Bakıda küçələrdə qalan sərnişinlər avtobus harayında

Bakıda sakinlərin marşrut avtobusu ilə bağlı ciddi problemi var.

Köhnə Günəşli qəsəbəsində yaşayan oxucu Milli.Az-a məktubla müraciət edərək hər gün üzləşdiyi avtobus problemindən danışıb. Köhnə Günəşli qəsəbəsi, Şıxlinski küçəsində yaşayan oxucu deyir ki, hər gün avtobusun olmaması səbəbindən yüzlərlə insan işə gecikir: "Avtobus xəttimiz demək olar ki, yox dərəcəsindədir. Köhnə Günəşli qəsəbəsinə 3 marşrut xətti 47, 75 və 36 saylı avtobuslar işləyirdi. Ancaq bir ilə yaxındır 36 saylı avtobusun ümidinə qalmışıq. Heç kimə məlum olmayan səbəbdən bu ilin yanvarından 75 və 47 saylı marşrut xətləri bağlandı".Oxucu ümidinə qaldıqları avtobusun da işinin bərbad vəziyyətdə olmasını məktubunda qeyd edib: "Ümidinə qaldığımız 36 saylı avtobusun sürücüləri 18-20 yaşlı oğlanlardır. Avtobusu idarə etməyi bacarmırlar və gündə bəlkə 4-5 avtobus cərimə meydançasına aparılır və bunun nəticəsi olaraq əhali yollarda qalır"."Bakı Sərnişin Nəqliyyat" Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov Milli.Az-a açıqlamasında bildirdi ki, 36 saylı marşrut avtobusu normal işləyir və həmin xəttə sərnişin axını nəzərə alınaraq maksimum sayda - 20 avtobus buraxılır. Departament məsələhətçisi hesab edir ki, həmin istiqamətdə sərnişindaşımanın vəziyyəti normaldır: "Mehmandarov küçəsindən 81 saylı marşrut işləyir. Bəzi marşrutlar var ki, səhlənkarlıq edərək son dayanacağa qədər getmir. Bu problem də həllini tapacaq. Həmin xətlərə işləyən avtobusların sürücüləri təcrübəli şəxslərdir. Kateqoriyası olmayan sürücülər həmin xətlərə buraxılmırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31