Bakı sakinlərinin soyuqdan donmalarının günahkarı kimdir?
22 Noyabr 2012 13:33 ProblemDay.Az saytının redaksiyasına Binəqədi rayonunda istilik təchizatındakı problemlərlə bağlı məktub daxil olub.
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, məktubda belə deyilir:
"Mən Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi bina 71A ünvanında yaşayıram. 15 noyabr tarixindən etibarən istilik təchizatında qış rejiminə keçilib. Məhz həmin gündən başlayaraq bizim binanın zirzəmisində isitmə sisteminin təmirinə başlanılıb. Əslində, təmir də olmadı. Sadəcə, köhnə boruları kəsib yerə qoydular, getdilər. Bu işləri kim görüb, mənə məlum deyil. İşlərin nə vaxt başa çatacağını da bilmirəm. Zəhmət olmasa, dəqiqləşdirin, qışa qədər istilik olacaqmı?"
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azəristiliktəchizat" ASC-nin 3 saylı Binəqədi rayon istilik idarəsinin rəisi Rövşən Tağıyevlə əlaqə saxlayıb.
"Bu ilin 15-16 noyabr tarixlərində bizim tərəfimizdən köhnə boruların dəyişdirilməsi istiqamətində işlər görülüb. Binanın istilik sisteminə qoşulmaq üçün lazımi tədbirlər görülüb. Mənzildaxili boruların bərpa olunması məsələsi sakinin özü ilə həll olunmalıdır. Əgər kiminsə mənzilində boru kəsilibsə, sakin bu borunu öz vəsaiti hesabına bərpa etməlidir. Biz öz işimizi görmüşük", - o qeyd edib.