Xəzər dənizində tapılmış cəsəd ekspertiza üçün Salyana gətirilib
22 Fevral 2016 10:41 ProblemÖtən gün Xəzər dənizindən aşkar edilərək Neftçala rayonu ərazisində çıxarılmış naməlum kişi meyiti müayinə və tanınma keçirilməsi üçün Salyan rayonlararası zona Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə gətirilib.
Virtualaz.org saytının bölgə müxbiri xəbər verir ki, cəsədin "Günəşli" neft yatağında baş vermiş yanğın zamanı itkin düşmüş neftçilərdən ola biləcəyi ehtimalı yarandığından onların ailələrinə bu barədə məlumat verilib.
Xəbər vediyimiz kimi, dünən günorta saatlarında Xəzər dənizinin Neftçala rayonuna yaxın hissəsində balıqçılar dənizdə cəsəd görüblər. Onlar bu barədə dərhal Neftçala rayonunun hüquq-mühafizə orqanlarına xəbər veriblər.
Virtualaz.org-un bölgə müxbiri bildirir ki, cəsəd Dövlət Sərhəd Xidmətinin yaxınlıqda üzən gəmisi tərəfindən göyərtəyə götürülüb və Neftçala şəhərinə gətirilib. Naməlum kişi meyitinin əynində yalnız alt geyimi olduğundan üzərində şəxsiyyətini müəyyən edəcək sənədi tapılmayıb.