Terror hadisəsindən necə qorunmaq olar?

Əgər sizi girov götürüblərsə...

Son illər dünya ölkələri terror dəhşəti altında yaşamağa məhkum edilib. Baş verən hadisələr deməyə əsas verir ki, dünyanın ən inkişaf etmiş ölkəsi belə terror aktından sığortalanmayıb. Avropadan tutmuş Şərqə, ABŞ-dan tutmuş Türkiyəyə qədər əksər ölkələr terror təhlükəsi altında yaşamaqdadır. Azərbaycanın özü də çoxsaylı terror aktlarına məruz qalan ölkələr sırasındadır. Daha dəhşətli məqam ondan ibarətdir ki, baş verən terror hadisələri zamanı yüzlərlə, bəzən isə minlərlə insan həyatını itirmiş olur. Bəs, bu dəhşətli fəlakətdən necə yaynmaq olar ki, günahsız insanlar terrorun qurbanına çevrilməsinlər? 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, terror - insanların həlak olması, onların sağlamlığına zərərin və əmlaka əhəmiyyətli ziyanın vurulması və ya başqa ictimai təhlükələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər, habelə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir. Terrorun ən çox rast gəlinən formaları terrorla hədələmə, sui-qəsd, girov götürmə, eləcə də partlayıcı qurğulardan, kimyəvi, bioloji, nüvə və radioloji silahlardan istifadədir. Nazirlikdən bildirilib ki, terror hadisəsinin qurbanı olmamaq üçün bir sıra məqamlara diqqət yetirilməlidir: " İnsanların kütləvi toplaşdığı yerlərdə ayıq-sayıq olun, ətrafınızda cərəyan edən hadisələrə diqqətlə yanaşın. Hər hansı sahibsiz əşya, şübhəli davranan insan gördükdə "102" və ya "112" qaynar xəttinə məlumat verin. Nədənsə şübhələnirsinizsə, dərhal ərazini tərk edin, zahirən təhlükəli təsir bağışlayan poçt bağlamalarını qəbul etməyin. Terror hadisəsinin planlaşdırılması haqqında telefonla xəbərdar edildikdə isə zəng olunan nömrəni qeyd edin. Zəng edəndən bacardıqca çox informasiya almağa çalışın, sizə deyilənləri dəqiqliklə yadda saxlayın". Nazirlikdən bildirilib ki, əgər partlayıcı qurğu təhlükəsi varsa, dərhal aidiyyati qurumlar xəbərdar edilməlidir: "Şübhəli əşya ilə rastlaşdıqda ondan uzaq durun, dərhal "102" və ya "112" qaynar xəttinə məlumat verin və ətrafdakı insanları xəbərdar edin. Şübhəli əşya yaxınlığında radioqurğu və mobil telefondan istifadə etməyin. Yadda saxlamaq lazımdır ki, partlayıcı qurğunu zərərsizləşdirmək yalnız mütəxəssislərin işidir. Heç bir halda belə bir qurğuya toxunmayın və onu hər hansı formada zərərsizləşdirməyə çalışmayın".
 Real partlayış təhlükəsi zamanı nə etməli?
Əgər real partlayış hadisəsi baş veribsə, bu zaman bir sıra tələblər yerinə yetirilməlidir. İlk növbədə mümkün olduğu qədər partlayıcı qurğudan uzaq durmaq tələb olunur. Bu mümkün olmadığı halda yerə uzanmaq və başı əllə qorumaq lazımdır. Bu zaman ayaqlar mütləq partlayıcı qurğu tərəfə uzanmalıdır: "Qəlpələrdən qorunmaq üçün hər hansı daş və ya beton maneənin arxasında gizlənin. Lakin bunun üçün heç bir halda plastmas, şüşə və taxtadan olan maneələri, reklam şitlərini seçməyin. Partlayış dalğasının keçdiyini hiss etdikdən dərhal sonra ayağa qalxmayın". Terror hadisəsinə məruz qaldıqda isə ilk növbədə hadisə yerindən uzaqlaşmağa çalışmaq lazımdır: "Bu mümkün olmadığı halda sürətlə hərəkət edən izdihamın içində yıxılmamağa çalışın, insan axınının sizi aparmasına imkan verin. Yaralanmısınızsa, əl altında olan parça materialı ilə (dəsmal, şərf, paltar və s.) yaranızı sarımağa və qanaxmanı dayandırmağa çalışın. Dağıntılar altında qalmısınızsa, səs və tıqqıltı ilə diqqəti cəlb etməyə çalışın və uçqun əmələ gətirməmək üçün ehtiyatla hərəkət edin. Ətrafda qəribə qoxu hiss edirsinizsə, yaxud boğulursunuzsa, ağız və burnunuzu çoxqatlı nəm parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq nəfəs alın. Uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər insanlara yardım edin".
Davranışınızla diqqət cəlb etməyin!
Məlumatda o da bildirilir ki, girov götürülən şəxsin bəzi məlumatları bilməsi olduqca vacibdir: "Əgər sizi girov götürüblərsə, özünüzü ələ alın, təşvişə düşməyin və sakitliyinizi qoruyun. Əmin olun, əlaqədar qurumların əməkdaşları sizi xilas etməyə çalışırlar. Sizi girov götürənlə münaqişəyə girməyin, xüsusilə ilk saatlarda onların bütün göstərişlərinə əməl edin. Davranışınızla diqqət cəlb etməyin, fəal müqavimət göstərməyin, qaçmaqla qurtula biləcəyinizə əmin deyilsinizsə, buna cəhd etməyin. Yaralanmısınızsa, az hərəkət edin,yeməkdən imtina etməyin. Bu, sizə gücünüzü və sağlamlığınızı qorumağa kömək edər. Qapı və pəncərədən, eləcə də terrorçudan uzaq durun. Xilasetmə tədbirləri zamanı bu, sizin təhlükəsizliyiniz üçün vacibdir. Əgər atışma baş verərsə, üzü üstə yerə uzanın və başınızı iki əlinizlə qoruyun". 
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31