“Bank of Baku” ASC vətəndaşın əmlakını mənimsəmək istəyir
15 Noyabr 2012 16:16 Problem"Bank of Baku" ASC-nin daha bir fırıldağı ifşa edilib. Bu barədə "OLAYLAR"-a məlumat verən "Sumqayıt Gənclərinin Maarifləndirilməsi" İctimai Birliyinin sədri Elçin Məmməd deyib ki, sözügedən bank vətəndaşın əmlakını qeyri-qanuni yolla mənimsəməyə çalışır: "Belə ki, Sumqayıt şəhər Bələdiyyəsinin keçmiş üzvü Səidə Səfərova "Bank of Baku" ASC-nin yerli filialından 2009-cu ildə kredit götürüb. O zaman Səidə Səfərova bankla cinayət əlaqəsinə girərək Kamal Cabbarovun Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 2/45, 36 saylı mənzilini saxta sənədlərlə ipoteka ilə yüklü edib. Keçmiş bələdiyyə üzvü həmin mənzilin mülkiyyətçisi olan şikayətçinin həyat yoldaşını aldadıb və onun etibarından sui-istifadə edib. Qeyd edilən mənzildə Kamal Cabbarov və oğlunun daimi qeydiyyatının olmasına baxmayaraq onların razılığı və xəbərləri olmadan saxta sənədlər əsasında mənzil bank qarşısında ipoteka ilə yüklü edilib. Hətta ipoteka müqaviləsinin hazırlanması zamanı Kamal Cabbarovun adından Azərbaycan Respublikası, Naxçıvan MR, Şərur rayonu 1 saylı DNK tərəfındən 18.08.2009-cu il tarixdə saxta etibarnamə verilib və guya o, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 2/45, mənzil 36 ünvanına dair mənzilin ipotekaya qoyulması barədə əqdlərin həyata keçirilməsini Tamilla Cabbarovaya etibar edib. Naxçıvan MR-nın Şərur rayon 1 saylı DNK-nun dövlət notariusu öz vəzifə səlahiyyətindən sui-istifadə edərək Kamal Cabbarovun adından, lakin onun deyil məlum olmayan şəxs tərəfindən imzalanmış Tamilla Cabbarovaya verilmiş etibarnaməni təsdiq edib və həmin naməlum imza ilə 7E-2-589 saylı reyestr kitabında qeydiyyat aparılıb". Elçin Məmməd onu da bildirib ki, bütün bunlarla bağlı məhkəmə mübahisəsi qaldırılıb və Sumqayıt şəhər Məhkəməsinin 26.04.2012-ci il tarixli qətnaməsilə yuxarıda adı çəkilən ipoteka müqaviləsi etibarsız hesab edilib. "Məhkəmənin təyin etdiyi ekspertizanın rəyi də təsdiq edib ki, Şərur rayon 1 saylı DNK tərfindən verilən etibarnamədəki imzalar Kamal Cabbarova məxsus deyil. Vətəndaş iddia edir ki, kredit götürülən zaman "Bank of Baku" ASC Sumqayıt filialının direktoru Samir Rəhimov, Naxçıvan MR-nın Şərur rayon 1 saylı DNK-nun dövlət notariusu və Səidə Səfərova cinayət əlaqələrinə girərək onun əmlakını ələ keçirmək istəyirlər".