Valideynlərin aliment problemi

Qanunda dəyişiklik valideyinin məsuliyyət hissini artıracaqmı?

Milli Məclis Ali Məhkəmənin Plenumunun tövsiyyəsi əsasında Əmək Məcəlləsinə dəyişiklik edib. Dəyişikliyə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin ediləcək. Etiraf edək ki, hazırki şəraitdə sözüdedən dəyişikliyi mütərəqqi addın kimi dəyərləndirmək olar. Çünki kifayət qədər faktlar var ki, əksər valideynlər ən müxtlif səbələrdən sui-istifadə edərək aliment ödəmkdən yayınırlar. Bəs, qanunda edilən dəyişiklikdən sonra elə halların qarşısını almaq mümkün olacaqmı? 

Ali Məhkəmədə hesab edirlər ki, ailə münasibətləri hər bir cəmiyyətdə qorunur, həminin, ailənin möhkəmliyi Konstitusiya ilə təmin olunur. Azərbaycan xalqının da tarixən gözəl ailə ənənələrinə malik olub. Təəssüf ki, son 15-20 ildə ölkədə nikahların pozulması halları Azərbaycan ailəsinin möhkəmliyi xüsusiyyətlərinə cavab vermir, yəni, nikahların pozulması halları artır, məhkəmə çəkişmələri, aliment məsələləri ortaya çıxır. Sovetlər dövründə alimentlərlə bağlı məhkmə qətnamələrinin dərhal icraya yönəldilməsini nəzərdə tutan norma vardı. Ancaq son illərə kimi aliment bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən sonra nikahları pozulan cütlüklərə aliment məsələsi ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət, şikayət etmək hüququ verilmişdi və bu da haradasa ən azı 6-7 ay çəkirdi. Bu müddətdə də uşaqlara alimentlərin ödənilməsi məsələsində əlavə problemlər yaranırdı və bundan da ilk növbədə uşaqlar əziyyət çəkməli olurdu. Ona görə Ali Məhkəmənin Plenumu belə bir təklif çıxış edib ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilsin. Ali Məhkəmədən o da bildirilib ki, tərəflər yuxarı instansiya məhkəmələrinə müraciət etmək hüquqlarını özlərində saxlayırlar. 
Qeyd edək ki, Azərbaycanda boşanma hallarının sayının artması ilə paralel alimentdən yayınma hallarının da çoxalması müşahidə olunur. Sözün həqiqi mənasında hazırki şəraitdə aliment ödənilməsi ən problemli məsələlərdən hesab olunur. Qeyri-rəsmi statistikaya görə, hazırda məhkəmələr tərəfidən baxılan ümumi işlərin üçdə biri alimentlə bağlıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də hesab edirlər ki, bu gün uşağın saxlanılması üçün alimentin ödənilməməsi ilə bağlı problemlər mövcuddur. Əksər hallarda borclu şəxslər təyin olunmuş alimenti ödəməkdən boyun qaçırmaq üçün müxtəlif üsullara əl atırlar və bütün bunların əziyyətini uşaqlar çəkir. Belə ki, 2013-cü ildə 148, 2014-cü ildə 167, 2015-ci ildə isə 237 alimentin ödənilməməsi ilə bağlı Komitəyə müraciətlər daxil olub. "Uşaq hüquqları haqqında" qanunda göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var, lakin mövcud şəraitdə Qanunun bu tələbləri vətəndaşlar tərəfindən pozulur. Maraqlıdır, valideyinlər niyə öz övladlarının saxlanması üçün nəzərdə tutlan minimum xərci ödəməkdən boyun qaçırılar. İnsanlar valideynlik hissinin itiriblər, yoxsa iqtisadi problemlər məngənəsində yaşayırlar? 
Ekspertlərin qənaətinə görə, aliment ödənilməməsi məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, valideynlik hissini itirmiş insanlar müxtəlf bəhanələrlə üzərlərinə düşən vəzifəni icra etməkdən yayınırlar. Yeri gəlmişkən onu da qeyd edək ki, valideynlərin aliment ödəməkdən boyun qaçırmaları üçün kifayət qədər bəhanələr var. İş o həddə çatıb ki, bəzi valideynlər az əmək haqqı almaları barədə arayış üçün çalışdıqları idarə və müəssisələrə rüşvət verməyi özlərinə rəva bilirlər, amma həmin pulu öz doğma övladlarına verməkdən boyun qaçırırlar. Əksər hallarda valideyinlər rəsmi iş yerlərinin olmadığını əsas gətirərək aliment ödəməkdən imtina edir. 
Düzdür övladının tərbiyyə, təhsil və sağlamlığı ilə məşğul olmaq hər bir valideynin borcudur. Odur ki, yaxşı olardı ki, ilk növbədə valideynlər öz övladlaqı qarşısında vəzifələrini dərk edib uşağın saxlanmasında yaxımdan iştirak etsin. Bu iştirak həm maddi, həm də mənəvi baxımdan təmin edilməlidir. Valideynlər birmənalı şəkildə dərk etməlidirlər ki, dünyaya gətirdikləri uşağın sağlam böyüməsi, onların tərbiyyəsi, qidalanması və təhsil alması ilə bağlı məsuliyət daşıyırlar. O ki, qaldı alimentin hansı gəlirlərdən tutulmasına, qanunvericilikdə bu məsələ konkret həllini tapıb. Ancaq etiraf edilməlidir ki, işsizlik, iqtisadi çətinlik səbəbindən də aliment ödəməkdən yayınma halları kifayət qədərdir. Belə halda isə valideyni "içəri atmaqla" problemi kökündən həll etmək qeyri-mümkündür. Bu zaman beynəlxalq təcrübəyə istinad etmək yerinə düşərdi. Məlumata görə, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür. Latviyada alimentlərin ödənilməsi işini tənzimləyən qanunvericilikdə köklü islahatlar həyata keçirilib, o cümlədən Aliment Fondu təsis edilərək bu sahədə səmərəli icra mexanizmləri tətbiq olunmağa başlanılıb. Latviyanın Uşaqlar və Ailə İşləri üzrə Nazirliyin təşəbbüsü ilə "Saxlanılma xərclərinin təminatları fondu haqqında" Qanun qəbul edilib, həmin nazirliyin bilavasitə tabeliyində olan uşaqların saxlanılması xərclərinin təminatları Fondu yaradılaraq fəaliyyətə başlayıb. Burada fondun məqsədi məhkəmə qərarları əsasında alimenti ödəməyə borclu olan valideyndən yardım almayan və bu səbəbə görə digər valideyni tərəfindən saxlanılan uşaqlara minimal saxlanılma xərclərinin ödənilməsi ilə onların sosial təminat almaq hüququnun təmin olunmasından ibarətdir. Etiraf edilməlidir ki, Azərbaycanda da gələcəkdə bu istiqamətdə işlərin aparılması aliment problemi yaşayan qrupa daxil olan uşaqların mənafelərinin yaxşılaşdırılması sahəsinə əhəmiyyətli təsir göstərə bilər.


Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31