Binəqədidə 8 nəfərlik ailə hər an məhv olmaq üzrədir - PROBLEM
6 Noyabr 2012 17:21 ProblemBakıda 8 nəfərlik ailə hər an təhlükə qarşısında qalıb. Bu barədə redaksiyamıza müraciət edən şəhər sakini Səadət Abbasova ailə üzvlərinin ölümlə üz-üzə qaldığını bildirir. 8 nəfərlik ailə üzvləri ilə qəzalı vəziyyətdə yaşadığını deyən şikayətçi bildirir ki, artıq 1 ildən çoxdur ki, ailəni bu fəlakətdən qurtaran yoxdur. Şikayətçi bildirir ki, 2011-ci ilin avqust ayında yaşadıqları ünvanda-Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 3, ev 13-dəki mənzilləri sürüşmə nəticəsində bərbad hala düşüb. Belə ki, evin yuxarı hissəsində hər biri 2-3 mərtəbədən ibarət iki villa tikilib. Evlərin tikintisi zamanı ərazidə titrəmələr baş verib və həmin vaxt sal qaya qoparaq Abbasovların evinin arxasına düşüb. Nəticədə ev tam yararsız vəziyyətə düşüb. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, ailəni təhlükədən xilas edən olmayıb. Hadisə ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət olunsa da, qurumdan ailənin vəziyyəti ilə əlaqədar maraqlanan olmayıb. Çarəsiz qalan Abbasovlar ailəsi şəxsi vəsaiti ilə evin arxasındakı sürüşmənin qarşısını almaq üçün oranı hasarlayıb. Lakin bu da ərazidə sürüşmənin qarşısını ala bilməyib.
Fövqəladə Hallar Nazirliyi evdə yaşayışı təhlükəli hesab edir
Səadət Abbasovanın sözlərinə görə, 2012-ci ilin mart ayının 21-də növbəti dəfə torpaq kəskin sürüşərək, evin arxa hissəsində mətbəxlə yataq otağının düşdüyü səmtdə hasarı aşırıb. Ev tam olaraq qum örtüyü ilə əhatələnib: "Bu ilin mart ayından etibarən, indiyədək aidiyyəti orqanlara etdiyimiz müraciətlərə, göndərilən təcili teleqramlara məhəl qoyulmayıb. Qəsəbə nümayəndəliyi, Nazirlər Kabineti, İnsan Haqları üzrə Müvəkkilə (Ombudsmana) dəfələrlə yazılı şəkildə müraciətlər olunub. Əraziyə baxış keçirən müvafiq strukturlar bizim ailənin tam olaraq təhlükə qarşısında olduğunu desələr də, hələlik bu istiqamətdə heç bir tədbir görülməyib. İkinci sürüşmədən sonra Fövqəladə Hallar Nazirliyi evimizə baxış keçirdi. Həmin vaxt ərazidə bizim evlə birlikdə 11 ev qəzalı vəziyyətə düşdü. Amma, onlardan ən təhlükəlisi bizim ev oldu. Fövqəladə Hallar Nazirliyi evə baxış keçirib və evin tam qəzalı vəziyyətdə olduğunu bildirib və nazirlik əməkdaşları ailənin evdən köçürülməsi barədə Binəqədi rayon İcra hakimiyyətinə rəy verib. Amma, buna baxmayaraq icra hakimiyyətinin bəzi məmurları bizim köçürülməyimizə məhəl qoymadılar. Artıq bir ilə yaxındır ki evdə otura bilmirik. Ev elə vəziyyətdədir ki, hər an uça bilər" .
İki icra başçısı bir ailəni ölümdən qurtarmaq istəmir
Səadət Abbasova deyir ki, Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra icra hakimiyyətinin əməkdaşları ailənin köçürülməsinə söz verib və bu barədə Fövqəladə Hallar Nazirliyini də məlumatlandırıblar. Amma, bir neçə gün sonra icra hakimiyyətindən bildiriblər ki, onların evi siyahıya əlavə edilməyib: "Əvvəlcə bizə icra hakimiyyətindən dedilər ki, evi boşaldın və müvəqqəti qohumlarınızgildə qalın. Biz isə icra hakimiyyəti köçürülməyimiz barədə heç bir sənəd vermədiyi üçün evi tərk etmədik. Elə o vaxtdan da bu cür şəraitdə qorxu içərisində yaşayırıq. Heç kim də maraqlanmır. Rayonun əvvəlki icra başçısı Alı Qocayevin qəbuluna dəfələrlə getsək də, bizi qəbul etmədi, teleqramlara cavab vermədi. Binəqədinin icra başçısı dəyişəndən sonra da bizim şikayətlərimizə baxan yoxdu. Yeni icra başçısı Xaləddin İsgəndərova da dəfələrlə müraciətlər etmişik, ailənin ölüm təhlükəsində qaldığını bildirmişik. Amma, yenə də heç bir reaksiya yoxdur. Evdə atam və anam hər ikisi qorxudan xəstəliyə tutulublar. Hər günümüz qorxu içərisindəyik. Hər gün Allaha yalvarırıq ki, heç olmasa ev gecə uçmasın, hamımız dağıntı altında qalmayaq. Başqa çıxış yolumuz yoxdur. Məmur məsuliyyətsizliyindən məhv olmaq üzrəyik. 8 nəfərlik ailə üzvümüzün hər dəqiqəsi ölümdür. Amma, məmurlar buna reaksiya vermir".
Qəzalı evin təmirinə külli miqdarda rüşvət istəyirlər
Səadət Abbasova deyir ki, icra hakimiyyətinin bəzi məmurları onların evlərinin bərpası üçün rüşvət tələb ediblər: "Fövqəladə Hallar Nazirliyi evin qəzalı vəziyyətdə olması ilə bağlı rəy versə də, icra hakimiyyətinin məmurları bizdən təmir üçün rüşvət tələb edirlər. Evdə 73 yaşlı atam xəstə, anam xəstə, aldıqları məvacib onların iynə-dərmanına çatmır. Zorla çörəkpulu tapırıq, icra hakimiyyəti də bir tərəfdən bizdən külli miqdarda rüşvət istəyir. Rüşvət vermədiyimiz üçün də evimizi təmir etmirlər ki, daha da uçub bərbad vəziyyətə düşsün. Məmurlar hərəsi öz bildiyi kimi hərəkət edir, dinc, imkansız sakinlərin qanını içməklə məşğuldurlar".
Çarəsiz qalan Abbasovlar ailəsi üzləşdikləri açınacaqlı vəziyyətlə bağlı prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya müraciət edib. Ailə ölkə başçısından sığınacaq istəyir və üzləşdikləri məmur özbaşınalıqlarının qarşısının alınmasını xahiş edir.
Samir Əli