Heydər Əliyev prospektini işıqsız qoyan məmur kimdir?
Cəlilabadda məmur özbaşınalığı
25 May 2016 12:54 ProblemDövlət başçısının yerli məmurlara vətəndaşlarla normal ünsiyyətdə olmaq, onların problemlərini qısa müddət ərzində həll etmək barədə verdiyi tapşırıq və tövsiyyələrə baxmayaraq hələ də yerlərdə bu istiqamətdə problemlər qalmaqdadır. Bəzən isə bu və ya digər yerli məmur nəinki vətəndaşın şikayətini dinləmir, əksinə həmin məmur özü vətəndaşa ciddi problem yaradır. Bu kimi mənfi tendensiya isə son nəticədə xalqla hakimiyyət arasında uçurum yaradır. Əlacsız qalan vətəndaş paytaxta, müvafiq dövlət orqanlarına üz tutur. Elə Cəlilabad rayonu, Gülməmmədli kənd sakini Qürbət Səfərovu da müvafiq dövlət qurumları, həmçinin kütləvi informasiya vasitələrinə üz tutmasına səbəb məmur özbaşınalığıdır . Qürbət Səfərov dövlət qurumları və KİV-lərə ünlanlamış olduğu müraciətdə Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədovdan şikayətlənir.
Cəlilabad EPŞ-də nə baş verir?
Müraciət müəllifi iddia edir ki, Aydın Məmmədov müdir təyin olunandan rayonun elektrik təminatı sahəsində özbaşınalıq baş alıb gedir. Şikayətçinin sözlərinə görə, Aydın Məmmədov hətta vətəndaşların həyətlərinə qanunsuz müdaxilə hallarına da yol verir: "Belə ki, Aydın Məmmədov idarəyə yeni təyin etdiyi adamları ilə vətəndaşların həyətinə qanunsuz olaraq soxularaq mənzillərə elektirk enerjisinin verilməsini dayandırır. Maraqlısı odur ki, vətəndaşların bir çox hallarda külli miqdarda borcu olmasa da, (xırda 30-40 manat, hətta 5 manat) Aydın Məmmədov onları işıqsız qoyur. Bu şəxs yuxarı dövlət orqanlarında elə fikir formalaşdırır ki, guya o, dövlətin büdcəsinə vəsait keçirilməsi üçün belə addım atır. Amma əsl reallıq başqadır. Aydln Məmmədov nəinki abonentləri, hətta rayonun dövlət orqanlarını da qorxutmaqla məşğuldur ki, heç kəs onun yeyintilərinə müdaxilə etməsin. Məhz bunun nəticəsidir ki, rayonun mərkəzi küçəsi Heydər Əliyev prospekti 1 aya yaxındır işıqsızdır". Qürbət Səfərov daha sonra qeyd edir ki, 07 aprel 2016-cı il tarixdə, gecə saat 23.00 radələrində Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov rayonun Albalan kənd sakini Adış Ağayevin evinə soxularaq onun işığı kəsmək istərkən vətəndaşın ürəyi partlayaraq vəfat edib: "Aydın Məmmədovun gecə qəfildən hücumu, yaratdığı hay-küy, onun ev sakinlərinə fiziki və psixoloji təzyiqi 50 yaşında kişini əsəb gərginliyinə gətirib çıxarıb və nəticədə onun ürəyi partlayaraq ölüb. Bu məsələ ilə əlaqədar Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılsa da, nədənsə iş müəmmalı səbəblər ucbatından ört-basdır edilib. Rayon əhalisi adından dövlət orqanlarından xahiş edirəm ki, Aydın Məmmədovun ucbatından vəfat etmiş bu şəxs barəsində cinayət işi yenidən qaldırılsın və haqq-ədalət öz yerini tapsın. Media işçilərindən də xahişim budur ki, bu məsələnin işıqlandırılmasında dəstək olsunlar".
Qeyri-leqal borclara görə vətəndaşın işığı kəsilir
Şikayət müəllifi deyir ki, bu gün rayonda qeyri-leqal borclara görə əhalinin işığını kəsirlər: " Amma əsl borcu olanların aktları gizlədilir. Həqiqət bundan ibarətdir ki, Günəşli, Petrovka, Maşlıq kəndlərinin, Göytəpə qəsəbəsinin və rayonun Məhəmməd Hadi küçəsinin abonentlərinin real borcları gizlədilir. Xahiş edirəm ki, dövlət orqanları bu kəndlərin əhalisinin işığa olan borclarını və yığım arasındakı fərqi yoxlasınlar. O halda Aydın Məmmədovun hansı oyunlar oynanıldığı ortaya çıxacaq. Vətəndaş qanunla ödənişi poçtla köçürməli olduğu halda, amma sadaladığımız və digər kəndlərdə əhaliyə pulu aparıb poçta ödəməyə imkan vermirlər. Rayonun kəndlərində abonentlər işığa olan borclarını birbaşa nəzarətçilərə verirlər. Nəzarətçilər isə qəbzlərlə hansı oyun olsa çıxarırlar və büdcəyə keçəcək pullar mənimsənilir. Qəbzin nüsxələri poçtda olmalıdır. Amma rayonun sadaladığımız kəndlərində qəbzlər hamısı nəzarətçilərin əlindədir. Xahiş edirəm ki, rayonun Muğan-Hamarqışlaq və Uzuntəpə kəndlərində abonentlərinin ödədiyi və əllərində olan çeklərlə Cəlilabad EPŞ bazasında olan göstəriciləri tutuşdurasınız. Onda görəcəksiniz ki, kəskin fərq üzə çıxır. Əhalinin işığa görə ödədiyi pulların çox hissəsi büdcəyə daxil olmur, möhtəkirlərin ciblərinə axır. Qəbzlər adətən 3 nüsxədən ibarət olur. Abonent borcunu verərkən qəbzlərin arasına qara kraskalı kopirovka kağızı qoyurlar ki, üstdə yazılan yazı altdakı nüsxələrə də düşsün. Lakin nəzarətçilər abonentdən pulu alarkən üstdəki məbləği düzgün yazıb vətəndaşın özünə qaytardıqları halda, altdakı nüsxələrin solğunluğundan istifadə edərək xırda məbləğ yazıb idarəyə təhvil verirlər. Məsələn, vətəndaş işığa olan borcuna 30 və ya 50 manat ödəyib çekini nəzarətçidən alır. Nəzarətçi isə digər nüsxələrdə düzəlişlər apararaq sıfırları tullaylr, müvafiq olaraq həmin rəqəmləri 3 və ya 5 yazaraq aparıb digər nüsxəni idarəyə təhvil verir. Beləliklə, vətəndaşın ödədiyi məbləğin çox hissəsi dövlətə getmir, kimlərinsə ciblərinə axır. Aydın Məmmədov Cəlilabad EPŞ-nə müdir təyin olunandan bu üsulla mənimsəmələr geniş vüsət alıb. Ən böyük oğurluq isə Göytəpə qəsəbəsində gedir.
Enerji haqlarının yığımında saxtakarlıq
Dövlət orqanlarından, respublikanın hüquq mühafizə orqanlarından xahiş edirəm ki, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsində baş verən "Qəbzlərin Alt-Üst Əməliyyatı" ilə bağlı təhqiqat aparılsın. Hazırda rayonun bir çox kəndlərində qəbzlər qeyri-qanuni olaraq nəzarətçilərin əlindədir və onlar yuxarıda dediyimiz qəbzlərin alt-üst yazılması ilə vətəndaşın dövlətə ödədiyi pulu oğurlayırlar. Məhz buna görə də tez-tez vətəndaşın ödədiyi pul ilə idarənin göstəriciləri arasında uyğunsuzluq yaranır. Nəticədə vətəndaşla EPŞ arasında narazılıq qalxır. Vətəndaş pulunun oğurlandığını və haqq-ədalətsizliyi görüb işıq pulu verməkdən imtina edir. Bəzən isə nəzarətçi hətta yerindəcə abonentə heç bir qəbz vermir. Sadəcə pulu alıb gedir, 2-3 gündən sonra vətəndaşın evinə qəbz verilir"
Dövlət vəsaiti necə mənimsənilir?
Qürbət Səfərov qeyd edib ki, rayonun Əhməd Cavad küçəsində isə (Astanabad) böyük bir saxtakarlıq edilərək külli miqdarda dövlət vəsaiti mənimsənilib: "Bu kəndin əhallisi kasıb olduğundan onların işığa çoxlu borcu yaranmışdı. Müdir Aydın Məmmədov Astanabad abonentlərinin köhnədən qurulmuş 3 faza sayğaclarını yeniləri ilə əvəz etdi. Abonentlərdən 300 manatdan pul toplayaraq köhnə borcları sildilər. Hazırda Astanabad sakinlərinin evlərinə yeni sayğaclar qoyulub və Aydın Məmmədov bu işdən külli miqdarda qazanc əldə edib. Köhnə sayğacların isə hara yox olduğu bilinmir. Hüquq mühafizə orqanlarından xahiş edirəm ki bu məsələyə də aydınlıq gətirsinlər. Xahiş edirəm ki, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin mühasibat kağızları və eləcə də əhalinin dövriyyəsi tam yoxlanılsın, elektrik sistemində olan kütləvi yeyintilərə son qoyulsun".
Füzuli