“Təzə bazar”dakı “bazarkom” qırğınında yeni faktlar ortaya çıxdı

Əhəd Abiyev bazara hücum edən silahlılara pul paylayırmış?

"Təzə Bazar" Açıq Səhmdar Cəmiyyətində baş verən davanın səbəbləri məlum olub. "OLAYLAR"a daxil olan məlumata görə, bazar uğrunda döyüşdə maraqlı şəxs ortaya çıxıb. Məlum olub ki, bazar rəhbərliyinə qarşı iddialı şəxs Daşkəsən rayonunun icra başçısı Əhəd Abiyevdir. Mənbənin məlumatına görə, bazar rəhbərliyinin davası zamanı icra başçısı Əhəd Abiyev də bazarda olub. Köhnə "bazarkom" Məmmədağa İbrahimova qarşı çıxan bazarın digər təsisçisi Vaqif Şıxəliyev silahlı qoçularla birlikdə bazara daxil olub və Məmmədağa İbrahimova hücum çəkib. Silahlı şəxslər bazarın rəhbərlik oturan inzibati binasına daxil olaraq Məmmədağa İbrahimov və onun adamlarına hədə-qorxu gələrək bazarı tərk etmələrini tapşırıb. Mənbə bildirir ki, həmin vaxt prosesi izləyən icra başçısı Əhəd Abiyev isə silahlı şəxslərə pul paylayıb. Əhəd Abiyev 16 AA 001 dövlət nömrə nişanlı avtomobillə bazara daxil olaraq Vaqif Şıxəliyevi müdafiə edən idmançı görkəmli silahlı şəxsləri başına yığıb onlara ayrı-ayrılıqda pul verib. Bununla yanaşı, Əhəd Abiyev silahlı şəxslərə tapşırıb ki, bazar mühasirəyə alınmalı, bazarkom və onun adamları bazardan çıxarılmalıdır. Tapşırığı alan silahlı şəxslər Vaqif Şıxəliyevin göstərişi ilə Məmmədağa İbrahimovun kabinetinə hücuma keçib.
Məsələ ilə bağlı hadisədə adı hallanan icra başçısı Əhəd Abıyevlə əlaqə saxlamaq istəsək də cəhdimiz boşa çıxdı. İcra başçısı nə mobil telefonunu qaldırdı, nə də Daşkəsən rayon İcra Hakimiyyətindən Əhəd Abiyevlə danışmağımızı təşkil etmədilər. Əks tərəfin mövqeyini dinləməyə hazırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31