Kirayə üçün evlər çatışmır VIDEO
Paytaxtın kirayə mənzil bazarında qıtlıq müşahidə olunur
15 Noyabr 2012 18:27 ProblemPaytaxtın kirayə mənzil bazarında qıtlıq müşahidə olunur. Maklerlərin sözlərinə görə, tələbat əsasən 1-2 otaqlı evlərədir, amma kirayə üçün belə evlər çatışmır. Evlərin alqı-satqısı ilə məşğul olan makler Bahadur İbrahimov deyir ki, onların ofisinə gün ərzində 7-ə yaxın müştəri ev kirayələmək üçün müraciət etsə də, onlara "yox" cavabı verilir.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov da deyir ki, hazırda kirayə-mənzil bazarında tələb əsasən metro stansiyalara yaxın ərazilərdə yerləşən 1 və 2 otaqlı mənzillərədir. Həmin ərazilərdə köhnə tikililər üstünlük təşkil edir və yeni bina tikintisinin aparılması mümkün deyil. O baxımdan həmin ərazilərdə təklif sabit qalsa da tələb artır. Ekspert tələbin artımında iş yerlərinin sayının çoxalmasının, paytaxta oxumağa gələnlərin sayının artmasının rol oynadığını deyir. Kirayə mənzil qıtlığının yaranmasını isə ekspert tələbə yataqxanalarının azlığı, eyni zamanda sosial mənzillərin yoxluğu ilə əlaqələndirir.
Qeyd edək ki, hazırda paytaxtın ətraf rayonlarında 1 otaqlı evlər 200-250 manata, 2 otaqlı evlər 300-350 manata, 3 otaqlı evlərsə 300-500 manata kirayə verilir. Qiymətlər mənzillərin yerindən və təmirindən asılı olaraq dəyişir.