Sumqayıtda qəzet köşkləri yığışdırıldı

Eldar Əzizov köşklərin yerini çayxanalara satır

Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərdə qəzetlərin yayımına qadağa qoyub. Bu barədə "OLAYLAR"a Sumqayıt şəhər sakini Elçin Əbişov məlumat verib. Şikayətçinin dediyinə görə, icra başçısı şəhərdəki bütün qəzet köşklərini yığışdırmaqla qəzetlərin satışının qarşısını alıb: "Mən 1995-ci ildən "Azərmətbuatyayım" firmasının Sumqayıt şöbəsində çalışıram. 2011-ci ilin aprel ayından işlədiyim qəzet köşkünü götürdülər. Ümumilikdə Sumqayıtdan 15 qəzet köşkünü götürüblər. Əvvəlcə icra hakimiyyətinin adamları bildirdilər ki, köşk 3 gündən sonra geri qaytarılacaq və əvvəlki kimi fəaliyyətini davam etdirəcək. Amma oktyabr ayından bu vaxta qədər bizim köşklər yerinə qaytarılmır. İcra başçısının müavinləri bizə yalan vədlər verməklə aldadırlar. Bu günə qədər də köşklər qaytarılmayıb". Şikayətçinin dediyinə görə, qəzet köşklərinin yerləri icra başçısı tərəfindən satılıb. Həmin ərazilərdə indi çayxana və dükanlar inşa edirlər. Qəzet köşkləri barədə isə xəbər yoxdur". 6 nəfərlik ailəsini qəzet satmaqla dolandıran şikayətçi deyir ki, indi nə işləməyə iş tapır, nə də qazanc yeri. Hazırda işsiz qalan Elçin Əbişovun ailəsi ağır vəziyyətə düşüb: "Prezident İlham Əliyev mətbuatın inkişafına xüsusi diqqət yetirdiyi halda, Sumqayıtın icra başçısı Eldar Əzizov bu siyasətə qarşı çıxır. Eldar Əzizovun adamları qəzet köşklərinin yerini çayxana, dükan və digər ticarət obyektləri üçün satışa çıxarıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31