“Metropark” ticarət mərkəzinin yaxınlığında partlayış
30 Dekabr 2016 06:37 ProblemFövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Yanğın "Rahatlığın Məkanı" MMC-nin ərazisində baş verib. Nəticədə həcmi 25 ton olan istifadəyə yararsız mazut çəninin ətrafına dağılmış mazut qalıqları 60 m2 sahədə, sahəsi 20 m2 olan istifadəyə yararsız tikilinin yanar konstruksiyaları, 1 ədəd şam ağacı yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış "Novartis" şirkətinə məxsus "Volkswagen" markalı minik avtomobilinin qabaq üzlük hissəsi qismən qarsalanıb.
Mazut çəni, avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
22:28
Bakının Nərimanov rayonu ərazisində partlayış baş verib.
Hadisə "Metropark" ticarət mərkəzinin yaxınlığında, Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb. Məlumata görə, ərazidə pilot layihə həyata keçirilir və "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır. Qazanxananın işlədiyi dövrdən qalan köhnə mazut çənini həyətdən çıxarmaq mümkün olmadığından, çən şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub.
Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, eləcə də, hüquq-mühafizə orqanlarının, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər. Partlayış nəticəsində başlayan yanğın söndürülüb, partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
21:18
Milli.Az musavat.com-a istinadən bildirir ki,hadisə Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb. Ərazidə "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır. Həyətdəki mazut çənini çıxarmaq mümkün olmadığından mazut çəni şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub. Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib. Hazırda ərazidə FHN-in və hüquq-mühafizə orqanlarının əməkfaşları işləyirlər.
21:02
"Metropark" ticarət və əyləncə mərkəzinin yaxınlığında qarajda baş verən yanğın söndürülüb.
Yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış "Volkswagen" markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.
Xatırladaq ki, yanğınla nəticələnən partlayış baş verib.
Partlayış zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.
20:49
Bakının Narimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib.
Hadisə "Metropark" ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib.
Məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib.
Hadisə yerinə dərhal bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
APA