Biləsuvarın təhsil sistemində özbaşınalıq
Məktəb direktoru dövlət vəsaitini necə mənimsəyir?
17 Dekabr 2015 13:49 Problem
Son illər ölkədə ciddi diqqət yetirilən sahələrdən biri də məhz təhsil sahəsidir. İstər dövlət büdcəsi hesabına, istərsə də Heydər Əliyev Fondu tərəfindən tikilib istifadəyə verilən təhsil müəssisələri zəruri avadanlıqlar, müasir texniki vasitələrlə də təmin edilir. Ancaq bəzi hallarda həmin təhsil müəssisələrinə təyinat məsələsində ciddi nöqsanlara yol verilir ki, bu da nəticədə haqlı narazılıqlara, ən əsası təhsilin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Necə ki, oxşar vəziyyət Biləsuvar rayon İ. İsmayılov adına Ovçubərə kənd tam orta məktəbində yaşanır. Səbəb isə həmin məktəbin direktoru Mənsurə Şahverənovanın təhsil müəssisəsində yol verdiyi qanunsuzluqlardır. Məktəb direktorunun qanunsuz əməlləri o həddə çatıb ki, artıq ondan Respublikanın Baş Prokuroru Zakir Qaralova şikayət edilib. Məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavini Anar İmanov, müəllimlər Rasim Əmirov, Rasim Nəzərov və Qalabəy Əmirov tərəfindən Baş Prokurora ünvanlanmış müraciətdə qeyd olunur ki, direktoru M. Şahverənova bir neçə ildir öz qanunsuz fəaliyyətini davam etdirir. Müraciətdən məlum olur ki, 2015-ci il tədris ilində şagird barteri və digər qanunsuz əməllərlə məşğul olan məktəb rəhbərliyindən müvafiq orqanlara şikayət edilsə də, lakin heç bir nəticə olmayıb. Belə ki, ölkədə keçirilən bələdiyyə seçkiləri ərəfəsində seçki komissiyasının üzvi olan müəllimlər dərsdən azad oldunduğu halda direktorun tapşırığı və təkidi ilə sinif jurnalları məhz həmin müəllimlər tərəfindən yazdırılıb. Eyni ixtisas müəllimləri buna narazılıq etsə də, direktor heç kimə məhəl qoymadan həmin dərsləri maaş cədvəlində bildiyi kimi yerləşdirib, nəticədə külli miqdarda vəsait M. Şahverənova tərəfindən mənimsənilib: "Bizim bu şikayət ərizəmizdə göstərilən faktlarla bağlı araşdırılma aparılması barədə Biləsuvar rayon İcra Hakimiyyətinə və rayon təhsil şöbəsinə tapşırıqlar verilib. Düzdür, təhsil şöbəsinin əməkdaşları 2015-ci il mart ayının əvvəlində bizim məktəbə gələrək bu faktları araşdırıb və bütün faktlar bizim iştirakımızla təsdiqini tapıb. Həmçinin bələdiyyə seçkiləri ərəfəsində seçki komissiyasının üzvi olan müəllimlərlərdən həmin şikayətlə bağlı izahat alınıb. Bundan sonra Biləsuvar rayon Təhsil Şöbəsinin rəhbərliyi 18 mart 2015-ci il tarixində keçirdiyi şurada direktor M.Şahverənovanın iş prosesində buraxdığı ciddi nöqsanlar, qanunsuz əməllər və maliyyə pozuntularına görə tutduğu vəzifədən azad edilməsi barədə qərar qəbul edib. Qərarın Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcəyi və şikayət etmiş vətəndaşlara müvafiq cavab veriləcəyi bildirilib". Müraciət müəlliflərinin iddia etdiyindən aydın olur ki, həmin şura iclasından xeyli vaxt keçməsinə baxmayaraq qəbul edilmiş qərar barədə hansısa addım atılmayıb: "Çox təəssüflər olsun ki, uzun müddətin keçməsinə baxmayaraq bu günə kimi bizə heç bir məlumat və rəsmi cavab məktubu gəlməyib. Hazırda bu insan yenidən öz qanunsuz əməllərinə davam etdirir. M.Şahverənova bu il məktəbdə 12 saat dərnək məşğələsi, yəni 173,68 azn, 20 saat fakültetiv məşğələlərin, yəni 330,20 azn , cəmi 503,88 azn məbləği "yuxarıya" verəcəm adıyla mənimsəyir. Direktor məktəbdə elə şərait yaradır ki, müəllimlər həmin dərsi keçməsin. Həmçinin
məşğələlərin cədvəlini tərtib etdirməyib. Müharibə şəraitində yaşayan bir dövlət üçün bu məbləğ bir il müddətində 6000 ( Altı min) azn -dən atrıq vəsait edir. Ümumilikdə M.Şahverənovun 9 illik bu qanunsuz əməlindən dövlət büdcəsinə orta hesabla 54000 azn-ə qədər ziyan dəyib". Direktorun əməllərinin bununla kifayətlənmədiyini deyən şikayət müəllifləri qeyd edir ki, təhsil müəssisəsinin rəhbəri bölünmə dərsləri üçün ayrılmış siniflərdə dərs keçmək üçün şərait yaratlmır. Həmçinin sinif otaqlarında olan stol-stullar belə direktor tərəfindən mənimsənilir: "Bu yaxınlarda məktəbimizin təsərrüfat müdiri Şükür Mikayılov səhhəti ilə əlaqədar olaraq bülletenə çıxıb. Əvəzində isə az yaşlı uşağı olan və heç bir təhsili olmayan direktorun qardaşı arvadı, evdar qadın Ağayeva Rəmziyə direktor tərəfindən qeyri-qanuni olaraq bu vəzifəyə təyin edilib. Lakin təyin olunduğu gündən də onu öz işində görmək hələki heç kimə qismət olmayıb. Ağayeva Rəmziyənin təsərrüfat müdiri kimi işləməsi direktor tərəfindən gizli saxlanılıb. Bunu dekabr ayında bizim iştirakımızla məktəbdə yoxlama aparan Biləsuvar Rayon Maliyyə Idarəsinin müdiri Eldar Təhməzov və Ovçubərə kənd icra nümayəndəsinin mühasibi Nadir adlı şəxs də təsdiq edib". Sonda müraciət müəllifləri Baş Prokuror Zakir Qaralovdan məsələni nəzarətə götürməyi xahiş edirlər: "Hörmətli baş prokuror cənab Zakir Qaralov, sizdən xahiş edirik ki, bu məsələni öz nəzarətinizdə saxlamaqla Biləsuvar rayon prokurorluğuna əmr və göstərişlərinizi verəsiniz. Məktəb jurnalları Biləsuvar prokurorluğuna aparılsın. Bu göstərilən faktlar orada, prokurorluq işçilərinin nəzarəti və bizim iştirakımızla yoxlanılsın. Dövlət büdcəsini talayan direktor bu ciddi qanun pozuntularına görə məsuliyyətə cəlb edilsin".
Füzuli