Nardaranda sosial problemlərin həlli

Bu proses sakinlərin cəmiyyətə inteqrasiyasında necə rol oynayacaq?

Nardaranda sakinləri narahat edən sosial məsələlər artıq hökumətin səyi sayəsində həllni tapmaqdadır. Hazırda kənddə yeni qaz sayğaclarının quraşdırılması, qaz borularının təmir edilməsi istiqamətində intensiv işlər görülür. Hətta kənar rayonlardan da təmir-quraşdırma briqadaları cəlb edilib. Kənd sakinlərinin qarşılaşdığı digər problem avtobusların hərəkəti ilə bağlı idi ki, artıq kəndə işləyən 189 saylı xətt bərpa edilib. İlkin məlumata görə, 8-ə yaxın avtobus xəttə buraxılıb. Qeyd edək ki, bir müddətdir Nardaran qəsəbəsində işıq və qazın verilişində məhdudiyyətlər tətbiq edilir. Bunun səbəbi isə uzun müddətdir yığılıb qalmış borclarla əlaqələndirilir. Söhbət kənd sakinlərinin kommunal xidmətə görə, ödəməli olacaqları 43 milyon manatdan çox borcdan gedir. Bu, Nardaran sakinlərinin dövlətin iki böyük şirkətinə olan borcudur. Məlumat üçün qeyd edək ki, hələ indiyə qədər ölkədə heç bir yaşayış məntəqəsində bu miqyasda borc qeydə alınmayıb. Bu səbəbdən noyabrın 27-dən etibarən Nardarana elektrik enerjisinin verilməsi dayandırılıb. Qaza görə isə 1 milyon 376 min manat borc yaranıb. Məlum olub ki, Nardaran kəndinə qazın verilməməsi təkcə debütor borcun yaranması ilə bağlı deyil. Məsələ ondadır ki, qəsəbə sakinləri smartkart tipli sayğacları qanuna zidd olaraq söküb və birbaşa qaz xəttinə qoşulublar. Bu səbəbdən də Nardaran kəndinə qazın verilişi yay aylarından etibarən dayandırılıb. Bütün bunlara baxmayaraq, hökumət humanistlik göstərərək kənddəki qaz xətlərini yeniləyir. Həmçinin, elektrik verilişi ilə əlaqədar yeni smart sayğacların quraşdırılması prosesi həyata keçirilir. Artıq 300-dən artıq mənzilə yeni smart tipli sayğacın quraşdırıldığı bildirilir. Maraqlıdır, bütün bunlar qəsəbədəki sosial problemlərin həllində və sakinlərin cəmiyyətə inteqrasiyasında necə rol oynayacaq?

***

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı hesab edir ki, Nardaranda sosial məsələlərin həlli istiqamətində görülən tədbirlər ümumən bir sıra problemlərin həllinə müsbət təsir edəcək: "Hökumətin bu istiqamətdə gördüyü tədbirləri müsbət dəyərləndirirəm. Maksimum çalışmaq lazımdır ki, sözügedən problemlər həllini tez tapsın. Ancaq bütün bunlarla yanaşı, digər kompleks tədbirlər də görülməlidir. Qaz və elektrik verilişi bərpa olunandan sonra çalışmaq lazımdır ki, qəsəbədə yeni iş yerləri açılsın. Sakinlər kommunal xərcləri ödəyə bilsinlər. Digər tərəfdən, Nardaranda ünvanlı sosial yardıma ehtiyacı olan insanları qeydə almaq lazımdır. Bu oradakı aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərə bilər. Başqa bir tərəfdən, bir zamanlar Nardaran qəsəbəsi gülçülüyə görə öndə gedirdi. Keçmiş ittifaq respublikalarının gülə olan tələbatını təmin edirdi. Fikrimcə, bu istiqamətdə iş aparılmalıdır. Bu sahədə dönüş yaratmaq mümkün olsa, o zaman qəsəbə sakinlərinin sosial-iqtisadi vəziyyəti yaxşılaşacaq. Qəsəbə sakinlərinin cəmiyyətə inteqrasiya olunmasını istəyiriksə, birinci növbədə, orada mövcud olan sosial problemlər sürətlə həll olunmalıdır". Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev bildirib ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramları müəyyən səbəblərdən Nardaranda həyata keçirilməyib. Yalnız bir neçə il öncə qəsəbənin bəzi yolları asfaltlaşdırılıb:"Azərbaycanda ilk bələdiyyə seçkisi 1999-cu ildə baş tutub. Nardaranda isə ilk bələdiyyə seçkisi 2009-cu ildə keçirildi. Bir qəsəbəninki özünü idarəetmə strukturu yoxdursa, onun sosial-iqtisadi problemləri necə həll oluna bilərdi. Ona görə də bu və digər səbəblər üzündən Nardaran qəsəbəsi diqqətdən kənarda qalıb. Bu da bəzi xarici ölkələrin qəsəbəyə nüfuzuna təkan verib. Onun sözlərinə görə, məlum Nardaran hadisələrindən sonra hökumətin qəsəbənin sosial-iqtisadi inkişafı üçün layihələrin həyata keçirilməsi təqdirəlayiqdir: "Nardaran Bakının qəsəbələrindən biridir. Orada yaşayanlar Azərbaycan vətəndaşlarıdır və Konstitusiyamız çərçivəsində hüquqları qorunur. Bu qəsəbənin də çiçəklənməsi, inkişafı, abadlaşdırılması vacib olan şərtlərdən biridir. Bilirsiniz ki, Nardaranda bir çox məşğuliyyət növləri və adət-ənənələr indiyədək qorunub saxlanılır. Ta qədimlərdən nardaranlıların əsas məşğuliyyəti balıqçılıq, əkinçilik, gülçülük olub. Amma son illər kəndə verilən təbii qazın azaldılması istixanaların sıradan çıxmasına səbəb olub ki, bu da gülçülüyü tənəzzülə uğradıb. Ümid edirəm ki, hökumətin qəsəbənin sosial-iqtisadi problemlərin həllini diqqətə alması mərkəzlə Nardaran arasında bir istilik yaradacaq. Qəsəbənin əsas problemlərindən biri də işsizlikdir. 8 mindən çox insanın yaşadığı Nardaranda işsizlərin sayı da az deyil. Qəsəbədə yeni iş yerləri açılmalıdır, fabrik və zavodlar, istehsalat müəssisələri yaradılmalıdır. Nardaranlıları mərkəzə birləşdirən yollar salınmalıdır. Bu yollar onların düşüncələrindən, beyinlərindən keçməlidir. Əgər bu yolun təməli möhkəm olarsa, o zaman Nardarandan nigaran qalmarıq və nardaranlılar da dövlətin, hökumətin onlara qayğısını daha dərindən hiss edəcəklər. 


Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31