“Mərkəz”in əməkdaşına rüşvət ittihamı

“Ona 20 manat vermək istəyiblər. Jurnalistin iştahı böyük olduğundan "razılaşma" alınmayıb”

"Mərkəz" qəzetinin əməkdaşının döyülməsinə keçmis millət vəkili Nazim Məmmədov reksiya verib. "Qafqazinfo" xəbər verir Ki, o "Facebook" statusunda jurnalistin Taksi dayanacağının rəhbərindən rüşvət istədiyini qeyd edib: "Dünən "Mərkəz"in bir jurnalisti mənim dostum Emin Abbasovun obyektinə gedib, əvvəlcə Ekologiya Nazirliyinin əməkdaşı kimi özünü təqdim edib. Vəsiqəsini soruşublar, jurnalist düzünü deməyə məcbur olub. Pul istəyib ki, yazmayacam, 20 manat vermək istəyiblər. Jurnalistin iştahı böyük olduğundan "razılaşma" alınmayıb. Sonu isə məlumdur, "guya jurnalist döyülüb". Bunun adı nədir?".

Coşqun Əliyev isə "Qafqazinfo"ya bildirib ki, keçmiş deputatın onun haqqında dedikləri yalan və böhtandır: "Görünür, Nazim Məmmədovun həmin müəssisə ilə bağlılığı var. Ərazidə olarkən üzərimdə "Mərkəz" qəzetinin (24)N-li press vəsiqəsi olub. Vəsiqəmə Emin Abbasov şəxsən baxıb və məlumatları öz kitabçasına qeyd edib. Adıçəkilən ərazidə araşdırma aparacağımla bağlı redaksiyanı məlumatlandırmışam. Bununla yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə də məlumat vermişəm. Nizami rayon İcra Hakimiyyətinin təsərüffat bölməsinin rəhbəri Babək Tatlıyevlə də əlaqə saxlamışam və faktla bağlı məlumat vermişəm. Mən bu günə kimi heç kimdən rüşvət tələb etməmişəm. Əgər belə bir fakt varsa, qanun qarşısında cavab verməyə hazıram. Nazim Məmmədovun mənim haqqında dedikləri şər və böhtandır. Ötən gün baş vermiş hadisə ilə bağlı ərazidə olan şəxslər Emin Abbasovun hansısa deputatın qohumu olduğunu deyiblər".

Qeyd edək ki, "Mərkəz" qəzetinin sahibi keçmiş millət vəkili Gülər Əhmədovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31