Azərbaycanda 3199 İİV daşıyıcısı var - STATİSTİKA

Gənclərin müəyyən bir qismi bu xəstəlikdən əziyyət çəkir

Hazırda dünya ictimaiyyətini narkomaniya və onun törətdiyi xəstəliklər, İİV/QİÇS kimi bəşəri problemlər narahat etməkdədir. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, bu gün dünyada 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə etməkdədir ki, bu da dünya əhalisinin təxminən 4,8 faizi deməkdir. Narkotik vasitələrdən istifadənin QİÇS kimi təhlükəli xəstəliyə yol açması bu qəbildən olan xəstələrin də sayının hər ötən il bir qədər də artmasına gətirib çıxarır. Təkcə keçən il  2,7 milyon QİÇS-ə yoluxma halı olub. Həmin virusa yoluxanların 1,8 milyon nəfəri isə dünyasını dəyişib. Təəssüfedici məqam ondan ibarətdir ki, bu virusa yoluxanlar sırasında uşaqlar da yer alır. Göstərilən müddət ərzində bu virusdan dünyasını dəyişən uşaqların sayı 380 mini keçib. Hazırda isə dünya üzrə QİÇS-ə yoluxanların sayı 40 milyon nəfər təşkil edir. İndiyə qədər sözügedən virus səbəbindən 25 milyon insan dünyasını dəyişib.

Sözügedən problem bu gün Azərbaycan cəmiyyəti üçün də aktualdır və təəssüflər olsun ki, ölkəmizdə də İİV virusuna yoluxanlar mövcuddur. Rəsmi statistikaya görə,Azərbaycanda İİV infeksiyası ilə qeydiyyata alınanların sayı isə 3199 nəfər  təşkil edir. Onlardan da 3086 nəfəri, Azərbaycan vətəndaşı, 113 nəfəri isə əcnəbilərdir. Sözügedən problemin qarşısının alınması istiqamətində ölkədə çoxsaylı tədbirlər, maarifləndirici xarakterli layihələr həyata keçirilsə də, hələlik bu problemin qarşısını tam mənada almaq qeyri-mümkün olaraq qalır. Ekspertlər hesab edirlər ki, cəmiyyəti  narkomaniya, QİÇS kimi təhlükəli bəlalardan qurtarmaq üçün inzibati metodlardan daha çox maarifləndirici xarakter daşıyan tədbirlər həyata keçirilməlidir. Xüsusilə gənclər arasında bu cür maarifləndirici tədbirlərin keçirilməsi daha vacib hesab edilir. "Bizim Gənclik" İctimai Birliyinin sədri Soltan Hadıyev deyir ki, əsas etibarilə yeniyetmə və gənclərin bu virusdan daha çox ziyan çəkməsi bəşəriyyəti birbaşa ölümlə üz-üzə qoyub: "Bütün dünyada olduğu kimi Azərbaycanda da gənclərin böyük bir  qismi bu xəstəlikdən əziyyət çəkirlər. Bunu qismən olsa da aradan qaldırmaq və xəstəliyin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, effektivli aparılması çox vacibdir. Xüsusilə regionlardakı əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işin görülməsini labüd edir". QHT sədri deyib ki, rəhbərlik etdiyi qurum da bu işə öz töhfəsini vermək istiqamətində müvafiq addımlar atır: ""Bizim Gənclik" İctimai Birliyi narkomaniya və onun törətdikləri xəstəliklərə, İİV/QİÇS qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin qrant şəklində qismən maliyələşməsi ilə "Dünyaya sağlam baxış" adlı layihə həyata keçirib.  Artıq layihə başa çatıb. Layihə çərçivəsində  paytaxtda və informasiyanın az olduğu cənub və şırvan regionlarında , habelə Gəncə və Sumqayıtda gənclər arasında narkomaniya, İİV/QİÇS-ə yoluxma  hallarının qarşısının alınmasında maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilib. Narkomaniyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi ilə birgə keçirilən bu tədbirlərdə əhalinin, xüsusən gənclərin narkomaniya və onun törətdiyi xəstəliklərə, İİV/QİÇS-ə dair məlumatlanması ilə yanaşı, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilib. Həmçinin mütəxəssislər tərəfindən dünyada qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilib". Soltan Hadıyev hesab edir ki, narkomaniya, QİÇS kimi problemlərə qarşı mübarizə kampaniyasına xüsusilə vətəndaş cəmiyyəti fəal cəlb edilməlidir. İctimai Birlik sədri həmçinin bu prosesdə beynəlxalq təcrübədən də yararlanmağı zəruri sayır: "Beynəlxalq təcrübənin əsas istiqamətlərindən sayılan maarifləndirmə, təbliğat işlərinin daha düzgün qurulması və effektiv aparılması daha önəmlidir. Eyni zamanda bu istiqamətdə gənclər üçün təlimlər keçirilməlidir. Məlumat üçün qeyd edim ki, bizim təşkilat layihə müddətinə gənclər üçün təlimlər də təşkil etdi. Çünki bu kimi tədbirlər olduqca səmərəlidir. Təlim keçmiş gənclər narkomaniya və İİV/QİÇS xəstəliklərindən müdafiə olunmaqla, həm öz həmyaşıdlarına bu haqda məlumat vermiş olur, həm də əhalinin digər yaş qruplarını da bu sahədə maarifləndirmək imkanı qazanırlar. Nəticədə maariflənən insanların sayı dəfələrlə artır. Bu da xəstəliyin yayılmasının qarşısının alınmasında və onunla mübarizədə həlledici rol oynayır".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31