Eşidin onun naləsini: "Ərə getmək istəmirəm!"
22 Oktyabr 2012 15:57 ProblemŞahnazı gələn il məktəbə getməyə qoymayacaqlar. Sonra o, yaşıdları kimi universitetə yox, "gəlinlik otağı"na gedəcək.
İndiyədək "qardaşım" dediyi əmisi oğlu onun əri olacaq. Və beləcə, üç gündə 20 lirə pulun daxil olduğu evdən bir boğaz əskiləcək.
Halbuki Şahnaz oxumaq, polis olmaq, maaş almaq, özünü saxlamaq istəyir.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, Şahnazın 15 yaşı var. O, Türkiyənin Şanlıurfa vilayətindəki Ayhan Sahenk adına çoxproqramlı liseyin 2-ci sinfində oxuyur.
Şahnazın altı bacısı, iki qardaşı və anası Şanlıurfa şəhərinin Hayati Harrani məhəlləsindəki kiçik evdə, daha doğrusu, yastı-yapalaq daxmada yaşayırlar.
Ana evdar xanımdır. İllər əvvəl ailəni tərk etmiş ata isə üç gündən bir gəlir, arvadına və 9 uşağına 20 lirə verib gedir.
Şahnaz pis oxumur, savadlıdır, biliyə hədsiz həvəsi olan insandır. Ailənin böyük qızı Şahnaz bu yay test imtahanları verərək həm Harran, həm də Ceylanpınar Anadolu liseyinə qəbul olunmuşdu.
Qəbul olundu, amma atası: "Mənim qızımın oralarda işi yoxdur", - dedi və Şahnazı oxumağa qoymadı.
Bu səbəbdən də Şahnaz indi oxuduğu liseylə kifayətlənməli olub.
"Ən çox sevdiyim dərslər riyaziyyat, fizika və həndəsədir. Universitetdə oxumaq, sonra polis olmaq və işləmək istəyirəm", - Şahnaz deyib.
Amma onun bütün arzuları məhv olacaq. Çünki iki ay yarım sonra onun əmisinin oğlu əsgərlikdən gəlir. Şahnazı da həmin oğlana ərə verəcəklər.
Atası belə tələb edir.
Şahnaz yalvarır: "Mənə yardım edin! Anam oxumağımı istəyir, atam isə qoymur. Ərə getmək istəmirəm. Ərə versələr, canıma qəsd edəcəyəm, intihar edəcəyəm".
Qızın atası isə tərsliyindən qalmır: "Oxuyub kim olacaqsan?! Kim nə oldu ki, sən də olasan?!"
Şahnazın anası qızının oxumasını istəyir.
16 yaşında ərə verilən, 9 övlad anası olan qadın deyir: "Ərim ikinci arvad, mənə günü aldı. Evə gətirmək istəyirdi, qoymadım. Üç il çarpışdım, amma buraxmadım.
Ərim də işi belə görüb təzə arvadının yanına getdi. İndi üç gündən bir gəlir, 20 lirə verib gedir. 10 baş ailəyə 20 lirə... Qızımın da mənim kimi yaşamasını istəmirəm.
Qoy oxusun, insan olsun. Dövlət bizə yiyə dursun, balamı bu faciədən qurtarsın".
Məktəbdə oxuduqları halda nişanlanan, hətta ərə verilən şahnazlar Azərbaycanda da var.
Onların səslərini eşidirikmi?