Sumqayıtda yol polisi sürücülərə qan uddurur - AKTUAL

Rəşad Abdullayev sürücüyə qanunsuz cərimə yazıb

Sumqayıtda yol polisi əməkdaşları sürücüləri yenə də əsassız təqib etməkdə davam edir. Bu barədə "OLAYLAR"a Sumqayıt şəhər sakini, sürücü Həbib Dadaşov məlumat verib. Məlumata görə, o şəhər ərazisində yol polisinin növbəti özbaşınalığı ilə rastlaşsa da, bunu sübuta yetirə bilməyib. Sürücü şəhər daxilində hərəkət edərkən Sumqayıt şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşı tərəfindən şərlənib: "Noyabrın 6-da səhər saat 07:40 radələrində  Sumqayıt şəhərində idarə etdiyim avtomobillə hərəkət edərkən Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, özünü serjant Rəşad Abdullayev kimi təqdim edən şəxs mənə "saxla" mrini verdi, mən də saxladım. Yol polisi serjantı mənə yaxınlaşmadı, özüm onun yanına getdim. O məndən sənədlərimi tələb etsə də, nə məqsədlə məni saxladığını demədi. Sənədləri alandan sonra isə bildirdi ki, guya mən şəhərdə işıqforun qırmızı işığının tələblərini pozmuşam. Əslində isə belə bir hadisə olmayıb. Rəşad Abdullayev mənə bildirdi ki, guya 15 dəqiqə əvvəl mən "qırmızı işıqdan"keçmişəm və bu fakt işıqforun yanındakı kameraya düşüb. Sənədlərimi alıb mənə protokol yazıb getdi. Məsələ ilə bağlı Sumqayıt Dövlət Yol Polisi Şöbəsinə müraciət etsəm də, mənə kamera görüntüləri təqdim olunmadı. Rəşad Abdullayev bildirdi ki, o mənim qayda pozmağımı təsdiq edən faktı mənə təqdim etsə, onu işdən qovacaqlar".
Həbib Dadaşov deyir ki, Yol Polisi şöbəsindən bildiriblər ki, kamera görüntüləri Sumqayıt şəhər Polis İdarəsində saxlanılır və oradan həmin qeydlər sürücüyə verilmir. Sonradan isə məlum olub ki, sürücü heç bir qayda pozmayıb və yol polisi Rəşad Abdullayev onu qanunsuz olaraq saxlayıb. Sürücü deyir ki, Rəşad Abdullayev hər gün Sumqayıt şəhərində bu cür qanunsuzluqlarla məşğul olur və gün ərzində onlarla sürücünü qanunsuz cərimələyir. Sürücü məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib, pozulmuş hüquqlarının bərpası və serjant Rəşad Abdullayevin cəzalandırılmasını xahiş edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31