Nardaranda vəziyyət yenə gərginləşir

Qəsəbəyə avtobuslarla polislər və zirehli texnika aparılıb

Bu gün səhər saatlarından etibarən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

Məlumata görə, Nardaranda sakinləri kənd istiqamətinə gedən avtomobil yolunu bağlamağa cəhd edibilər. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, onlar Nardaran hadisələri zamanı ölən qəsəbə sakinlərinin meyitlərinin qaytarılmasını tələb ediblər.

Hadisə yerinə paytaxtın bir sıra polis idarələrinin əməkdaşları, eləcə də zirehli texnika cəlb olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən ANS PRESS-ə bildirilib ki, yaxın saatlarda əlavə məlumat yayılacaq.

ANS PRESS xatırladır ki, noyabrın 26-da Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. İnsident zamanı ölən və yaralananlar olub. Hadisədən sonra Azərbaycan respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu məsələ ilə bağlı məlumat yayıb.

Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar.

Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.

Noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib. 2 əməkdaş qəhrəmancasına həlak olub.
Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31