Hacı Əli Sabunçu sakinlərini piyada qoyub
21 Noyabr 2012 13:44 ProblemSabunçu rayonunun Sabunçu qəsəbəsinin bir qrup sakini marşurut problemi ilə bağlı Kütləvi İnformasiya Vasitələrinə müraciət ünvanlayıb. "OLAYLAR"-a daxil olan müraciətin mətnində qeyd olunur ki, əraziyə işləyən yeganə 73 (əvvəlki 62T) saylı marşrut 7-8 aydır fəaliyyətini dayandırıb və onun xidmətindən istifadə edən 1000-dən çox ailə ərazidəki ən yaxın dayanacağa getmək üçün hər gün piyada 1 kilometrə qədər yol qət etməli olur. Marşrutun dayandırılmasına səbəb isə qəsəbənin içərisindəki 600-700 metrlik məsafədəki yolda 2-3 yerdə asfalt örtüyü dağılması göstərilib. Sakinlərin bildirdiyinə görə, bu marşurut sahibi tərəfindən irəli sürülən bir bəhanədir və 4-5 il əvvəl, həmin yolda asfalt örtüyü olmayan dövrdən son 7-8 aya qədər marşrut daha yaxşı işləyib: "Sadəcə əvvəllər marşrutda fərdi şəxslərə məxsus kiçik tutumlu avtobuslar işləyirdi. Kiçik tutumlu avtobuslar qadağan olunduqdan sonra isə bu problem yarandı. Çünki, 73 saylı marşrutun sahibi eyni zamanda Sabunçu qəsəbəsinin digər ərazisinə işləyən 62 saylı marşrutun sahibidir. Həmin sahibkarın əsas gəlir mənbəyi 62 saylı marşrut olduğundan isə indiyə qədər 73 saylı marşrutu bir növ monopoliyada saxlayaraq onun işləyib-işləmədiyinə ciddi əhəmiyyət verməyib". Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Nəqliyyat Departamentinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb: "Sonuncu dəfə oktyabrın 18-də birbaşa nəqliyyat naziri Ziya Məmmədova müraciət etmişik. Lakin məktub baxılması üçün Sərnişinnəqliyyat Departmentinə göndərilib və yenə də problem həll edilməmiş qalıb. Məktubun cavabı ilə bağlı Departamentlə əlaqə saxladıqda isə oradan belə bir cavab aldıq ki, guya həmin marşruta hər gün 2-3 avtobus buraxılır. Təbii ki, biz gözümüzə inandığımızdan və xəttə avtobusun cıxdığını görmədiyimiz üçün belə başa düşdük ki, həmin marşrut üzrə departamentdə saxta sənədləşmə aparılır. Yəni sahibkar gündəlik olaraq Departamentə saxta məlumat verir və Departament də bunu bilərəkdən təmin edir". Sakinlərin iddiasına görə, 62 və 73 saylı marşrutların sahibi olan Hacı Əli adlı şəxs nəqliyyat nazirinin yaxını olan bir millət vəkili ilə şərikdir. Bu səbəbdən Sabunçu sakinlərinin marşurut problemi həllini tapmır.