Nəsimi məhkəmə icraçıları şöbəsi korrupsiya yuvasına çevrilib

İcra məmuru məhkəmə qərarını icra etmək üçün rüşvət tələb edir

İndi məhkəmə qərarlarının icrası müşkül məsələyə çevrilib. Ölkənin məhkəmə sistemində islahatların aparılmasına baxmayaraq bəzi yerlərdə hələ də məmurlar vətəndaşları süründürməçiliyə salır, məhkəmə qərarlarının icrasını yubadır və ya icra etmir. Nəticədə əlində qanuni məhkəmə qərarı olan vətəndaş hüquqlarını bərpa edə bilmir. Məhkəmə icraçıları insanlarla sanki oyun oynayır. Vətəndaşın xeyrinə məhkəmə qərarının çıxarılmasına baxmayaraq icra məmurları bu qərarın icrasını müəyyən maraqlarına görə istifadə edir. İcra məmurları Azərbaycan dövlətinin adından çıxarılan məhkəmə qərarlarını da icra etmək istəmir.

Redaksiyamıza müraciət edən tanınmış hüquq müdafiəçisi Daşdəmir Əliyev də bu cür özbaşınalıqla üzləşdiyini deyir. Vəkilin dediyinə görə, Nəsimi rayon məhkəmə icraçıları onun nümayəndəsi olduğu Balabəy Həkimovun başına bəla açıb. Səbəb isə məhkəmə qərarının icra olunmamasıdır. Daşdəmir Əliyev deyir ki, Balabəy Həkimov Bakı şəhər sakini Anar Cəfərov adlı şəxsdən avtomobil alıb. Avtomobil etibarnamə ilə alındığından alıcının adına rəsmiləşdirilməyib. Bir müddət sonra məlum olub ki, avtomobil satan Anar Cəfərovun "Dəmirbank"a borcu olduğundan həmin avtomobilin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Balabəy Həkimov bu barədə avtomobili satan şəxsə müraciət edib. Anar Cəfərov həmin məbləği banka ödəyib və avtomobilin həbsdən çıxarılması barədə məktub alıb. Məktub dərhal Nəsimi rayon məhkəmə icraçıları şöbəsinə göndərilib. Aprelin 18-də məktub icraçılara verilsə də, bu vaxta qədər avtomobilin həbsdən çıxarılması ilə bağlı qərar icra olunmur.  Məhkəmə icraçıları şöbəsinin icra məmuru Səbuhi Məmmədov müxtəlif bəhanələr gətirərək maşının üzərindən həbsin götürülməsi barədə qərarı icra etmir. Nəticədə iki aydır ki, Balabəy Həkimov şəxsi avtomobilindən istifadə edə bilmir. Heç bir qanun tanımayan şəxs öz bildiyi kimi hərəkət edir, vəzifəsindən sui-istifadə edib vətəndaşlardan qərarların icrası üçün rüşvət istəyir.
Daşdəmir Əliyev deyir ki, məhkəmə icraçısı Səbuhi Məmmədov onlardan da qərarın icrası üçün rüşvət istəyib. Lakin məbləğ onun istədiyi qədər ödənilmədiyindən Səbuhi qərarın icrasını dayandırıb: "Bir müddət əvvəl o qərarın icrası üçün Anar Cəfərovdan 150 manat tələb edib. Həmin vaxt Anar Cəfərov Bakıda olmadığı üçün dostundan xahiş edib ki icraçı ilə görüşsün. Dostu Səbuhi Məmmədovla görüşüb ona icra üçün  100 manat verib. Səbuhi Məmmədov 100 manatı alsa da, qərarın icrasını saxlayıb və qalıq məbləği tələb edib.  İcra məmuru deyib ki, 100 manat ona çatacaq, 41 manat isə dövlətə rüsum ödəniləcək. Həmin məbləğ ödənilmədiyi üçün də qərar icra olunmur. Bu prosesdən aydın olur ki, avtomobilin üzərindən həbsin götürülməməsi vəzifəli şəxs kimi icra məmuru Səbuhi Məmmədovun korrupsiyalaşmış fəaliyyəti ilə əlaqədardır. Buna görə də, Səbuhi Məmmədov barədə ciddi tədbir görülməlidir".
Daşdəmir Əliyev icra məmurunun özbaşınalığı barədə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Xanlar Zeynalova, Ombudsman Elmira Süleymanovaya, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib vəzifəli şəxsin barəsində tədbir görülməsini istəyib.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31