Xarici jurnalistlər işğaldan azad edilən "Lələ təpə"də

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup xarici jurnalist cəbhə bölgəsində olub. Onlar bir neçə gün əvvəl Azərbaycan Ordusunun nəzarətinə keçmiş "Lələ təpə" yüksəkliyini  müşahidə ediblər. Xarici jurnalistlərin cəbhə bölgəsinə dəvət edilməsində məqsəd Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyətin diqqətinə daha obyektiv çatdırmaqdır.

Tanınmış xarici media orqanlarının əməkdaşları cəbhə bölgəsində olublar. Onlar ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə, həmçinin hərbçilərimizin ələ keçirdiyi yüksəkliklərə baxış keçiriblər.

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizə gələn bir qrup xarici jurnalist Füzuli  rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilə də görüşüb. Daha sonra Azərbaycan hərbçilərinin müşayiəti ilə jurnalistlər cəbhə bölgəsinin ön xəttini müşahidə ediblər.

Media nümayəndələrinə bir neçə gün əvvəl Azərbaycan Ordusunun nəzarətinə keçmiş "Lələ təpə" yüksəkliyini kənardan müşahidə etməyə şərait yaradılıb.

Sonra isə xarici media nümayəndələri rayonun Alxanlı kəndində ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə baxış keçiriblər.

Qeyd edək ki, xarici jurnalistlərdən ibarət qrupa "Əl Cəzirə", "Röyters" "Assoşieyted Press" "Frans-Pres", Rusiyadan "Kommersant",  "Komsomolskaya pravda", "Novaya vremya", Türkiyədən "Anadolu" agentliyi,  TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir. Səfər əsasən Ağdərə, Tərtər və Ağdam istiqamətlərini əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31