Ailə təcavüzləri, məhv olan mənəviyyatımız... - ARAŞDIRMA
Namusu ehtirasa satan şəxsləri məhkəmələr də müdafiə edir
31 Oktyabr 2012 14:51 ProblemÖlkədə təcavüz hallarının sayı durmadan artır. Artıq iş o yerə çatıb ki, bəzi insanlar manyaklaşmanın pik həddinə çatıb. Bu cür hadisələr nəinki hansısa rayon ərazisində, hətta bir ailənin daxilində də baş verir. Bu biabırçı hərəkətlərə hətta bəıziləri haqq da qazandırırlar. Məlum olur ki, artıq insanlarda beyin, düşüncə pozğunluğu artır.
Ailələrdə manyak ailə başçıları
Bu yaxınlarda Gəncə Ağır Cinayətlər Məhkəməsində zorlama cinayəti ilə bağlı bir məhkəmə prosesi hamını dəhşətə gətirdi. Zorlanmada təqsirli bilinən Samux rayon sakini, 1972-ci il təvəllüdlü şəxs 1995-ci ildə anadan olmuş və yetkinlik yaşına çatmayan qızını zorlayıb. Hadisə Samux rayonunun Lək kəndində baş verib. Doğma qızına tamah salan manyak ata o qədər mənəviyyatsız, şərəfsiz olub ki, öz doğma qızını zorlayıb. Məhkəmədə məlum olub ki, ata qızını bir dəfə deyil, 10-12 dəfə zorlayıb. Hələ bu azmış kimi ata qızını göz qaytarmaq üçün başqalarına da qısqanırmış. Məhkəmədə ifadə verən ata bildirib ki guya o sərxoş vəziyyətdə olduğu üçün bilmədən qızını zorlayıb. Amma, əslində onun bu yalanları danışmaqda məqsədi müdafiəsi üçündür. Ən azından ona görə ki, hadisə bir dəfə deyil, istintaqa məlum olan saya görə 12 dəfədən çox olub. Biabırçılıq odur ki, məhkəməyə zərərçəkmiş kimi gələn qız atasından dünyaya gətirdiyi körpəsini gətirib.
Bununla da təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 132-ci (döymə), 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama)149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Manyak ata həmin hökmdən apellyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib. Hakim Ceyhun Əhmədovun sədrlik etdiyi kollegiyada manyak atanın cəzasından bir il çıxılıb və barəsində qəti olaraq 9 il müddətinə cəza təyin edilib. Daha bir biabırçılıq. Xaçmazın Aslanoba kəndində tükürpədici hadisə baş verib. Aslanoba kənd sakini 39 yaşlı Mehman Mail oğlu Qocayev 10 və 11 yaşlı qızlarına təcavüz edib. Polisə müraciət edən Mehman Qocayevin həyat yoldaşı Şəfiqə Qocayeva olub. Araşdırmalar zamanı məlum olub ki, "ata" dəfələrlə qızlarına qeyri-təbii yolla seksual xarakterli zorakılıq hərəkəti edib. Faktla bağlı Mehman Qocayev şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3 seksual xarakterli hərəkətetmə maddəsilə cinayət işi qaldırılıb.
Manyak ataya ölüm
Məlumat alan oxucumuz bu informasiyalara şərh yazıb. Şərhdə göstərilib ki, həmin manyaklar hər ikisi ölüm cəzasına məhkum edilməli, yer üzündən ümumiyyətlə silinməlidir. Xeyr, fikirləşməyin ki, oxucumuz Azərbaycanda ölüm cəzasının ləğv edildiyini bilmir və bundan məlumatsızdır. Oxucu bu barədə məlumatlıdır. Lakin, hisslərini cilovlaya bilməyən oxucum hesab edir ki, bununla bağlı Cinayət Məsəlləsində dəyişiklik edilməli və bu cür istisna hallarda ölüm hökmü saxlanılmalıdır. Çünki, oxucu bu cür mənəviyyatsız ataların nəinki Azərbaycanda, yer üzündə yaşamağa haqqının olmadığını iddia edir.
Əslində oxucu xəbərin təsirindən bu qənaətə gəlsə də, doğru təkliflə çıxış edir və bu təklif məncə də dərhal müzakirə edilib qəbul olunmalıdır. Bir vaxtlar Azərbaycanda yalnız zorlama hadisəsinə dəhşətli hadisə kimi baxılırdısa, indi artıq ailə zorlamaları adiləşməyə başlayıb. Elə təkcə ötən il Azərbaycanda onlarla bu cür utancverici hadisə baş verib. Bu da onu göstərir ki, belə hadisələr artıq cəzasızlıq mühitinə görə artır. Artan hadisə isə bir müddətdən sonra adiləşməyə başlayır.
Ailə təcavüzlərinin qarşısı necə alına bilər?
Bunun qarşısını almaq üçün nə maarifləndirmə tədbirləri lazımdı, nə də treyninqlər. Hansı ailəyə treyninq keçməklə, buklet paylamaqla onda namus hissi yarada bilərsən? Əlbəttə ki, heç bir ailədə. Və ya hansı təşkilat hansısa ailəyə daxil olub"gəl sənin ailə üzvünə namus dərsi" keçim deyə bilər? Bunun yeganə çıxış yolu Cinayət Məcəlləsində dəyişikliklər edib cəzasızlıq mühitini aradan qaldırmaqdır. Demirəm ki, ölüm hökmü yenidən bərpa olunsun. Ölüm hökmünün ləğv edilməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edib, Azərbaycan hakimiyyətinin humanizm prinsiplərinə əməl etməsini göstərir. Amma, istisna hallarda bu cür hadisələrdə məhkəmələrin ölüm hökmü elan etməsi müsbət nəticə verə bilər. Doğma qızını zorlayan ataya əvvəlcə 10 il həbs cəzası verən məhkəmənin qərarını digər məhkəmə ləğv edir, onun cəzasını yüngülləşdirməyə çalışır. Elə bunun özü də ədalətsizliklə yanaşı mənəviyyatsızlıqdır. Mənim zənnimcə, bu cür cinayət hadisəsində hakim diqqətli olmalı, övladını, bacısını və digər qan qohumunu zorlamaqda ittiham olunan şəxsə ən azından 15 il həbs cəzası, istisna hallarda isə ölüm cəzası verməlidir. Maraqlıdır ki, hakim hansı əsasla, hansı prinsip və düşüncə ilə qızını zorlayan atanın cəzasını azaldır? Normal məhkəmə sistemində normal və obyektivlik prinsipinə əməl edən hakim bu işə görə bütün imkanlarından istifadə edib təqsirləndirilən şəxsə ən ağır cəzanı verməlidir. Bizim hakimlər isə Azərbaycançılıq mənəviyyatını yaddan çıxarıb bu cür cinayətkarları müəyyən maraqları hesabına müdafiə edir.
Qardaşların bacılarına təcavüzü
Azərbaycanda ailə təcavüzü hadisələri sırasında daha açınacaqlı faktlardan biri də qardaşın bacısını zorlamasıdır. Nə qədər acı həqiqət olsa da, Azərbaycanda bu cür cinayətlər də az deyil. Son 6 ay ərzində ona yaxın bu cür biabırçı cinayət hadisəsi baş verib. İlk dəfə Balakəndə bu cür hadisəni eşitmişdim. 19 yaşlı qardaş 15 yaşlı bacısına tamah salıb onu zorlamışdı. Hadisədən bir il sonra azyaşlı qız doğma qardaşından hamilə qalandan sonra cinayətin üstü açılmış və manyak qardaş 8 il müddətinə azadlıqdam nəhrum edilmişdi. Ən dəhşətli hadisə isə o idi ki, manyak qardaşı valideynləri müdafiə edir, ona törətdiyi cinayətə görə o qədər də ağır olmayan cəza çəkən hakimə qarğışlar edirdilər. Digər bir hadisə isə bu il Sumqayıt şəhərində baş verdi. 23 yaşlı qardaş doğma bacısını zorlayıb və onunla bir neçə il mütəmadi cinsi əlaqədə olub. Bacısını zorlayan qardaş bu barədə heç kimə məlumat verilməməsi barədə ona xəbərdarlıq edib və sirrin üstünün açılacağı təqdirdə onu öldürəcəyi ilə hədələyib. Azyaşlı qız qardaşından hamilə qalandan sonra bu barədə valideynlər xəbər tutub. Qızın ilkin ifadəsi əsasında qardaşı həbs edilib və barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olmaq) maddəsi ilə cinayət işi başlayıb.
Bu da qədim Maştağa
Daha bir biabırçılıq isə elə paytaxtda baş verib. Hadisə Azərbaycanın qədim adət-ənənəsini qoruyub saxlayan qədim yaşayış yerlərindən hesab edilən Maştağa qəsəbəsində baş verib. Azərbaycanda qədim adət-ənənələrə sadiq qalan yaşayış məskəni kimi tanınan bu qəsəbədə qardaşın bacısını zorlaması hamını şoka saldı. Qəsəbə sakini 19 yaşlı şəxs yetkinlik yaşına çatmayan 16 yaşlı bacısını zorlayıb. Yetkinlik yaşına çatmayan qız bunu uzun müddət gizlətsə də, sonda hadisənin üstü açılıb. Belə ki, qız doğma qardaşından dünyaya uşaq gətirib. Ailə üzvləri uşağın atasının kimliyini araşdırdıqda qızın qardaşı tərəfindən zorlandığı üzə çıxıb. Yeni doğulmuş körpə isə tələf olub. Sabunçu Rayon Polis İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bacısını zorlamaqda təqsirli bilinən qardaş saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb.
Zorlamadan da biabırçı qərar
Seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı daha bir biabırçı hadisə Saatlı rayon məhkəməsində baş verdi. 14 yaşlı oğlanı zorlamaqda ittiham olunan Saatlı rayon sakininin cinayət işi üzrə məhkəmə başa çatıb. Manyak kişi 14 yaşlı oğlanı hədələyərək onunla dəfələrlə cinsi əlaqədə olub və cinayətin üstü açılıb. Saatlı rayon Məhkəməsində hakim Şahin Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs əməlli-başlı müdafiə olunub. Hakimin qərarı ilə təqsirləndirilən şəxs cəmi 3 il azadlıqdan məhrum edilib. Bu qərar isə əslində törədilən cinayətdən də biabırçı faktdır. Azyaşlı oğlanı hədələyərək onu zorlayan, şərəfsizliyə və şəxsiyyətsizliyə əl atan, insanı alçaldan hərəkətlər edən bu manyaka cəmi 3 il cəza. Bəlkə də, Azərbaycanın məhkəmə tarixində hələ belə biabırçı qərar olmamışdı. Dünya məhkəmə sistemində ona görə demirəm ki, bu hadisə heç bir ölkədə baş verə bilməzdi. Bu hadisə yalnız Azərbaycan məhkəmələrinin hakimlərinin ideyaları ola bilər. Ailənin başını aşağılayan, azyaşlıya qarşı amansız təcavüz edən, insanın şəxsiyyətini alçaldan bir şəxs cəzasız qalıb. 3 ilin həbs həmin manyaka dərs olmayacağını hamı bilir. Yəqin ki, o 3 il həbsini başa vurandan sonra bu hadisəni yenidən törədəcək. Və nəticədə bir hakimin qərarı cinayətin qarşısını almaqla yanaşı, daha da təcavüz hallarının artmasına şərait yaradacaq.
Samir Əli