Operativ qərargahdan son məlumat: “Hələ heç bir nəticə yoxdur”

"Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb".

Bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. Axtarış tədbirləri yalnız gəmilərlə aparılır, hava işıqlanan kimi, helikopterlər də axtarış tədbirlərinə qoşulacaqlar" - deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi dənizdəki qərargah 5 nömrəli platformadan "Nefteqaz-62" gəmisinə köçürülüb: "Qərargah 10-cu özülə nisbətən də yaxınlaşıb. Artıq dizel generatoru vasitəsilə 10-cu özülün müəyyən hissəsinə enerji vermək mümkün olub. Orada projektorlar qurulub, təmir briqadaları işlərin böyük hissəsini görüblər. Paralel olaraq qonşu özüllərdə xüsusi tərtibatların hazırlanması işləri gedir. Yanğının söndürülməsi prosesi platformanın üzərində aparılacaq. SOCAR prezidentinin göstərişinə əsasən, sabah günün birinci yarısı qərargah özülün üzərinə köçürüləcək".

O, qeyd edib ki, hazırda yanğının söndürülməsi prosesində 5 gəmi iştirak edir (APA).

*   *   *17:36

SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın sabahadək söndürüləcək.

Bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov faciə ilə bağlı təşkil olunan operativ brifinqdə bildirib.

"Saat 17:00-a olan məlumata görə, bütün cəhdlərə baxmayaraq itkin düşən 29 nəfəri tapmaq mümkün olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin və "Gənclik" İdarəsinin gəmiləri və vertolyotları axtarışları davam etdirir" - deyə o bildirib.

Baş mühəndis bildirib ki, platformada yanğının söndürülməsi üçün əlavə qüvvələr cəlb olunub. "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmi sahəyə gətirilib.

"Gəminin üzərinə əlavə texnika qurulub. Artıq mütəxəssislərimiz özülün üzərinə qalxa bilib və hadisəni qiymətləndirirlər. Bundan başqa, müvafiq iş planı hazırlanıb. Texnika yüksək təzyiqli su ilə təmin olunur. Bu gecə və ya sabaha qədər yanğını söndürmək mümkün olacaq" - deyə o qeyd edib.

"Günəşli" yatağındakı digər neft quyularında işlər davam edir, sadəcə 10-cu özüldə işlər dayandırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir".

Bunu APA-ya açıqlamasında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.

O bildirib ki, yanğın söndürülən kimi özüldə bərpa işlərinə başlanılacaq: "SOCAR-ın prezidenti Rövnəq Abdullayev indi hadisə yerindədir. Yanğın söndürüləndən sonra bərpa işlərinə başlanılacaq. Bərpa işləri yekunlaşandan sonra quyular istifadəyə veriləcək. Orada 26 neft quyusu, 4 qaz kondensantı var".

O qeyd edib ki, dəymiş ziyan hasil olunmayan neft və qazdır: "Bu da ziyan deyil, çünki çıxarılmayan neft və qazdır".

*   *   *13:59

Etibar Mirzəyevin sözlərinə görə, qəza baş verən platformadan 40 km aralıda helikopter tərəfindən neftçilərə məxsus olduğu güman edilən əşyalar aşkarlanıb: "Ora FHN işçiləri göndərilib. Dənizdə olan bütün gəmilər itkin düşənlərlə bağlı məlumatlandırılıb".

*   *   *13:47

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kömək təklifinə cavab verib.

Virtualaz.org saytının mətbuat konfransında iştirak edən müxbiri xəbər verir ki, Yusifzadə Azərbaycanın yanğını öz gücünə söndürmək imkanında olduğunu bildirib: "Heç kimdən kömək istəməyəcəyik. Problemi öz qüvvəmizlə həll etmək imkanımız, yanğını söndürmək gücümüz var".

Hadisənin təxribat olması ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirən X.Yüsifzadə bu versiyanın həqiqətə uyğun olmadığını deyib: "Burada bir təxribat görmürəm. Təxribat olarsa, platformaya nəsə yerləşdirərdilər. Burada kəmər partlayıb. Dalğanın və küləyin gücü qaz kəmərini tərpədib və sındırıb. Hər şey ola bilər, ancaq mən təxribat versiyasına inanmıram".

"Günəşli" yatağının 10-ci dərin dəniz özülündə baş verən hadisə nəticəsində həlak olan şəxsin adı da mətbuat konfransında açıqlanıb. Ölən şəxs Həsənov Zaur Vahid oğludur. Onun meyiti artıq ailəsinə verilib.  

SOCAR-ın digər vitse-prezidenti Xaliq Məmmədov itkin düşənlərin axtarış işləri ilə bağlı məlumat verib. Onun sözlərinə görə hazırda Sərhəd Qoşunlarının 7, FHN-in isə 4 helikopteti itkin düşənlərin axtarışlarını davam etdirir: "Baş nazir Artur Rasiadə SOCAR-a gəlib, hesabatı dinləyib. Qazaxıstan, İran və Rusiya sərhəd qoşunlarından xahiş olunub ki, itkin düşənlərin axtraşına qoşulsunlar, çünki onların ərazisinə keçmiş ola bilərlər".

Xaliq Məmmədov platformada 4 qayığın olduğunu, onlardan ikisindən istifadə edildiyini söylədi: "İşçilər qaydaya uyğun davranıblar. Dalğa güclü olduğundan onlar suya düşə bilməyib. Yanğına görə də platformada, yuxarıda qala bilməyiblər. O biri qayığı isə külək platformanın ayaqlarının arasına sıxmışdı. Elə bil ora əllə qoymuşdun.

Rövnəq Abdullayev vertolyotun pilotuna dedi ki, en aşağı. Pilot da dedi canımdan bezməmişəm, iki uşağım var, yanğın imkan vermir, riskdir. Enmədi. Digər qayığın sağ çıxması isə Allah möcüzəsi idi".

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev xilasetmə işləri barədə məlumat verib bildirdi ki, hava şəraitinin kəskin pis olması helikopterin platformaya oturmasına və xilasedici gəmilərin ora yaxınlaşmasına imkan verməyib: "4 helikopter və şəxsi heyət 29 nəfərin axtarış işlərini aparır. Hazırda yanğının söndürülməsi işləri də davam etdirilir".

*   *   *13:28

"Həmin gün çox güclü külək əsirdi. Küləkli hava uzun müddət davam edib - təxminən 27 saat. Bu da dalğaların hündürlüyünü artırıb. Qaz quyularından 10-cu platformaya gələn kəmər dalğanın gücünə davam gətirməyərək partlayıb".

Virtualaz.org saytı xəbər verir ki, bunu hazırda mətbuat konfransı keçirən SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

"Günəşli" platformasındakı yanğının səbəblərini izah edən X.Yusifzadənin sözlərinə görə, həmin qaz kəmərinin partlaması da yanğına səbəb olub: "İşıqlar sönüb və adamlar özlərini itirib. Bununla belə neftçilər yenə də təlimata uyğun olaraq öz işlərini görüblər. Qayıqlardan istifadə edib azad olublar. Qayıqların birində 26, digərində 32 adam olub. Onlar gələn xilasedici qayıqları gözləsələr də dalğanın hündürlüyü xiladedicilərin yaxınlaşmasına imkan verməyib".

X.Yusifzadə qeyd etdi ki, axşam saat 22:30 radələrində qayıqlardan biri dənizə düşüb və partlayıb. Onun içindəki insanlar isə dənizə düşüb. Onların qoruyucu jiletləri olsa da gecə onları görüb xilas etmək çətin olub və yalnız 3-nü xilas ediblər, qalanların axtarışı davam edir. Digər qayıqdakıların hamısı isə xilas olub.

"Dövlər Neft Şirkəti əlindən gələni edir. Hazırda SOCAR prezidenti Rövnəq Abdullayev də hadisə yerindədir" - deyə Xoşbəxt Yusifzadə əlavə edib.

Hazırda 29 nəfərin itkin sayıldığını və onların tapılması istiqamətində bütün tədbirlərin görüldüyünü deyən Yusifzadə əlavə edib ki, "Günəşli" platforması 1984-cü ildə tikilib və istismar müddəti 50 ildir: "Hazırda orada işlək vəziyyətdə 28 quyu var. Onların 24-ü neft quyusudur, digərləri isə qaz quyusu. Biz o platformadan gün ərzində 1 milyon 80 min kubmetr qaz, 900 ton neft alırıq. Yanğın başlayan kimi qaz gələn kəmərlər bağlandı. Yanan qaz kəmərin içində qalan qaz idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31