəm qazı 658 nəfəri zəhərləyib. Bu rəqəm 2010-cu ilə nisbətən 300 nəfər çoxdur. Bu ilin 9 ayında isə 1200 nəfərdən çox insan zəhərlənib, onlardan 42-si həyatını itirib.
Bildirək ki, qış rejiminə keçidlə əlaqədar oktyabrın 29-dan bu günə kimi əhalinin istifadəsinə əlavə 8 milyon kubmetr qaz verilib. Keçən il isə 16 milyon kubmetr qaz 4 aya verilmişdi.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional mərkəzindən aldığımız məlumata görə, Lənkəran rayonunda son bir ayda 2 qazsızma faktı qeydə alınıb.
Belə halları minimuma endirmək üçün mənzillərdə standartlara uyğun sobaların quraşdırılmasına diqqət yetirmək gərəkdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dəfələrlə bəyan edib ki, uyğunluq sertifikatı olmayan qızdırıcı cihazların satışa çıxarılması vətəndaşlar üçün əsil təhlükə mənbəyidir. Komitənin mətbuat xidməti Fazil Talıblı vurğulayıb ki, daha çox İrandan gətirilən qaz sobaları standartlara uyğun gəlmir. Çünki sahibkarlar üçün belə məhsulun keyfiyyəti deyil, onun ucuz başa gəlməsi daha önəmlidir. Məhz bu səbəbdən İrandan Azərbaycana təhlükəsizlik klapanları olmayan qaz
sobaları gətirirlər. Klapanlı sobalar baha olduğundan sahibkarlar onları almırlar. Keyfiyyətsiz qaz sobalarının təhlükəliliyini artıran bir səbəb də onun mənzillərdə mütəxəssislər deyil, adi vətəndaşlar tərəfindən quraşdırılmasıdır. Heç bir texniki savadı olmayan insanlar tərəfindən vətəndaş üçün ucuz başa gələn belə quraşdırma əməliyyatı sonda ölümlə nəticələnir.