Bu gecə Qarabağda nələr oldu VIDEO

Tərtər istiqamətində yerləşən yaşayış məntəqələrinin Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralanan olmayıb.

Bölgədəki xəstəxanalardan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, yaralılarla bağlı heç bir məlumat daxil olmayıb.

Erməni silahlı qüvvələrinin yaşayış mənəqələrini artilleriya atəşinə tutması nəticəsində Tərtərdə bir sıra yaşayış evlərinə cidd ziyan dəyib. Ümumilikdə, 6 yaşayış məntəqəsinə ziyan dəydiyi bildirilir.

2:29 / Nisbi sakitlik yenidən bərpa olundu

Cəbhənin Tərtər istiqamətində nisbi sakitlik bərpa olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin gördüyü cavab tədbirləri nəticəsində nisbi sakitlik yenidən bərpa olunub.

Bildirilir ki, Tərtər istiqamətində ara-sıra atəş səsləri eşidilsə də bu intensiv xarakter daşımır.

1:52 / Nisbi sakitlikdən sonra ermənilər atəşkəsi pozdu

Cəbhənin Tərtər istiqamətində 22:10-da başlayan artilleriya səsləri 23:20-ə qədər davam edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 23:20-dən 01:35-ə qədər cəbhədə nisbi sakitlik yaranıb.

Cəbhədə vəziyyət yenidən gərgindir
Bu dəqiqələrdən etibarən isə cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri yenidən artileriya silahlarını işə salıb. Qarşı tərəf yaşayış məntəqələrini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri ermənlərin atəş nöqtələrinə cavab zərbələri endirir.

Tərtər Fövqəladə Hallar Komissiyasının sədr müavini İlqar Musayev ANS PRESS-ə bildirib ki, bu saata olan məlumata görə, Tərtərin kəndlərində dağıntılarla bağlı məlumat daxil olmayıb.

O, həmçinin bildirib ki, dinc sakinlər arasında ölən və yaralanan yoxdur.

0:21 / Tərtər istiqamətində atışma davam edir

"Tərtər istiqamətində atışma davam edir". Bunu ANS PRESS-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, qarşı tərəf cəbhə xəttində ağır artileriya iriçaplı silahlardan istifadə edir. "Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub. Azərbaycan ordusu cavab atəşlərini davam etdirir" - deyə Vaqif Dərgahlı bildirib.

0:05 / Tərtər istiqamətində qeydə alınan atışmada xəsarət alan yoxdu

Aprelin 26-sı saat 22:00 radələrində cəbhənin Tərtər istiqamətində qarşı tərəfin artileriya silahlarından açdığı atəş nəticəsində ölən və ya xəsarət alan olmayıb. ANS PRESS-in məlumatına görə, intensiv atışlmalar Qapanlı kəndi tərəfdə qeydə alınıb. Azərbaycan ordusu qarşı tərəfin açdığı atəşə cavab atəşi ilə qarşılıq verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31