Bakıda 80 ailə hələ də ölümlə üz-üzədir - PROBLEM

Noyabrın 22-də hüquq müdafiəçisi Ələkbər Məmmədov Bakının Xətai rayonu ərazisindəki Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatının 4 nömrəli yataqxanasında təhlükəli şəraitdə yaşayan bir qrup ailə ilə birlikdə növbəti mətbuat konfransı keçirdi. Ələkbər Məmmədov bildirdi ki, yataqxana 2000-ci ildə ölkədə baş verən zəlzələ zamanı yararsız vəziyyətə düşüb, divarlarda iri çatlar əmələ gəlib. Həmin vaxt yataqxana sakinlərinin köçürülməsi üçün yataqxanaya yaxın ərazidə 40 sot torpaq sahəsi ayrılıb. Sahə pulsuz olaraq "Oğuz" MTK-ya verilib ki, tikinti şirkəti burada yeni yaşayış binası inşa etsin və yataqxananın 160 ailəsini mənzillə təmin etsin. Bununla bağlı sakinlərlə tikinti şirkəti arasında müqavilə də imzalanıb. 2003-cü ildə ərazidə tikinti başlanııb və hər biri iki blokdan ibarət 18 mərtəbəli iki yaşayış binası inşa olunub. Bina hazırda 436 mənzildən ibarət olsa da, 160 ailə bura köçürülməyib. Bina istifadəyə verilən ərəfədə binanı inşa edən və sakinlərlə müqavilə imzalayan "Oğuz"MTK ləğv edilib və onun bazasında "Ümid"MTK yaradılıb. Binaya rəhbərlik də bu şirkətə həvalə olunub. Sakinlər deyirlər ki, bu ilin may ayında binanın 80 ailəsi həmin yaşayış binasında mənzillə təmin edilsə də, qalan 80 ailə hələ də qəzalı şəraitdə yaşayır. Fövqəladə Hallar Nazirliyi yataqxananın tam təhlükəli olması barədə rəy versə də, sakinlər hələ də buradan köçürülmür. Sakinlər ddeyirlər ki, hazırda binadakı çatlar böyüməkdə davam edir, divarlar hər gün su olur. Binanın kanalizasiya xətləri divarlarla zirzəmiyə axdığından yataqxana daha da təhlükəli vəziyyətə düşüb. "Ümid"MTK isə sakinlərin mənzillərini vermək istəmir.
Ələkbər Məmmədov bildirir ki, "Ümid" MTK-nın rəhbəri bir müddət əvvəl yataqxananın bir neçə sakinini ələ alaraq onlara yataqxanadakı sakinlərə ağ kağıza imza atdırmaq tapşırığı verib. Binadan mənzil alan bu sakinlər də şirkət rəhbərinin tapşırığına uyğun olaraq bu addımı atıb. Sakinlər ağ kağıza imza atandan sonra şirkət rəhbəri həmin sakinlərin guya bu binada mənzillərdən imtina etməsi barədə akt tərtib edib. Bundan sonra isə şirkət rəhbərliyi binada sakinlərə ayrılan mənzilləri satmağa başlayıb. Nəticədə 80 ailə qəzalı vəziyyətdə qalıb.
Sakinlər məsələ ilə bağlı Baş Prokurorluğa və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə  müraciət ediblər. Amma, müraciət aidiyyəti üzrə Xətai rayon Prokurorluğuna göndərilsə də, prokurorluqda məsələ ilə bağlı cinayət işi başlanmayıb. Prokurorluq işi araşdırmaq üçün Xətai rayon Polis İdarəsinə göndərib. Həmin idarə isə sakinlərin aldadılması faktını ört-badsdır etmək istəyir.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31