Kəpəz rayonunda “dələduzları” kim himayə edir?

Cəzasızlıq sindromu yeni-yeni cinayətlərin baş verməsinə səbəb olur

Dövlət başçısının ayrı-ayrı məmurlara, xüsusilə yerli icra orqanlarına vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyyələrinə baxmayaraq hələ də yerlərdə bəzi məmurların özbaşınalıqları davam edir. Vətəndaşın problemini həll etməkdən daha çox ona daha çox problem yaradan bu cür yerli məmurlar hətta ölkənin qanunlarını da açıq şəkildə pozmaqda, məhkəmə qərarlarını icra etməkdən belə çəkinmirlər. Nəticə etibarilə vətəndaş daha yuxarı istansiyalara, bəzi hallarda isə məsələnin ictimailəşməsi üçün kütləvi informasiya vasitələrinə müraciət etmək məcburiyyətində qalır. Elə Sumqayıt şəhərində məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün Mübariz Həsənovu da yerli məmurların özbaşınalıqları redaksiyamıza müraciət etməyə məcburiyyətində qoyub. Qubadlı rayon Əfəndilər kənd sakini Mübariz Həsənov Gəncə 9 saylı Rayonlarararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi, polis polkovnik-leytenantı Tariyel Məmmədov və Kəpəz rayon Məhkəməsinin hakimi Yaşar Həşimov tərəfindən haqsızlığa məruz qaldığını yazır: "Kəpəz rayon Məhkəməsinin hakimi Yaşar Həşimov aldığı nəinsə müqavilində polis polkovnik -leytenentı Tariyel Həşimovun törətdiyi hadisəni ört-basdır edib. Bizi isə çıxılmaz vəziyyətə salıb. Prezident cənab İlham Əliyevin tapşırığını saya salmayan bu iki məmur kasıb xalqa kölə kimi baxır. Özlərini toxunulmaz adam hesab edən məhkəmə hakimi və polis məmuru cinayət şəbəkəsi yaradaraq ağır "cinayət" törədiblər. Nəticədə isə onların bu əməlindən bir neçə vətəndaş əziyyət çəkir. Bir müddət əvvəl Ağaqulu Səfərov adlı Ucar rayon sakini də bu iki məmurun əməlləri nəticəsində haqsızlığa uğraması barədə mətbuatda çıxış edib. Oxşar hadisə mənim də başıma gətirilib". Müraciət müəllifi qeyd edir ki, 21.07.2015-ci il tarixdə Gəncə şəhər sakini Rzayev Seymur Akif oğlundan 99 XD 932 dövlət nişanlı "Ford Transit" avtomobilini 14.000 manata alaraq öz adına rəsmiləşdirib və ona 50 CV 758 dövlət nömrə nişanı verilib. Bundan bir neçə ay sonra, 2015-ci ilin sentyabrında Gəncə şəhəri Kəpəz rayon məhkəməsi iclasında iştirak etməyim üçün mənə bildiriş təqdim edildi. Məhkəmə iclasında mənə məlum oldu ki, Gəncə şəhər sakini Abbaslı Şamil Məhəmməd oğlu məhkəmədə iddia qaldıraraq 99 XD 932 nömrə nişanlı " Ford Transit" markalı avtomobilin ona məxsus olduğunu bildirib. Gəncə şəhər sakini Rzayev Seymur Akif oğlu isə onun etibarından sui istifadə edərək həmin maşını təmir etdirib alacağını bildirib və Şamil Abbaslıya bu məqsədlə 3000 manat beh verib. Seymur Rzayev bir müddət sonra həmin avtomaşına saxta yolla etibarnamə hazırladaraq 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi, polis polkovnik-leytenantı Tariyel Məmmədovun köməkliyi ilə avtomobili adına sənədləşdirib. Məhz ondan sonra həmin avtomobili mənə satıb". Mübariz Həsənovun sözlərindən məlum olur ki, Seymur Rzayev eyni vaxtda Şamil Abbaslıya məxsus digər "Ford Transit " markalı 99 GZ 932 nömrə nişanlı avtomobili isə Ucar rayon sakini Səfərov Ağaqulu Qəfər oğluna satıb: "Kəpəz Rayon Məhkəməsi tərəfindən hər iki avtomobillərin alqı- satqı və qeydiyyat sənədləri etibarsız hesab edilib və onların iddiaçı Şamil Abbaslıya qaytarılmasına dair 19.11.2015-ci il tarixdə qətnamə çıxarılıb. Lakin hər ikisinin əməllərində cinayət tərkibinin olmasına baxmayaraq Kəpəz rayon Məhkəməsinin hakimi Yaşar Həşimov onların barəsində qanunu tədbirlər görülməsinə dair xüsusi qərar çıxarmayıb. Çünki korrupsiya şəbəkəsi yaratmış 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi, polis polkovnik-leytenantı Tariyel Məmmədovun "verdiyi rüşvət" hakim üçün dövlət qanunlarından ali olub". Müraciət müəllifi bildirir ki, avtomobili aldıqdan bir ay sonra isə onu Cəlilabad rayon sakini Tofiq Quliyevə satıb: "Ancaq buna baxmayaraq əzab çəkirəm ki, iki vəzifəli şəxsin və bir nəfər fiziki şəxsin yaratdığı korrupsiya şəbəkəsinin cinayət əməlləri nəticəsində bir neçə günahsiz şəxslər zülm əzab-əziyyət çəkir. Bu necə olur ki, etibardan sui-istifadə edib hər birinin dəyəri 10 000 manatdan çox olan iki avtomobili dələduzluq və saxtakarlıqla sənədləşdirən iki nəfər şəxsin barəsində heç bir tədbir görülmür? Halbuki qanunda nəzərdə tutulmuş qaydada, əgər belə hadisə baş veribsə, Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib korrupsiya cinayətləri ilə məşğul olduğu üçün barəsində dərhal cinayət işi başlanılıb tədbirlər görülməlidir. Mən mətbuat vasitəsi ilə cənab Prezident İlham və hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm ki, Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsini cinayət yuvasına çevrimiş polis polkovnik-leytenantı Tariyel Məmmədov, onun himayə etdiyi Gəncə şəhər sakini Seymur Rzayev və bu iki cinayətkarın əməllərinin üstünü ört-basdır etmiş hakim Yaşar Həşimovun barəsində qanunu tədbirlər görülsün.


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31