Ali Məhkəmə Masallıdakı torpaq mafiyasının daha bir saxtakarlığını ifşa etdi

Ali Məhkəmə Masallı rayonunun Qəriblər kəndində icra nümayəndəliyinin inzibati binası və vətəndaşların  mülkiyyətində olan torpaq sahələri və  "TuranSV" MMC-nin 1,4 hektar torpaq sahəsini  zəbt edən məmurlardan ibarət qruplaşmanın daha bir saxtakarlığını üzə çıxarıb. Bu barədə redaksiyamıza Masallı rayonundan olan zərərçəkmişin vəkili Loğman Abdullayev məlumat verib. Bildirib ki, Ali Məhkəmə vətəndaşların torpaq sahələrini zəbt edən qruplaşmanın sənədlərinin saxta olduğunu müəyyən edib və torpaqların əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb və qarşı tərəfin kassasiya şikayətini rədd edib. Belə ki, Ali Məhkəmədə hakim Ənvər Şadıyevin sədrliyi ilə keçirilən prosesdə  cavabdehin təqdim etdiyi arayışlar və digər sənədlərin qanuni olub olmadığı yoxlanılıb. Prosesdə Masallı rayonundan olan bir neçə məmurun məhkəməyə saxta və əsassız arayışlar təqdim etdiyi üzə çıxıb: "Kassasiya şikayətindən sonra cavabdeh Qurban Həşimov məhkəməyə bir neçə arayış təqdim edib. Məlum oldu ki, Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin müdiri Hamil Hadıyev  heç bir sorğu olmadan Xətai rayonm məhkəməsinə 574 saylı 24. 11.2012-ci il tarixli məktub göndərib. Məktubda göstərilib ki, guya "Turan" Kooperativi adlı qurum ümumiyyətlə mövcud deyil və bu təşkilata Masallı rayonu ərazisində heç bir torpaq sahəsi ayrılmayıb. Məktuba qarşı "Turan" Kooperativi də Hamil Hadıyevin imzası ilə bağlı sənər təqdim etdi. Məlum oldu ki, Hamil Hadıyevin imzası ilə 24.11.1991-ci il tarixli 1789 saylı məktubunda göstərilir ki, Masallı Rayon İcraiyyə Komitəsinin məktubu ilə müraciət əsasında "Turan" Kooperativinə 26 saylı Səyyar Mühafizə Dəstəsinin(SMD) razılığı ilə onun istifadəsində olan, Masallı-Yardımlı yolunun Şimal hissəsindən 1,4 hektar torpaq sahəsi ayrılıb. Bununla yanaşı, torpaq sahəsi ilə bağlı "Turan" Kooperativi ilə Lənkəran sutukunti trestinin nəzdində fəaliyyət göstərən 29 saylı SMD-nin rəisi A. Ağayev arasında 01.03.1990-cı il tarixli müqavilə də imzalanıb".

Masallı poliklinikasının müdiri də saxtakarlıq edib

Loğman Abdullayev deyir ki, cavabdehin təqdim etdiyi digər sənəd isə Masallı rayon poliklinikasının müdiri R. Əzizovun saxta arayışıdır. Arayışda göstərilib ki, guya torpaqları özəlləşdirən Qurban Həşimov kəskin respirator xəstəsi olduğu üçün Bakı Apellyasiya Məhkləməsinə gələ bilməyib. Araşdırmalar zamanı həmin arayışın da saxta olduğu müəyyən edilib və məlum olub, Qurban Həşimovda belə bir xəstəlik yoxdur və o üzürsüz səbəbdən prosesə qatılmaq istəmir. Buna baxmayaraq, poliklinikanın müdiri R. Əzizov müəyyən maraqlarına görə Qurban Həşimova  xəstə olması barədə saxta arayışı imzalayaraq məhkəməyə təqdim edib.   

Masallınin icra başçısının müavinini yalan danışmağa nə vadar edib?

Məhkəmədə rayon İcra Hakimiyyəti başçısının müavini S. Nuriyevin də təqdim etdiyi sənəd əsassız sayılıb. Belə ki, S. Nuriyevin1357 saylı 28.11.2011-ci il tarixli məktubunda göstərilib ki, rayon ərazisində "Turan SV" MMC adlı qurum fəaliyyət göstərməyib və hazırda da həmin qurumun fəaliyyəti yoxdur. Amma, hakim MMC-nin qanuni sənədlərinə əsaslanaraq icra başçısının müavininin də məktubunu əsassız hesab edib. "Turan SV" MMC-nin qanuni fəaliyyətini təqdiqləyən sənədlər olduğundan icra başçısı muavininin yalan danışdığı üzə çıxıb və sənəd sübutlar içərisindən çıxarılıb.

Loğman Abdullayev qeyd edib ki, Ali Məhkəmə təqdim olunan sənədləri araşdırandan sonra əsil fakt üzə çıxıb. Məlum olub ki, Masallı rayonundan olan məmurlar bilərəkdən vətəndaşların və "Turan SV" MMC-nin mülkiyyətində olan torpaq sahələrini saxta sənədlərlə Cəbrayıl rayonundan olan məcburi köçkün Qurban Həşimovun adına rəsmiləşdirilməsinə şərait yaradıb və Bakı Apellyasiya Məhkəməsi də obyektiv qərar çıxarıb. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə Qurban Həşimovun kassasiya şikayəti rədd edilib və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1305/2012 saylı 15 may 2012-ci il saylı qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki,  Qurban Həşimov Masallı rayonunda vətəndaşların torpaq sahələrini və inzibati binaları zəbt edib. Araşdırmalar zamanı məlum oldu ki, Qurban Həşimova himayədarlığı şöbə müdiri Möhma Heraçiyev, ƏMDK-nin Cəlilabad regional şöbəsinin müdiri Qalib Xudaverdiyev, komitənin Masallı rayon şöbəsinin müdiri Cəfər Gözəlov və 26 saylı Səyyar Mühafizə Dəstəsinin rəhbəri Daxil İbayev edib. Həmin məmurlar Qurban Həşimovun Cəbrayıl rayonundan olan məcburi köçkün kimi qeydə alaraq onun yaşayış yerinin olmadığı barədə yalan məlumatlar hazırlayaraq Qəriblər kənd icra nümayəndəliyinin "Turan SV"-nin balansında olan tikilidə yerləşdirilməsinə şərait yaradıb. İcra nümayəndəsinin yerləşdiyi binanı zəbt edən Qurban Həşimov həmin ərazidə "Turan SV" MMC-yə məxsus tikililərlə yanası 1,4 hektar və kənd sakinlərinə məxsus torpaq sahələrini də qanunsuz olaraq hasarlayıb zəbt edib. Bundan sonra isə həmin ərazilər Qurban Həşimovun adına qanunsuz yollarla sənədləşdirilib. Əslində isə həmin torpaq sahələrinin bələdiyyə və vətəndaşların mülkiyyətində olması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 17-10/1168 saylı 08.12. 2009-cu il tarixli məktubu, komitənin Masallı şöbəsinin 04.02.2009-cu il tarixli aktı, Qəriblər bələdiyyəsinin 25.02.2009-cu il tarixli məktubu, Reyster Xidmətinin Masallı rayon şöbəsinin 23.02.2009-cu il tarixli aktı və 27.02.2009-cu il tarixli məktubu  var. Amma, Rüstəm Şahbazovun yaxın qohumu olan, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Cəlilabad Ərazi İdarəsinin rəisi Qalib Xudaverdiyev komitənin şöbə müdiri Möhma Heraçıyevlə birləşərək saxtakarlıq edib həmin torpaq sahəsini qanunsuz sənədlərlə gizli yollarla özəlləşdirməyə çıxarıb və heç bir hərrac keçirilmədən Qurban Həşimovun adına rəsmiləşdirilib.

Qurban Həşimov məcburi köçkün adı iılə Beyləqanda bir neçə ev alıb

Araşdırmalar zamanı o da məlum olub ki, Qurban Həşimova məcburi köçkün kimi Beyləqanda Haramı düzü adlanan ərazidə, prezidentin sərəncamı ilə məcburi köçkünlər üçün inşa edilən 7 saylı qəsəbədə bir neçə ev verilib. Buna baxmayaraq Qurban Həşimov həmin faktları adıçəkilən məmurların vasitəsilə gizlədərk Masallı rayonunda vətəndaşların torpaq sahələrini və inzibati binaları zəbt edir. Buna görə də, Bakı Apellyasiya Məhkəməsi faktları araşdırıb və torpaq sahələrinin qanunsuz olaraq özəlləşdirilməsi faktını üzə çıxarıb. Məhkəmənin qərarı ilə torpaq sahələrinin özəlləşdirilməsinə dair keçirilən hərracın nəticələri ləğv edilərək ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31