Rza Zərrabın hüquqlarının müdafiəsindən niyə yayınırıq?

Yunus Oğuz: “Soydaşlarımızın hüquqlarının müdafiəsi Azərbaycan cəmiyyətinin bir saylı vəzifəsi olmalıdır”

İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunub. Rza Zərrabın Mayamidəki villasında Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən həbs olunduğu bildirilir. Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb. Məlumata görə, Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur. Nyu York prokuroru Prit Bharara, ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən 33 yaşlı Zərrab iki İran vətəndaşı-Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir. Hakim Riçard Berman hər üç şübhəli üçün üst-üstə 75 il həbs cəzası tələb edib. Onun barəsində irəli sürülmüş 21 səhifəlik rəsmi ittiham aktında deyilir ki, Rza Zərrab və digər iki İran vətəndaşı illər boyu İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozublar. Dünya miqyasında çirkli pulların leqallaşdırılması əməliyyatlarını həyata keçiriblər. Lakin buna baxmayaraq əksər ekspertlər hesab edirlər ki, onun barəsənidə aşılan cinayət işinin mahiyyəti ziddiyyətlidir. İrəli sürülən ittihamlar bir-birini təkzib etməkdədir. Odur ki, R.Zərrabinin həbsində siyasi çalarların olması istisna olunmur. Məsələn, səslənən fikirlərə görə, Rza Zərrab ABŞ-a bilərəkdən gedib. Çünki o, ABŞ-ı özü üçün daha təhlükəsiz ölkə sayıb. Digər ekspertlərin fikrincə, Rza Zərrab, sadəcə, üzdə olan fiqurdur və "görünməyən güclər"in sifarişləri ilə hərəkət edir. Təkcə bi iki ziddiyyətli fikirlər onun barəsində açılan cinayət işinin qərəzli, sifarişlə aparılacağı etimalını yaradır. Belə halda onun meydanda tək qalması daha bir soydaşımızın mərhumiyyətlərə məruz qalması anlamına gəlir.

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu hesab edir ki, harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq istənilən soydaşımızı müdafiə etmək vacib şərtdir: "Düzdür, Rza Zərrab əslən iranlıdır, Türkiyə vətəndaşıdır, amma azərbaycanlıdır. Hazırda ABŞ-da həbs olunub və cinayət işinin istintaqı davam etdirilir. O da məlumdur ki, hüquq müdafiəçisi başqa dövlətin işinə qarışa bilməz. Bütün sadalananlara baxmayaraq biz ən azından səsimizi qaldıra bilərik ki, onun cinayət işinə düzgün və ədalətli şəkildə baxılsın. Hazırda da bu istiqamətdə fəaliyyətmizi davam etdirirk". Hüquq müdafiəçisi əlavə edib ki, məsələ ilə əlaqədar mütəmadi olaraq Türkiyənin hüquq müdafiəçiləri ilə əmakdaşlıq edilir.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib ki, harada yaşamalarından, harada anadan olmalarından asılı olmayaraq xarici ölkələrdə yaşayan bütün azərbaycanlılar bizim soydaşlarımızdır. Təbii ki, biz onların hər biri ilə maraqlanmalı, üzəşdikləri problemlərin aradan qaldırılmasında yardımçı olmalıyıq. Çünki Azərbaycan dövləti bütün azərbaycanlıların arxası və dayağıdır. Rza Zərrabi Türkiyə vətəndaşıdır, biznesini də bu ölkədə qurub. Düşünürəm ki, vətəndaşlıq nöqteyi nəzərindən ilk növbədə Türkiyə bu məsələyə daha ciddi səy gəstərməlidir. Nəzərə almaq lazımdır ki, dünyanın hər hansı ölkəsində bir amerikalının hüququ pozulduqda Amerika dövlət dərhal ayağa qalxaraq onun hüquqlarını qoruyur. Elə Rusiyanın özündə də belə bir ənənə var. Bu baxımdan Rza Zərrabın hüquqlarının müdafiəsi ilk növbədə Türkiyənin səlahiyyətlərinə aid olan bir məsələdir. Amma o, azərbaycanlı, soydaşımız olduğu üçün bizim ziyalılaraımız onun taleyi ilə maraqlanmalıdırlar. Ən azından onun barəsində açılmış cinayət işinin qanunlara uyğun çərçivədə, ədalətli şəkildə aparılmasının təmin olunması üçün ziyalılarımız müəyyən iş görməlidirlər". M.Səfərli hesab edir ki, bu işdə Azərbaycan və Türkiyə diasporu da müəyyən iş görə bilər: "Məlumdur ki, ABŞ-da bizim güclü diaspor təşkilatımız var. Hesab edirəm ki, həmin diaspor təşkilatları da onun taleyi ilə maraqlanmalıdırlar. Biz harada yaşamağımızdan asılı olmayaraq bir-birimizi axtarıb tapmalı, problemlərimizə şərik olmalıyıq. Yadda saxlamaq lazımdır ki, hər hansı bir erməninin barmağı qanayanda bütün dünya erməniləri ayağa qalxır. Odur ki, diaspora təşkilatlar ən azından marağında olmalıdırlar ki, Rza Zərrabın işinə Amerika qanunları çırçivəsində, lakin ədalətli şəkildə baxılsın".
Yunus Oğuz hesab edir ki, dünyanın istənilən ölkəsində yaşayıb fəaliyyət göstərən azərbaycanlının hüquqlarını müdafiə etmək Azərbaycan cəmiyyətinin bir saylı vəzifəsi olmalıdır. Çünki Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın güvənc yeri, dayaq nöqtəsidir: "Artıq dünyada belə bir praktika mövcuddur. Harada yaşamalarından asılı olmayaraq ermənilərə, yəhudilərə hüquqları pozulduğu halda dövlət və cəmiyyət tərəfindən dəstək gəlir. Azərbaycan cəmiyyəti də soydaşlarımızla bağlı məsələlərə biganə qalmamlıdır. Düzdür, Rza Zərrab Türkiyə vətəndaşıdır, orada iş adamı kimi tanınıb, bu ölkənin iqtisadiyyatına yatırımlar edib. Ancaq Azərbaycanın da əlehinə hər hansı fəaliyyətdə olmayıb. Bir də ki, ortada dünyaca məhşur müəğnni, onun həyat yoldaşı Ebru Gündəş amili var. Bu sənət adamı da daim Azərbaycana qarşı xoş münasibəti ilə seçilib. Odur ki, Azərbaycan cəmiyyəti Rza Zərrabın hüquqlarının müdafiəsində əlindən gələni etməlidir". Y.Oğuz onu da bildirib ki, bu işdə xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarımız da fəal olmalıdır: "Məlumdur ki, xarici ölkələrdəki diaspora təşkilatlarımız soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində ciddi fəaliyyət qururlar. Əslində bu təşkilatların soydaşlarımızın pozulmuş hüquqlarının bərpa olunması üçün ciddi rıçaqları və geniş imkanları mövcuddur. Məhz həmin imkanlardan istifadə edərək daha bir soydaşımızın hüquqlarının müdafiəsini təmin etməlidirlər".


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31