Şəkidə fəlakət yaşanır

Şəkinin dağlıq ərazilərinə yağan yağışlar Kiş çayının daşmasına səbəb olub

Şəkinin dağlıq ərazilərinə yağan yağışlar Kiş çayının daşmasına səbəb olub. Anspress-in məlumatına görə, çayın daşması nəticəsində Kiş kəndini şəhərlə birləşdirən körpü tamamilə dağıldığından kəndin Şəki şəhəri ilə əlaqəsi kəsilib. Çay özü ilə sel suları ilə bərabər lil təbəqəsi də gətirdiyindən ərazidə gediş-gəliş demək olar ki, məhdudlaşıb. 
  
Hadisə baş verdikdən sonra rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və digər aidiyyatı qurumlar da əraziyə gəliblər.

Körpünün uçması nəticəsində  şəhərlə əlaqə  kəsildiyindən Kiş kəndinin  yuxarı hissəsində 50 nəfər adam qalıb. Onların 20-si çayın yaxınlığında olan istirahət mərkəzlərinin birində qalan turistlər olub. İstirahət mərkəzində qalan insanları təxliyyə etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.  İnsanlar ərazidən helikopterlə təxliyə ediliblər.

300 metrə yaxın əsas daşıyıcı qaz xəttinin boruları sıradan çıxıb, kəndə elektrik enerjisinin verilməsi kəsilib, telefon xətləri sıradan çıxıb.

Aidiyyatı qurumlarının iştirakı ilə ərazilərə baxış keçirdiyini deyən icra başçısı Elxan Usubov  bildirib ki, ilk olaraq kəndlə əlaqənin bərpa olunması üçün rayonun Qoxmuq kəndi ərazisindən alternativ yol salınacaq. 

Açıq havada qərargah yaradıldığını deyən icra başçısı Kiş kəndinə qaz və elektrik verilişinin təhlükəsizlik səbəbindən dayandırıldığını deyib.

Sel suları ərazidə yerləşən bir neçə istirahət mərkəzinə  ciddi   ziyan  vurub. Ərazi  hidrometrologiya idarəsindən bildiriblər ki, yağış nəticəsində Kiş çayının Damarçın qolu ərazisindən gələn  sel suları daşqına səbəb olub. Yüksəklikdə  yerləşən  dərələrdən  axan çayların meyllilik dərəcəsi yüksək olduğundan boyük sürət axını yaranıb. Bu zaman dərələrdə erroziya nəticəsində əmələ gələn yığıntılar isə lil təbəqəsi şəklində sel sularına qarışıb. 

Hidrometrologiya idarəsindən onu da bildirdilər ki,  iyulun 1-dən 4-dək yağıntılı hava barədə əvvəlcədən aidiyyatı qurumlara məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31