Qasım Məmmədov Xırdalan sakinlərini soğan qabığı kimi soyub - PROBLEM

Ələkbər Məmmədov: “Fuad LTD” MMC-nın rəhbəri vətəndaşlardan pullarını alsa da evlərini də tikdirmək istəmir!”

Oktyabrın 11-də hüquq müdafiəçisi Ələkbər Məmmədovun təşkilatçılığı ilə "Fuad LTD" MMC tikinti şirkətinin rəhbəri Qasım Məmmədov tərəfindən aldadılmış vətəndaşların hüquqlarının müdafiəsi ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbirdə Məmmədovun əməllərindən şikayət edən Xırdalan şəhər sakinləri də iştirak edib. Məsələ ilə bağlı lazımi orqanlara müraciət etmələrinə baxmayaraq problemin hələ də həllini tapmadığını bildirən Ələkbər Məmmədovun sözlərinə görə: "Hətta, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zaur Fərəcov da Qasım Məmmədovun əməllərinə görə həbs olunmasına tərəfdardır. "Fuad LTD" MMC-nin rəhbəri Qasım Məmmədov vətəndaşlardan pulu yığsa da evlərini də tikdirmək istəmir. Buna görə də Məmmədov cinayət əməllərinə görə hələ həbs olunmur, azadlıqda gəzir. Məhz, Abşeron rayon İcra Hakimiyyətinin bəzi əməkdaşları Qasım Məmmədovun həbs olunmasının əleyhinədirlər. Həmin şəxslər iddia edirlər ki, Məmmədov həbs olunmadan məsələ həllini tapsın. Qasım Məmmədov sakinləri daha bir yolla aldatmaq üçün yeni müqavilələr hazırlayıb. MMC rəhbəri ərazidə tikinti işləri getməyə-getməyə sakinlərdən külli-miqdarda pul mənimsəyib. Bununla bağlı Abşeron RİH öz hesabından 100 min manat pul ayırmışdı. Lakin yenə də tikinti işləri tamamilə dayandırıldı. Qasım Məmmədov tikinti işlərini qəsdən saxlayıb ki, binanın inşasını Abşeron İH özü həyata keçirsin. Hətta, Qasım Məmmədov həmin binalardakı evləri başqa şirkətə 2 milyon manata satıb. Bununla bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişik. İdarənin əməkdaşı Rafael Süleymanov məsələ ilə bağlı bəzi şəxsləri ortaya çıxarsa da Qasım Məmmədov yenə də ittiham edilmədi!" Sakinlərin iddialarına görə 2008-ci ildən bu yana binada tikinti işləri tamamilə dayandırılıb. Abşeron rayon İcra hakimiyyəti tərəfindən Təşkilat Komissiyası yaradılsa da inşa hələ də həyat keçirilmir. Şikayətçilərin sözlərinə görə Qasım Məmmədovun siyahısında binada ev almaq hüququ olan 330 nəfər var. Lakin, Məmmədovun İcra Hakimiyyətinə təqdim etdiyi siyahıda isə 267 nəfər qeyd olunub. Mənzillərin çoxu da ayrı-ayrı şəxslərə satılıb ki, həmin mənzillərin pulları da əvvəlcədən Xırdalan sakinləri tərəfindən Qasım Məmmədova ödənilib. İnşa sahəsində olan bəzi tikinti materialları da oğurlanıb satılıb. Çoxlu sayda ittihamlar və telefon zənglərindən bezən Qasım Məmmədov uzun müddət aralıqda görünməyib. Məmmədovu məhkəməyə vermək ərəfəsində isə ortaya çıxıb. Yenə də yalançı vədlərlə vətəndaşları aldadıb. Məmmədov xarici ölkədə olan banklardan 14 milyon dollar alacağını bildirib. Məmmədovun burada güddüyü əsas məqsəd işin məhkəməyə qədər uzanmasından qorxub. Lakin, sakinlər tərəfindən pulları qanunsuz olaraq mənimsəməkdə ittiham edilən Qasım Məmmədovun cavabı: "Məni heç kəs həbs edə bilməz. Mən pulları bəzi dövlət məmurları ilə birlikdə yemişəm. Burada tək mən günahkar deyiləm!" Qasım Məmmədov Xırdalan sakinlərindən mənimsədiyi pullar hesabına xırdalanlıların iddialarına görə qardaşına 4 ədəd "Mercedes", 2 ədəd "Lexus" və Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Şamaxı rayonunda torpaq sahələri alaraq ev tikdirib. Qasım Məmmədov 2008-ci ilə qədər tikilməmiş evlərdən 4 112 000 manat və yarımçıq qalmış binanın 3 blokunda olan mənzillərdən 4 250 min manat pul məniməsyib. 2008-ci ildə isə Qasım Məmmədov satdığı mənzillərdən 5 milyon 12 min 250 min manat pul götürüb. Qasım Məmmədovun məniməsdiyi pulların həcmi 10 milyon manat həcmindədir. Qasım Məmmədovun "Fuad LTD" MMC şirkəti ilə "Kamran" MMC tikinti şirkətinin adı hallanır. Məhz, Qasım Məmmədovun binadan bəzi hissələri 2 milyon manat dəyərində həmin şirkətə satdığı iddia edilir.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31