Döyülərək öldürülən gəncin qatilləri niyə məsuliyyətə cəlb edilmir? - PROBLEM

Rahim Fətəliyevin anası prezidentdən imdad diləyir

Ölkədə baş verən cinayətlərin açılması üçün lazımi tədbirlər görülsə də, bəzi cinayət hadisələrinin üstü bu gün də açılmamış qalıb. Bu cür hadisələrdən biri də İsmayıllı rayonunda baş verib. Redaksiyamıza müraciət edən İsmayıllı rayon sakini Nizgan Fətəliyeva  deyir ki, 2006-cı ildə baş verən cinayətin üstü hələ də açılmamış qalır. Bəzi qüvvələrin məsələyə müdaxiləsi cinayətkarlar bu günə qədər azadlıqda gəzir: "İsmayıllı rayon prokrorluğunda qaldırılmış 31656 saylı cinayət işi bu günə qədər açılmamış qalıb, cinayətkar isə cəzasızdır . Belə ki, İsmayıllı şəhəri, Qələbə küçəsi, ev 6, 14 saylı mənzildə yaşayan oğlum Fətəliyev Rahim Zakir oğlu 2006-cı il avqustun 6-da saat 20 radələrində qapalı kəllə-beyin travması, koma vəziyyəti diaqnozu ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına daxil olub. Səhəri gün aldığı xəsarətlərdən dünyasını dəyişdi. İstintaq zamanı müəyyən edilib ki, Fətəliyeva İradə Muxtar qızı əri Fətəliyev Rahim Zakir oğlu 06 avqust 2006-cı il tarixdə səhər saat 04 radələrində qapalı kəllə-beyin travması olduğu halda ona kömək göstərməyib,  Həmin gün 20 saata kimi oğlum evdə saxlanılıb,  koma vəziyyətində rayon mərkəzi xəstəxanasına aparılıb və xəstəxanada ölüb".

Cinayət işində maddə niyə dəyişdirilib?

Ananın dediyinə görə, hadisədən sonra Fətəliyeva İradə Muxtar qızı barəsində  Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi başlanılıb və həmin maddə ilə o, İsmayıllı rayon Məhkəməsinin hökmü ilə məhkum edilib. Cinayət işinin istintaqı zamanı görülmüş bütün tədbirlərə baxmayaraq, R.Fətəliyevə qəsdən ölümlə nəticələnən xəsarətləri yetirən şəxs müəyyən edilməyib və İsmayıllı rayon Prokurorluğunun 24 iyun 2007-ci il tarixli qərarı ilə Fətəliyev Rahim Zakir oğluna qəsdən ölümlə nəticələnən ağır xəsarət yetirilməsi faktına görə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə olan 31656 saylı cinayət işi üzrə icraat dayandırılıb.

Nizgan Fətəliyeva deyir ki, cinayət işi Respublika Prokrorluğu tərəfindən öyrənilərkən bir sıra xüsusatlar araşdırılmadan vaxtından əvvəl qərar qəbul edildiyi müəyyən edilib. Baş Prokurorluğun 25 fevral 2008-ci il tarixli qərarı ilə cinayət işinin istintaqının dayandırılmasına dair İsmayıllı rayon prokurorluğunun sabiq böyük müstəntiqi F.Əliyevin 24 iyun 2007-ci il tarixli qərarı ləğv edilərək işin icraatı təzələnib.  Amma, icraat təzələndikdən sonra da istintaqın gedişində bir yenilik olmayıb və  2008-ci il sentyabrın 3-də İsmayıllı rayon prokrorluğunun köməkçisi R.Quliyev tərəfindən cinayət işinin istintaqı yenidən dayandırılıb: "İstintaqdan belə bir qənaətə gəlirəm ki, nə qədər ki, işin istintaqını İsmayıllı rayon prokurorluğu aparır, xəsarət yetirən şəxs aşkar edilməyəcək. Çünki, mövcud cinayət işinin materiallarında kifayət qədər sübut  var ki, mərhumun öldürülməsində onun arvadı Fətəliyeva İradə Muxtar qızının rolu var. Çünki o istintaqa ziddiyətli izahat və ifadələr verib. Bu ziddiyyətli ifadələr istintaqın gedişi zamanı istintaqçının diqqətindən yayına bilməzdi. Sadəcə olaraq İsmayıllı rayon prokurorluğu hansı səbəb üzündənsə bu cinayəti açmaq istəmir. Cinayət işinin materiallarında olan Fətəliyeva İradənin izahat və ifadələrinə, şahidlərin ifadələrinə, elecə də ekspertizanın 08 avqust 2006-cı il tarixli rəyinə nəzər salsaq aydın olar ki, İsmayıllı rayon prokurorluğu bu cinayətin açılmasında maraqlı deyil".

Nizgan Fətəliyeva: "Oğlumun ölümündə gəlinimin əli var"

N.Fətəliyeva oğlunun ölümündə gəlinin rolu olduğunu bildirir: "Fətəliyeva İradə Muxtar qızı ilkin ifadəsində göstərir ki, mən Rahimdən soruşdum ki, səni bu hala kim salıb, o mənə heç bir cavab vermədi, mən ondan bu barədə dəfələrlə soruşdum, sonra mənə dedi ki, yıxılmışam. Həmin izahatda suala cavab verərkən göstərir ki, xəstəxanaya aparmağa o özü mənə icazə vermədi, dedi ki, yaxşıyam. Yenə də, həmin izahatında suala cavab verərkən göstərir ki, sonrakı gün saat 3-4 radələrində təcili yardıma zəng edib. İ.Fətəliyevadan 08 avqust 2006-cı il tarixdə yenidən izahat alınır. Həmin izahatında birinci izahatından fərqli danışıb. İzahatda göstərir ki, həmin gün axşam vaxtı o əri ilə birlikdə evdə olub, əri içkili vəziyyətdə olub, amma sərxoş olmayıb. Saat təxminən 24 radələrində guya o yatıb, əri isə balkonda qalıb, saat 04 radələrində qapı döyülüb və Rahim  üz-gözü qan içində  içəri daxil olub.  Göründüyü kimi İ.Fətəliyevanın bütün izahat və ifadələri bir-biri ilə ziddiyyət təşkil edir ki, bu da onun ifadələrinin inandırıcı olmadığından xəbər verir".  

Ziddiyyətli ifadələr niyə araşdırılmır?

İstintaqa şahid qismində ifadə verən baxıcı  Həsənova Nailə Sayad qızı da ifadəsində ziddiyyətli məqamlara toxunub. İzahatda göstərilir ki, İradə 07 avqust 2006-cı ildə həyəcanlı halda onun yanına gəlib həyat yoldaşından iyrəndiyini bildirib.Baxıcı ona həyat yoldaşının döyülmüş və ağır vəziyyətdə olduğunu deyib. O isə bildirib ki, həyat yoldaşının ağzı qanadığından danışa bilmir.

İradə Fətəliyeva digər ifadəsində göstərir ki, o Rahimdən onu bu hala kimin saldığını soruşduqda Rahim ona Cavanşir və bacanağının onu döydüyünü deyib. Amma bu məsələ də istintaqın diqqətini cəlb etməyib və məsələ araşdırılmayıb. İ.Fətəliyeva 01.02.2007-ci il tarixli digər ifadəsində isə göstərir ki, Rahim həmin vaxt içkili olmayıb. Rahimin ölümündə İradənin əli olduğu və ya kimin tərəfindən öldürüldüyünü bilməsi faktını təsdiq edən ən mötəbər sübut Süleymanova Ruhiyyə Hüseyin qızı və Talıbov Tomas Yusif oğlunun ifadələridir. T.Talıbovun bu ifadəsindən açıq-aydın görünür ki, Rahimin ölümcül vəziyyətdə döyüldüyündən onun xəbəri olub, hətta İradəyə təklif edib ki, onu həkimə aparsın. Belə vəziyyətdə T.Talıbov hüquq mühafizə orqanlarına xəbər verməyib, əksinə İ.Fətəliyeva ilə birlikdə baxıcı yanına gedib. Istintaq da bu ifadəni nəzərə almayıb. Əgər cinayəti bilib xəbər verməməyə görə T.Talıbov məsuliyyətə cəlb edilsəydi, Rahimin qatili tapılar və həqiqət üzə çıxardı. Hesab edirəm ki, İsmayıllı prokurorluğu cinayəti açmaq əvəzinə onu ört-basdır etməyə daha çox səy göstərib. Bütün bu ziddiyətli izahat və ifadələr, Rahimin ağır vəziyyətdə olduğunu başqalarından gizlətmə cəhdləri bir daha onu təsdiq edir ki, Rahimin ölümünə İradə maraqlı olub".

Qadının sözlərinə görə, İsmayıllı rayon prokurorluğu bu faktlara göz yumub cinayətkarın aşkar edilməsinə maraqlı olmayıb. Bu səbəbdən ağır cinayəti gizlətmək üçün İ.Fətəliyevaya qarşı yüngül maddə ilə ittiham irəli sürülüb.

Ana prezidentdən imdad diləyir

Oğlunun öldürüldüyünü iddia edən ana daha bir fakt barədə məlumat verir. Bildirir ki, 2010-cu ildə  Baş prokuror Zakir Qaralov cinayət işinin Ağır Cinayətlərə dair İstintaq İdarəsində baxılması barədə şəxsən göstəriş verib. Ancaq bu barədə də zərərçəkmiş tərəfə heç bir məlumat verilməyib. 2011-ci il fevralın 18-də "cinayətkarların tapılmaması "adı ilə istintaq dayandırılıb. Haqsızlıqlarla üzləşən Nizgan Fətəliyeva prezident İlham Əliyevə müraciət edib, oğlunun qatillərinin tapılıb layiqli cəzasını alması üçün dövlət başçısından kömək istəyir.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31